Tehran Azərbaycan şairlərini öz casuslarına dəyişməyə çalışır
Iranla Azərbaycan arasında gərginlik davam edir. Artıq rəsmi Bakı Irana 5-ci notanı təqdim edib. Xarici işlər naziri Elmar Məmmədyarov Iran səfiri Məhəmmədbağır Bəhrami ilə görüşündə də bunu xatırladıb. Hətta rəsmi məlumatlardan belə aydın şəkildə sezilir ki, görüş gərgin atmosferdə keçib.
Bu arada isə “Azadlıq”a ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Eurovision” mahnı yarışması ərəfəsində Iranın 4 kəşfiyyatçısını həbs edib. Lakin bu barədə ictimaiyyətə açıqlama verməyə nədənsə ehtiyac duyulmayıb. Iran kəşfiyyatçılarının Bakıda həbsi Tehran rejiminin hiddətinə səbəb olub. Bildirilir ki, Iranda saxlanılan Azərbaycan şairlərinə irəli sürülən ittihamın dəyişməsinin səbəbi də budur. Qeyd edək ki, Iran tərəfi əvvəlcə Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseynə narkotika irəli sürmüşdü. Lakin sonradan iddia olundu ki, şairlər casusdur və guya MTN tərəfindən Irana göndərilib.
Məlumata görə, Iran tərəfi Azərbaycan Xarici Işlər Nazirliyi ilə aparılan danışıqlarda açıq şəkildə bildirib ki, kəşfiyyatçılar azad ediləcəyi təqdirdə şairlər də sərbəst buraxılacaq. Lakin tərəflər hələ ki, ortaq məxrəcə gələ bilməyib. Məlumatı dəqiqləşdirmək üçün MTN-lə əlaqə saxlamaq səylərimiz nəticə vermədi.
Danışıqlarda Iran tərəfinin Azərbaycana qarşı belə bir şərt irəli sürüb-sürmədiyini öyrənmək üçün XIN-lə əlaqə saxladıq. XIN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev onda belə bir məlumatın olmadığını söylədi.
Hikmət