Dilin bəlası

Hə, təəccüblənmək üçün əsas yetərincədir. 21 il müstəqillikdən sonra Ukrayna elə bir iş çıxardı ki, adam bunun məntiqi motivlərini başa düşməkdə acizlik çəkir. Yox, mən demirəm ki, bu, “Əlvida, müstəqillik!” deməkdir. Yox, bunu bu dərəcədə yozmaq düzgün olmazdı, çünki dünyada bir neçə dilin istifadə olunduğu ölkələr var və onlar müstəqildir, heç kim də onların müstəqilliyini əlindən almayıb. Lakin rus dilini ikinci dövlət dili elan etməyin həm də ciddi psixoloji fəsadları ola bilər. Ukrayna şərqdən və qərbdən ibarətdir. Ölkənin qərbində müstəqillik ab-havası həmişə yüksək olub, şərqində isə rusofiliya hökm sürüb. Iki kəsim arasında mədəni fərqlər olub. Indi belə bir qanunun  qəbulu bu fərqləri bir az da artıra bilər.
Rus dilinə münasibət özündə böyük bir problem ehtiva edir. Bu dildə təhsil almış adam kimi, mən onu heç də danmaq istəmirəm, sözsüz ki, rus mədəniyyəti böyükdür. Amma daha bu dil əvvəlki rolunu itirib. O, bəzi xalqlar üçün dünya mədəniyyətinə giriş kimi istifadə olunmur. Elə Rusiya mədəniyyətinin özü də daha əvvəlki yüksəklik həddində deyil. Bu dil, olsa-olsa, regional dil ola bilər.
Bizdə də bəzən çox qəribə fikirlər səslənir. Bir dəfə telekanalların birində bir nəfər hətta dedi ki, bütün elita rus dilində danışır. Mənim rus dilini bildiklərinə görə özlərini bu biçimdə – elita qismində görən adamlara, sadəcə, gülməyim gəlir. Əvvəllər o qədər belə hallara rast gəlmişik ki… O vaxt bəlkə də bunun bir bəraəti var idi. Amma indi bu, gülünc görünür.
Ümumiyyətlə, dil bilmək hələ heç nə demək deyil. Dünyada fəhlələr var ki, çox ölkələrdə çalışdıqlarından çox da dil bilir və bununla heç öyünmürlər də. Dil sadəcə, açardır. Sən bu açarla böyük bir xəzinənin qapısını aça da bilərsən, açmaya da. Elə insanlar var ki, ömürləri boyu bu açardan istifadə etmirlər. Bu cür hallara azmı rast gəlmişik?
Mənim bu mövzu ilə bağlı iradlarım bu qədər. Amma bir sözüm qaldı. Keçmiş sovet ölkələrinin hamısında bilirlər ki, milli valyuta digər xarici valyutalarla yarışa hazır deyil, zəifdir. Bunun üçün həmin ölkələr nə edir? Bəli, çalışırlar ki, onu qorusunlar. Dil də belədir. Bəs onu niyə qorumurlar? Bu, mənə aydın deyil.
Ümumiyyətlə, bəzi keçmiş sovet ölkələrində çox şey aydın deyil. Mənə belə gəlir ki, bu, məqsəd aydınlığının olmaması ilə bağlıdır. Hə, məqsəd aydınlığı yoxdur, illüziyalar, tərəddüdlər çoxdur. Bəzi xalqlar hələ də inana bilmirlər ki, onlar artıq asılı deyillər, müstəqildirlər. Hətta biləndə də buna müvəqqəti hal kimi baxırlar, daim tərəddüdlərlə yaşayırlar. Tərəddüd isə həmişə geriyə dartır, addımı inamla atmağa imkan vermir, gələcək planlar qurmağa, daim gələcəklə yaşamağa mane olur. Bəs buna nə deyək? Ağlın bəlasımı?
H.V.Rompuy gəldi və getdi…
Əgər mən bilsəydim ki, Avropanın Azərbaycana marağının mayasında təkcə neft və qaz dayanır, çox məyus olardım. Bəlkə də elə belə də var. Lakin mən özümü inandırmağa və başqalarına təlqin etməyə çalışıram ki, yox, elə deyil, bizə təkcə neftə və qaza görə maraq göstərmirlər. Avropa Birliyi Şurasının prezidenti Bakıda qısa səfərdə olarkən mən yalnız bu haqda düşünürdüm. Hə, Avropa çox israrlı görünür. Amma mən assosiativ müqavilə ilə bağlı bir yəqinlik və əminlik əldə edə bilmədim. Bizim hakimiyyət o məsələni yubadır…
Maraqlıdır, Bakıda olan NATO təmsilçisi də Azərbaycanın Alyansa üzvlük məsələsinə o dərəcədə aydınlıq gətirdi ki, mənim üçün daha qaranlıq bir məsələ qalmadı. O dedi ki, Azərbaycan üzvlük məsələsinə o qədər də maraq göstərmir. Bəli, bunların “qırmızı sərhəd”i var, söhbət həqiqi islahatlardan gedəndə dərhal “dayan!” deyirlər və başlayırlar müxtəlif bəhanələrlə danışıqları uzatmağa… Hamı ilə belədir: Avropa Birliyi ilə də, NATO ilə də, Ümumdünya Ticarət Təşkilatı, yəni ÜTT ilə də! Adamı bəzən elə ümidsizlik bürüyür ki, bilmirsən, nə edəsən! Bu ölkə sanki bunların şəxsi mülkiyyətidir, necə istəyirlər, elə də hərəkət edirlər və heç kimi də eşitmirlər. Bu durumun nə qədər çəkəcəyi isə hələ məlum və aydın deyil. Hamımız da müddətsiz dustaqlara bənzəyirik və ömrümüz sanki girovluqda keçir…