Qanuni oğru Heydər Əliyevin hədəfində

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Bütün SSRI həbsxanalarında və bu məkanın cinayət aləmində, sadəcə, “Batya” kimi tanınan və böyük hörmət sahibi olan Oğru Bəxtiyar Bakıda, həbsxanada öldü. Onun qara ciyəri həyat elementlərinin mübadiləsində iştirakçı olmaqdan imtina etdi. Onu xilas etmək olardımı? Bu sualın cavabı çox çətindir. Ilk növbədə ona görə ki, hər bir kəsin xilası öz əlindədir və “Oğru Bəxtiyarı xilas etmək olardımı?” sualının cavabında bu məntiq daha çox yerinə düşür: Bəxtiyar həbsxanada heroindən öldü! Davamlı olaraq damarlarına heroin vurmaq onun qara ciyərini sıradan çıxardı. Amma Bəxtiyar istəsə, həbsxanaların mərkəzi xəstəxanasına köçürülər, orada heroindən imtina etmək şərtilə müalicəyə başlar və ölməzdi. Burada “istəsə” sözü o qədər də yerinə düşmür, çünki heroindən imtina etmək çox çətin məsələdir. Bunu hər adam bacarmır. Yalnız böyük iradə kifayət etmir, həm də həyatı yenidən başlamaq və ya yeni həyat başlamaq istəyi mühümdür. Batya yeni həyat başlaya bilməzdi, seçdiyi həyatda böyük uğurların sahibi olmuşdu. Həyatı yenidən başlaya da bilməzdi. Bu, təkcə onun iradəsindən asılı deyildi. Ölkədə elə proseslər başlamışdı ki, qanuni oğrular ya ölkəni tərk etməli, ya da həbsxanalarda heroin bolluğuna tutulub ölməliydilər. Batya çöldə olmadığı üçün ölkədən gedə bilməzdi. Deməli, həbsxanada – “oğrunun evi” adlanan burada öz seçiminin məntiqi sonunu qəbul etməli idi…
Heydər Əliyevin ondan xoşu gəlmədiyini deyirdilər. Hətta bunun maraqlı bir tarixçəsini də danışırdılar: 1993-cü ilin sonlarında Azərbaycana gələsi iri taxıl partiyasının qarşısı Çeçenistanda kəsilir. Orada yerli cinayətkarlar qatar eşelonuna əl qoyurlar. Dövlət səviyyəsində bu məsələyə müdaxilə edilir. Heydər Əliyev öz əlaqələrini işə salaraq Rusiyadakı, Çeçenistandakı nüfuzlu adamlara zəng edir. Amma heç kim bu problemi yoluna qoya bilmir. Taxılı Azərbaycana gətirən şirkət Oğru Bəxtiyardan xahiş edir ki, bu məsələyə müdaxilə etsin. Bəxtiyar Çeçenistandakı bir avtoritetli cinayətkara zəng edir, malın dövlətə məxsus olmadığını, bütün Azərbaycanın malı olduğunu söyləyir və onun buraxılmasını istəyir. Bir neçə gün sonra taxılla dolu vaqonlar Azərbaycana gələndə Heydər Əliyev bu məsələnin necə həll edildiyini soruşur və ona “Oğru Bəxtiyar” deyirlər. Əliyev bunu qüruruna sığışdırmır və Batyanı hədəfə götürür.
Bu rəvayətin nə qədər doğru olduğunu bilmirəm, hərçənd, bunu mənə yalnız dustaqlar deyil, hətta bəzi həbsxana əməkdaşları da xırda-xırda danışmışdılar. Amma onu dəqiq bilirəm ki, Yeni Azərbaycan hökumətinin qanuni oğrularla müharibəsi “dövlətçilik” və sair demoqogiya ilə izah edilən məsələ deyildi. Bu, ciddi iqtisadi proseslə bağlı idi və bu prosesə başlamaq üçün qanuni oğruların əlini-ayağını ölkədən kəsmək lazım idi.
1996-cı ildə Azərbaycanda Birinci Dövlət Özəlləşdirmə Proqramı qəbul edildi. Bu proqram yerinə yetiriləndən sonra Azərbaycanın ilk kapitalist-sahibkar zümrəsi bir sinif kimi formalaşmalı, ölkədə yeni sosial kəsim yaranmalı və maddi nemətlər istehsalının iştirakçısı olmalı idi.
Özəlləşdirmə Proqramının 96-cı ildə qəbul edilməsi Heydər Əliyevin planlarına uyğun idi. Bu zamana qədər ona qarşı dura biləcək siyasi müxalifət zərərsiz hala gətirilmiş, hərbi potensialı olan opponentlər tamamilə məhv edilmiş, iqtisadi imkanlara malik, perspektivdə “Günəş altında yer” istəyə biləcək ekonomik müxalifət nəzarət altına alınmış və ya didərgin salınmışdı.
1996-cı ildə Əliyevlər ailəsinin mövcud və qəbul edilən qanunları əsas götürərək Azərbaycanın sərvətlərinə əl qoymasını önləyə biləcək kimsə yox idi. Bütün mütəşəkkil qüvvələr sıradan çıxarılmışdı. Yalnız bir əndişənin ehtimalları qalmışdı. Bu, cinayətkar aləm və onun liderləri idi. Cinayətkar aləm siyasi hakimiyyətə qarşı müqavimət təşkil edəcək bir güc deyil, təbii ki! Amma bu sektorun ictimai vahimə yaratmaq imkanları genişdir; onlar həbs edilməkdən qorxmurlar; döyülməyi və işgəncəni seçdikləri yolun əsas atributlarından sayırlar; öldürülməyi faciə hesab etmirlər.
Özəlləşdirmə dövlət əmlakının ayrı-ayrı adamların və qrupların əlinə keçirilməsi demək idi. Hətta Sovet hakimiyyəti zamanında adamı mağaza müdirliyindən, zavod direktorluğundan və ya hansısa başqa vəzifədən çıxarıb yenisini qoyanda hökmən halallıq alınardı. Bu halallıq xüsusi xidmət orqanlarından “gizli” şəkildə mövcud idi. Işdən çıxarılan adam aşağı vəzifəyə keçirilibsə və ya tamamilə uzaqlaşdırılıbsa, işə yeni təyin olunan adam hökmən onun razılığını alar, “halal-xoşun olsun” kəlməsini qoparar və bu minvalla işinə başlardı. Dükan-bazar işində isə hətta pulla ifadə olunan halallıq da olardı. Adam işlədiyi müddətdə buraya nə qədər xərc-xəcalət qoyubsa, onu tələb etməkdə haqlı idi və ya yeni işə gələn adamın borcu idi ki, bu məbləği ödəməyə hazır olduğunu bildirsin.
Özəlləşdirmə bu prosesi bütün ölkə üzrə beş ilə sığışdırmalı idi. Qanun dükan-bazar işçilərinin və sahiblərinin tərəfində idi. Bakıda 20-30 ildir univermaq, bazar, iri dükanları işlədən adamlar bu özəlləşdirmə kampaniyasında ilk sırada iştirak etməli idilər. Amma Heydər Əliyev həmin adamlara əmlak verilməsinin tərəfdarı deyildi. Əliyev bu əmlakın öz qohum-əqrəbasının, uruq-turuğunun əlində cəmləşməsini istəyirdi. Amma bu yerdə ictimai nəzarətin ənənəvi olmayan forması – kriminal aləm işə qarışa bilərdi. Zatən kriminal avtoritetlər bu işlərə baxırdılar. Onlar pul və əmlak çəkişmələri ilə bağlı məhkəməyə çıxarılmayan, çıxarılması məsləhət olmayan mübahisələri həll edirdilər. Bu qeyri-dövlət məhkəməsi özünəməxsus qaydalarla işləyirdi. Oğrunun verdiyi hökmün-fitvanın əleyhinə davranış dəhşətli nəticələr yarada bilərdi. Oğru fitva verdimi ki, məsələn, mərkəzdəki univermaq Hüseynağaya çatmalıdır, hansısa Zakir ona iddia edə bilməzdi, vəssalam. Zakiri öldürərdilər. Amma buna qədər, məsələn, onun işlətməyə çalışdığı univermağı yandırıb-yaxar, “mübahisəli obyekt” elan edə bilərlər ki, Zakir bu obyekti kiməsə satıb münaqişədən çıxa bilməsin.
Bu sistem işləyə-işləyə özəlləşdirməyə qatılmaq ağılsızlıq olardı. Buna görə də Heydər Əliyev tamamilə ağıllı qərar verdi: kriminal avtoritetlər ölkədən qovulmalı, onlara bağlı olan sistemin bütün atributları sıradan çıxarılmalıdır.
Batya bu zəmində həbsə atılan ilk qanuni oğrulardan oldu. Orada heroinlə vaxtlı-vaxtında təmin edilərək 1998-ci ildə öldü(rüldü).
Səhhəti ölümə imkan verməyən azərbaycanlı qanuni oğruların bütöv bir dəstəsi isə Rusiyaya qovuldu, Sabirabadlı Hikmət, Masallı Mamed və başqalarına Azərbaycanda görünmək yasaq edildi. Onların ətrafında olan və ayrı-ayrı icmalara (“obşak”) nəzarət edən nüfuzlu cinayətkarlara qarşı nəhəng təqib kampaniyası başladı. Əliyevlər ətraf aləmi bu qaydada boşaldıb özəlləşdirmə kampaniyasına başladılar.

Ardı var