Sumqayıtın icra başçısı şəhərdə yeraltı keçid tikməyə başlayır; “Layihə” Zaman Isgəndərovun obyektini “yeyə” bilər
Sumqayıtın icra başçısı Eldar Əzizov növbəti proyektə imza atıb. “AzeriNews.org”a daxil olan məlumatlara görə, Eldar Əzizov şəhərdə yeraltı keçidlərin tikintisini planlaşdırır. Hətta icra başçısı bu barədə Sumqayıt Memarlıq və Şəhərsalma Idarəsinə tapşırıqlar da verib.
Eldar Əzizovun planına əsasən yeraltı keçidlər şəhərin “Sülh” küçəsi və bir neçə mikrorayonlarında nəzərdə tutulub. Həmçinin “Cavid” Ticarət Mərkəzinin ərazisində də yeraltı keçid tikilməsi planlaşdırılır. Icra başçısı “keçid proyekti”ni sahibkarların hesabına həyata keçirmək istəyir.
Bu arada bildirək ki, “Cavid” Ticarət Mərkəzi Sumqayıtda “univermaq Zaman” kimi tanınan sahibkar Zaman Isgəndərova məxsusdur. Bir vaxtlar “Cavid” Ticarət Mərkəzinin yerində avtomobil dayanacağı olub. Sonradan Zaman Isgəndərov univermağın ətrafını, o cümlədən həmin dayanacağı zəbt edərək yerində “Cavid” Ticarət Mərkəzini inşa etdirib. Eldar Əzizov isə Sumqayıta icra başçısı gəldiyi gündən həmin ərazinin dayanacaq olması məsələsini gündəmə gətirib. Icra başçısı bildirib ki, ticarət mərkəzi sökülməli dayanacaq bərpa edilməlidir. Görünür, Eldar Əzizov “Cavid”in söküntüsünə keçid tikintisindən başlamaq istəyir.