Yerli əhali becərdiyi məhsulu sata bilmir; onlar kartofu orduya hədiyyə etmək istəyir
Mirzə Ələkbər Sabir “Lağ-lağ danışıb başlama fəryadə, əkinçi” yazırdı. Cəlilabad rayonunun Sabirin adını daşıyan Sabirabad kəndində, həmçinin ona bitişik digər kəndlərdə insanların problemlərini dinlədik. Eşitdiklərimizdən belə məlum oldu ki, Azərbaycan məmurları üçün əkinçinin dərdi hələ də lağlağı predmeti olaraq qalır. Cəlilabadda kartof əkini ilə məşğul olan böyük fermer təsərrüfatları iflicin astanasındadır. Bu iflicdən, hətta yaxınlarda ölüm xəbərləri duysanız, təəccüblənməyin.
Ya intihar edəcəyəm, ya qatil olacağam!
“Kartofun əkini üçün ən az borca girən mənəm. Təkcə azot gübrəsinə 800 manat borcum var. Onu necə qaytaracağam, bilmirəm. Məhsulumuz yerdə qalıb. Bu gün-sabah borc yiyəsi xirtdəyimə çökəcək. Ya onun əlindən mən intihar etməliyəm, ya da vurub onu öldürməliyəm” – bunu üç uşaq atası Tofiq Mahmudov deyir.
Tofiqin sözlərinə görə, min bir məhrumiyyətlə becərdikləri məhsulun qara qəpiyə satılmaması onlara qara günlər vəd edir: “Kartofun bir kilosunu 60 qəpiyə alıb əkmişik. Ona çəkilən xərci hesablasaq, bu kartofun kilosu bizə 1 manata başa gəlir. Indi adam axtarırırq ki 5-6 qəpiyə kartofumuzu sataq”.
Kartof ucuz, rüşvət baha…
Tofiq istisna adamlardan deyil. Cəlilabadlıların demək olar hamısı əkini, eləcə də əkinə göstərilən aqrotexniki qulluğu borcla həll edib. Onların ümidi yetişdirdikləri məhsulun satışına dikilsə də, ümidlər boşa çıxıb. Hazırda Cəlilabadda kartofun kilosu 8-10 qəpikdir.
Böhranın yaranma səbəbini isə yerli əhali ölkədən məhsulun çıxarılmamasıyla əlaqələndirir. Bildirirlər ki, gömrükdə rüşvətin miqdarı qalxıb, üstəlik, Rusiya bazarında da vəziyyət ürəkaçan deyil. Onların məlumatına görə, 20 tonluq məhsulu bizim gömrükdən çıxarmaq üçün 3 min 100 dollarlıq “xərci” də nəzərə almaq lazımdır. Bu böyük əlavə xərc isə təbii olaraq, ixracı “tormozlayır”. Iqtisadi böhranın Rusiyaya təsiri də öz sözünü deyib, buna görə ora aparılan məhsulu da satmaq çətindir.
Bakının bazar və yarmarkaları alınmaz qala kimi…
Daxili bazardan isə danışmağa dəyməz. Əkinçilər “yarmarka” və Bakı bazarlarına girməyin mümkünsüzlüyündən şikayətlənir. Həsənağa Məmmədov adlı sakin deyir ki, 3,5-4 tonluq məhsulu bazarda satmaq üçün 50 manat “yer pulu”, 20 manat isə bazarın polisinə vermək məcburiyyətindədirlər. Bu da hələ son deyil, bazara girmək hələ orada sərbəst ticarət etmək demək deyil. Kəndli məhsulu birbaşa alıcıya yox, dəllala satmaq məcburiyyətindədir. Bu məcburi xidmətə görə isə dəllala da 50 manat ödəmək gərəkir: “Bu qədər xərcin üstünə siz 150 manat yol xərcini, kartofu yığan fəhlələrə verilən 100-150 manatı gələndə yerdə heç nə qalmır. Nə qədər adam olub ki, Bakıya mal aparıb yol pulunu borc tapıb geri qayıdıb”.
Məhsulu orduya pulsuz verməyə hazırıq!
Becərdikləri məhsulun göz dağına çevrildiyini deyən Vüqar Səfərov el məsəlini yada salır: “Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb. Bizimki lap ondandır. Kartofu əkib becərmişik. Indi onu sata bilmirik. Bu məhsulu yerdə qoymaq da olmur. Yer təmizlənməlidir axı…”
Vüqarın yaxşı təklifi var. Cəbhə bölgəsində hərbi xidmətindən danışan həmsöhbətimiz deyir ki, xidmət zamanı onlar acından gicitkan yeyiblər: “Bəlkə də əsgərlərimiz indi də aclıqdan əziyyət çəkir. Biz təmannasız təklif edirik: qoy, gəlib kartoflarımızı yığıb ordumuz üçün aparsınlar. Malımız burada gözümüzün qabağında zay olunca, bilək ki, əsgərimiz yedi, qarnı tox oldu”.
“Kartofla birgə biz də çürüyəcəyik”
Səxavət Məmmədov isə yaranan vəziyyətə görə dövlətin siyasətini qınayır. O bildirir ki, kənd təsərrüfatına qayğının olmaması ucbatından əkinçilər vaxtaşırı bu və başqa problemlərlə üzləşir. S.Məmmədov deyir ki, əkinçilərə kağız üzərində güzəştli gübrələr ayrılsa da, onların dəyəri bazarda açıq satılanlara eyni olur. Bundan başqa, dövlət toplanan məhsulun satışına yardım etmək əvəzinə, buna mane olur; gömrükdə rüşvət problemi, daxili bazarda isə monopoliya ilə kənd təsərrüfatını məhv edir: “Insanlarda hələ də ümid var ki, guya, bazarda dəyişiklik olacaq, qiymətlər normallaşacaq, ancaq bu, boş xülyadır. Təsəvvür etmək çətin deyil ki, 10-15 gündən sonra burada necə vəziyyət yaranacaq. Təkcə kartof məhv birgə olmayacaq, bizim özümüz də onunla məhv olacağıq. Dövlət bu işə baxmalıdır”.
Onların təklifi…
Şikayətçilər vəziyyətdən çıxış yolunun sadə olduğunu deyirlər. Yollardan biri məhsulun xaricə satışına yaradılan süni əngəlləri aradan qaldırmaqdır. Başqa bir təklif isə regionda böyük və normal anbarlar yaratmaqdır ki, məhsulu ora yerləşdirib vaxtsız məhv olmaqdan qorumaq mümkün olsun. Cəlilabad rayonunda bir neçə hərbi hissə var. Əhali bildirir ki, hökumətin səmimi niyyəti olsa, bu hərbi hissələrin kartofla təminatı elə rayonun ixtiyarına verilər və bundan həm dövlət udar, həm də əhali.
“Yolu bağlayacağıq!”
Cəlilabadın Muğan, Maşlıq kəndləri Bakı-Astara yolu üzərində yerləşir. Yuxarıda sadalanan problemlər buradakılar üçün də aktualdır. Onların mövqeyi isə daha sərtdir: “Təcili bizə bir əl tutan olmasa, yığdığımız məhsulun hamısını yollara töküb, həm məhsulu məhv edəcəyik, həm də yolu bağlayacağıq!”
Natiq