Diktatorun diktatorları

Prinsipcə fərdlərin davranışında, danışığındakı yaramazlıqların kollektivə birbaşa aidiyyəti olmamalıdır. Yəni ayrıcalığı çoxluqla qarışdırmaq doğru deyil. Amma söhbət rəhbər fərdlərdən, cəmiyyətə, topluma təsir, yönəltmək imkanları olanlardan gedirsə, burda istər-istəməz ümumiləşmə yaranır. Ictimai televiziyada olduğu kimi.
Son həftədə Milli məclisin deputatı Fəzail Ağamalı ilə keçmiş deputat, indiki telekanal rəhbəri Ismayıl Ömərov arasında gedən söz atışması göstərdi ki, fərdlər layiq olmadığı kürsüyə qaldırılanda sonacan susmaq, susdurmaq olmur. Azından söhbət uzandıqca gedib tikinti biznesindəki 26 milyon dollar borca dirənir. Fəzail Ağamalı xırdalamayıb, mən də dərinə getmirəm. Amma ötəri açıqlama verim: Ismayıl Ömərov Ictimaiyə direktor təyin olunan kimi birinci işi tikinti biznesini genişləndirmək oldu. Onacan mağazalar şəbəkəsi, şadlıq evləri, məişət obyektləri vardı. Sonra o da hamı kimi hündürmərtəbəli evlər tikdirməyə başladı. Tikintini qardaşı Ələsgərə tapşırmıpşdı. Bir neçə bina tikilib təhvil verildi. Bir neçəsi isə yarımçıq qaldı. Vətəndaşlardan yığılan, banklardan alınan külli miqdarda pul “yoxa çıxdı”. Ömərovun yaşca özündən kiçik qardaşı Ələsgərin ürəyi gərginliyə dözmədi, o, qəflətən dünyasını dəyişdi. Bütün borclar Ismayıl Ömərovun boynunda qaldı. Fəzail Ağamalı bu borca işarə vurur.

Fəzail Ağamalı hətta Stalini yada saldı

Başlayaq Milli Məclisdən başlayıb mediada qızışan (medianın qızışdırdığı da yazmaq olar) savaşın səbəblərindən, yaranmasından. Bu savaşın müəllifi Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalıdır. Dediklərində yalana çıxarıla biləcək heç nə yoxdur. Fəzail müəllim Ismayıl müəllimin iddia etdiyi kimi Azərbaycan dilini bilməyərəkdən yox, məhz yaxşı bildiyindən ITV direktoru barədə “diktator”dur dedi. Sadəcə, Fəzail müəllim burda “o biri telekanallarda olduğu kimi” əlavəsini etməliydi. ITV rəhbərinə aid edilən “diktatura, diktator” sözü televiziya rəhbərlərinin hər birinə aiddir. Əsas imperiya sayılan AzTV-dən başlamış sonuncu yenilənən ATV-yəcən. Belə idarəçilik Azərbaycanın bütün dövlət və özəl qurumlarına, hətta Vətəndaş Cəmiyyəti adı verdiyimiz bir çox Qeyri-Hökumət Təşkilatlarına da aiddir. Nazirlər, komitə sədrləri, müdirlər, rəislər, icra başçıları, prokurorlar, daha kimlər, kimlər öz əhatə dairələrində diktatordurlar. Bütövlükdə ölkə diktatura qaydaları ilə idarə olunur. Vəzifə başına keçən hər kəs olar-olmaz səlahiyyətləri əlində cəmləyir və xəbərçilərin, yalançıların, yaltaqların dəstəyi ilə adamların gözünü qorxutmaqla mümkün qədər hakimiyyətinin ömrünü uzadır. Elə isə nədən ITV direktoru Ismayıl Ömərov bu idarəçilikdən qıraqda qalmalıdır? Və o necə qıraqda qala bilər? Arxada şərə qulluqda keçən 30-40 illik tarix var. O tarix adamın canına Əzrayıl kimi daraşar, cınqırını çıxarmağa qoymaz. Sonrası, Ismayıl müəllim bu rejimi qurduğu bir il deyil, iki il deyil, düz yeddi ildir. Ilk illərdə mətbutada Ictimai televiziyanın məhz Ömərova bağışlanmasına qarşı təpkilər vardı( yeri gəlmişkən o zaman Azər Həsrət antiömərovçuların başında duranlardandı), sonra ara səngidi. Kimlərsə yazmaqdan yoruldu, kimlərisə yazmaqdan çəkindirdilər, kimlərin də yazdığını çap eləməyə ITV direktorunun əlaqələri mane oldu. Analitik proqramlar departamentinin rəhbəri Anar Yusifoğlunun araçılığı ilə əksər mətbuat orqanları ITV-ni tənqidə son qoydular. Görünür, şərtlər ağır olub. Yaranan durğunluğun içində deputat Fəzail Ağamalının sərt reaksiyası ayrıca maraq doğurur. Fəzail müəllim qabaqlar verilişlərə çağrılırdı, narazı deyildi. Daha çağrılmır deyə “diktatura” məsələsi yadına düşüb. Amma yaxşı ki, düşüb. Yoxsa ITV rəhbəri bunca biabır olmayacaqdı.

Deputatlar qruplaşdı

Yoxsa onun kimi çoxları telekanal rəhbərlərinin televiziyadan yalnız qazanc mənbəyi və kürsüsünü qorumaq üçün təbliğat vasitəsi olaraq istifadə etdiyini bilməyəcəkdi. Fəzail Ağamalı vaxtaşırı verilişlərə çağırıldıqları, bu yolla özlərinə işgüzar imic yarada bildikləri üçün Ömərovu tərifləmək zorunda qalan məclis yoldaşlarını bizim qədər tanımayacaqdı. Qənirə Paşayeva, Zahid Oruc, Fəzail Ibrahimli, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Aqil Abbas, adları adlara qoşulan Azər Həsrət, Sahib Məmmədov – seçimin gözəlliyinə bax; aralarında cibində YAP-ın vəsiqəsi gəzdirən bircəsi belə yox. Onları “ictimai-siyasi şəxslər” adlandırırlar. Super. Ictimai-siyasi şəxslər Ictimai televiziyanı alqışlayırlar. “Onlar xalqın səsidir”. Full! Nəhayət, Fəzail müəllimi daha çox yandırıb-yaxan YAP-çı Aydın Mirzəzadə. Adam baltanı kökündən vurdu. Deməzsənmi, Aydın müəllim Fəzail müəllimin düşməniymiş. Bu deputatlar cəmiyyətin, ictimaiyyətin maraqlarına çox fərqli prizmadan yanaşırlar. Ortada “MƏN” anlayışı var – deputatı millət vəkili olmağa qoymur.
Qənirə Paşayeva: “Bu gün ITV Azərbaycanın televiziya məkanında ən yaxşılarından biri olmaqla, qısa zaman ərzində cəmiyyətin etimadını qazana bilib. ITV-ni tənqid etmək olar, amma ona qarşı haqsız, ədalətsiz iddialar irəli sürmək qəbuledilməzdir”.
Zahid Oruc: “”Eurovision” məsələsi mənə elə gəlir ki, bu televiziyanın Beynəlxalq brendi sayıla bilər. Bu mənada Azərbaycanın birinci xanımı ölkədə çox böyük mədəni, humanitar aksiyaların missiyanın müəllifi olan Mehriban Əliyevanın rəhbərliyi ilə birgə bu prosesin irəliyə aparılmasında və Azərbaycanın Beynəlxalq mədəni, incəsənət mühitündə tanınmasında və çox fəal mövqe tutmasında bu Televiziyanın da birmənalı rolunu hər kəs qeyd etməlidir”.
Fəzail Ibrahimli: “Ictimai televiziya haqqında mənə elə gəlir ki, hər bir fərdin özünəməxsus fikri ola bilər, hər bir kəs fikir söyləyə bilər. Ancaq bu fikrin ədalətli olması onun həqiqətə söykənməsində özünü göstərir. Həqiqət də Ictimai Televiziyanın yanındadır”.
Qüdrət Həsənquliyev: “Ictimai Televiziya haqqında Milli Məclisdə səsləndirilən tənqidi fikirlər əsassız və qərəzlidir. Ictimai Televiziya cəmiyyəti lazımi informasiyalarla təmin edir, qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirir”.
Fərəc Quliyev:  “Ictimai Televiziya Azərbaycan teleməkanında ən sanballı və demokratik bir institutdur. Milli Məclisdə ITV-nin ünvanına səsləndirilən tənqidlər həqiqətə uyğun deyil və bununla heç cür razılaşmaq olmaz.  Hesab edirəm ki, Ictimai Televiziyanın rəhbərliyi və onun kollektivi gerçəkdən öz dövlətini, xalqını sevən insanlardır və onların işini ancaq yüksək qiymətləndirmək olar”.
Aqil Abbas: “Fəzail Ağamalı Ictimai Televiziyaya qarşı mövqeyində haqsız idi. Görünür, Fəzail müəllim Ictimai Televiziyaya baxmır. Ictimai Televiziya bu dəqiqə Azərbaycanın ən aparıcı kanalıdır. Azərbaycan parlamentinin fəaliyyətini ən çox işıqlandıran kanal Ictimai Televiziyadır”.
Bu fikirlərdə Ictimai sözü AzTV ilə əvəzlənsə, heç nə dəyişməyəcək. Çünki bu adamlar eyni sözləri bütün kanallar barədə deyirlər. Belə, Fəzail müəllim. Bu ölkəni diktatorlara bağışlayan sizsiniz, həmkarlarınızdır. Indi nədən Ismayıl Ömərovu “qaraladınız”, tez də geri çəkildiniz? Çünki bilirsiz ki, Avropa Şurasının tələbilə yaranan Ictimai televiziyada diktaura yaratdığına görə günah Ömərovda deyil, onu o vəzifəyə təyin edəndədir.
Balans xatirinə Fəzail Ağamalıdan da sitat gətirək: “Ismayıl Ömərovun xüsusi tapşırığı ilə ”Analitik” verilişin aparıcısı Anar telefon vasitəsi ilə millət vəkillərinə, cəmiyyətdə tanınan ayrı-ayrı insanlara müraciət edərək nəinki onların Ictimai Televiziya haqqında fikirlərini öyrənməyə çalışır və KIV-ə ötürür, eyni zamanda mənə qarşı böhtan dolu çirkin kampaniya aparılır. Və bu çirkin kampaniyaya boyu qədər sözünün çəkisi olan Aydın Mirzəzadə kimi adamlar da qoşulur. Ismayıl Ömərovun fəaliyyətini yüksək qiymətləndirən həmkarlarıma təklif etmək istərdim ki, onun “Nobel”ə namizədliyini irəli sürsünlər. ITV-də Ismayıl Ömərovu Stalin adlandırırlar. Bu adı o qazanıb. Tənqidi fikirlərə anlaşıqlı yanaşmaq əvəzinə, insanların arxasında gizlənərək, yaratdığı barrikadadan mənə qarşı bütün silahlardan atəş açmağın bir adı var: Dözümsüzlük və özündən müştəbehlik! Vəssalam!”
Hər hansı niyyətlə olsa da “Nobel” məsələsini nahaq gündəmə gətirdiniz, Fəzail müəllim. Dəlinin yadına daş saldınız. Ismayıl müəllim acığa düşcə, həmkarlarınız Allahlarından dönüb arzunuzu gerçəkləşdirsələr bunun bütün günahı sizin boynunuzda qalacaq. Bilin! Vəssalam!

Söz ardı

Milli serial böhranı yaşayan telekanalların nəzərinə: Azərbaycan Respublikasının Milli Məclisi münbit ssenari mənbəyidir. Çünki Milli Məclisdə siyasətdən danışan çoxlu həvəskar deputat var ki, eyni zamanda həvəskar şair, həvəskar bəstəkar, həvəskar yazıçı, həvəskar jurnalist, həvəskar alim, həvəskar rejissor, həvəskar aktyor və sairdir. Dünya kinosu indiyəcən bu mövzuya müraciət etməyib. Birinci olmaq imkanı var. Irəli düşən mütləq qazanacaq. Xatırlatmamız Ictimai tv-yə də aiddir. Şəxsən Anar Yusifoğluna. Eşitdiyimə görə, təzəlikcə mahnı biznesinə başlayıb. Serialsa daha sərfəlidir. Bu yerdə: daha bir deputat da şair oldu, gözünüz aydın: Eldar Allahyaroğlu (Quliyev). Eldar müəllimin yaradıcılığından kiçik nümunə; əlbəttə ki, şərhsiz.
Salam sənə, anam mənim
Söz vermişdin tez gələrsən
Bir az mənləÿ dincələrsən
Hey gözlədim sən gəlmədin
Daha mənlə əylənmədin
Xəbər tutdum sən getmisən
Bu dünyanı tərk etmisən
Nə tez getdin, anam mənim?

Sənubər Ismayılqızı