merdanov-abbaszade

Məleykə Abbaszadə Misir Mərdanovu yerdən yerə vurdu

TQDK sədri Təhsil Nazirliyinin dəhşətli “pripiska”larını açıqladı

Orta məktəblərdə 22 min şagirdin harada olduğu məlum deyil

“İndiyə qədər imtahanlar gözdən pərdə asmaq məqsədi daşıyıb. Pərdənin arxasında hansı işlər görülüb, heç kəs bilmir “

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsini ixtisarla dərc edirik.

– Bu il ilk dəfə olaraq buraxılış imtahanları TQDK-nın təşkilatçılığı ilə keçirilib. Artıq bu imtahanlar başa çatıb. Imtahanlara rəhbərlik edən şəxs kimi ilkin qənaətiniz necədir?
– Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar yalnız ilkin rəqəmləri demək olar. Hazırda imtahanlarla bağlı hansısa şərh vermək, araşdırma aparmaq qeyri-mümkündür. Qəbul imtahanları başa çatdıqdan sonra bu sahədə geniş tədqiqatlar aparacağıq. Buraxılış imtahanlarının TQDK tərəfindən keçirilməsi barədə qərar qəbul edildikdən sonra öz tələblərimizi açıqladıq. Bizdə elmi baza hazır idi. Klassik pedaqogikada faktiki olaraq 30 sual proqramı tam əhatə edir. Proqramın 30 faizini mənimsəyən şəxs 8-9 suala, maksimum 10 suala düzgün cavab verməlidir. Buna görə də biz ilkin olaraq elan etmişdik ki, müvəffəq qiymət almaq üçün şagird ən azı 8 suala düzgün cavab verməlidir. Bakı üzrə ilkin nəticələr müəyyənləşdikdə biz elan etdik ki, 5 suala cavab verən şəxslərə “3″ yazılacaq. Bunu nə üçün etdik? Məsələ ondadır ki, Bakının və bir neçə regionun nəticələri orta respublika nəticələrindən həmişə çox yüksək olub. Bu, bir ilin nəticəsi deyil, 20 il ərzində müşahidə etdiyimiz faktdır. Məsələ ondadır ki, Bakıda məzunların 80-90 faizi qəbul imtahanlarında iştirak edir. Amma elə rayonlar var ki, orta məktəbi bitirənlərin yalnız 25-30 faizi ali məktəblərə sənəd verir. Qalan 70 faiz bizim qəbul imtahanlarına gəlmirdi və biz onların bilik səviyyəsini dəyərləndirə bilmirdik. Beləliklə 5 ballıq göstərici ilə Bakı üzrə 11-ci siniflərdə 97,005 faiz, 9-cu siniflərdə isə 91,15 faiz şagird müvəffəq nəticə göstərib. Bu, bizi çox narahat etdi. Ona görə də bu qənaətə gəldik ki, rayonların nəticələri bundan yaxşı olmayacaq və 5 balla şagirdlərə ”3″ qiyməti yazmağı qərara aldıq. Bu kriteriya ilə bütün ölkəni götürəndə 11 illik baza üzrə 89,61 faiz şagird müsbət nəticə göstərib. 9 illik bazada isə yalnız 80 faiz müvəffəq nəticə əldə edib. Müqayisə üçün bildirim ki, əgər 8 suala düzgün cavab verənlərə “3″ qiyməti yazsaydıq, onda ölkə üzrə 11-ci siniflərdən cəmi 69 faiz, 9-cu siniflərdən isə 48,47 faiz şagird müsbət qiymət alacaqdı.

Təhsili qaldırmağa 5 il vaxt lazımdır

– Bunlar çox aşağı göstəricilərdir…
– Mən bu rəqəmlərə heç bir şərh verməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, bu, real nəticədir. Imtahanlar tam təlimata uyğun keçirilib və şagirdlərin real biliklərini ölçmək mümkün olub. Testlərin səviyyəsinə gəlincə, qərara gəldik ki, Bakı üzrə imtahanda istifadə olunmuş test tapşırığı nümunələrini saytımızda yerləşdirək. Artıq bu iş başa çatıb və hər kəs bu tapşırıqlarla tanış ola bilər.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Astaradan tutmuş Ağstafaya, Ağcabədidən tutmuş Şamaxıya qədər bütün rayonlarda buraxılış imtahanlarını izləmişəm. Xüsusən də rayonlardakı müəllimlərin öz işlərinə çox vicdanla yanaşdıqlarını gördüm. Mən bu imtahanlardan belə nəticə çıxardım ki, təhsilin idarəetməsi sistemli elmi əsaslar üzərində qurulsa, bizim Azərbaycan müəllimləri orta məktəbdə tədris prosesində özlərini göstərə bilər və bizim uşaqların nəticələri daha yüksək olar.
Ümumiyyətlə, ölkədə orta təhsilin səviyyəsini qaldırmaq üçün təxminən 5 il vaxt lazımdır. Buraxılış imtahanlarının nəticələrinə əsasən bu, açıq-aşkar görünür.

Sənədlərdə dəhşətli pripiskalar

– Təhsil Nazirliyinin verdiyi elektron məlumat bazasında da kifayət qədər səhvlərin olduğu aşkarlandı…
– Məsələn, Cəlilabadda 9 illik baza üzrə imtahan verənlərin 1768-i oğlan, 1427-si qızdır. Hətta 9-cu sinifdə qızların sayı 300 nəfər azdır. Bu say 3-5 nəfər az ola bilər. 30 faizə qədər az olmaq isə normal deyil. Və yaxud da Şəmkirdə 9-cu sinif üzrə imtahanlarda 1558 oğlan, 1330 qız iştirak edib. 9-cu sinfin 200 qızı haradadır? Ilkin məlumatlar belə idi ki, 11-ci sinif üzrə 90 min şagird buraxılış imtahanlarında iştirak etməli idi, lakin imtahanda 78 min şagird iştirak edib. Bunun səbəbləri araşdırılacaq.  Zəlzələ zonasında buraxılış imtahanlarından azad edilən məktəblərin şagirdlərini sayandan sonra məktəblərdə olan real uşaqların sayına baxacağıq. 9 illik baza üzrə isə imtahanda iştirak etməli olan 125 min şagirddən 115 mini imtahanda iştirak edib. Yenə də 10 min şagird yoxdur. Araşdırma aparmaq üçün indi bizim sadəcə vaxtımız yoxdur. Amma bu siyahılar məktəb-məktəb araşdırılacaq. Başqa bir maraqlı fakt da aşkarlanıb. Masallıda xeyli sayda şagirdi Təhsil Nazirliyinin Təhsilin Idarəolunmasının Məlumat Sisteminə (TIMS Proqramı) atalarının adları ilə yox, kənddə çağırdıqları ləqəblə daxil ediblər. TIMS Proqramından da bizə bu adlar gəlib. Yalnız Masallıda bir imtahan mərkəzi üzrə 100-dən çox uşaqla bağlı belə problem var idi. Bunu indiyə qədər heç kəs yoxlamayıb.  
Prezidentin fərmanında yazılmışdı ki, Təhsil Nazirliyinin maddi-texniki bazası bizə verilsin. Biz hesab edirdik ki, o baza təmizdir. Çünki Təhsil Nazirliyi il ərzində monitorinq imtahanları keçirib. Əgər bu imtahanlar real elmi əsaslarla keçirilsəydi, bu çatışmazlıqları monitorinq imtahanları zamanı aşkar etmək mümkün idi. Indiyə qədər keçirilən imtahanlar cəmiyyətin gözündən pərdə asmaq məqsədi daşıyıb. Pərdənin arxasında hansı işlər görülür, onu heç kəs bilmir. Fakt odur ki, biz bu bazaları təmizləyib qurtara bilmirik. Yalnız onu deyə bilərəm ki, bazanın təmizliyi 50 faizdən çox deyildi. Hətta baza bizə təhvil veriləndə orada şəkillərin yalnız 75 faizi uyğun idi. Bizim əsas məqsədimiz orta məktəblərin tədris prosesində olan nöqsanları ortaya çıxarmaq yox, uşaqların bilik səviyyəsini müəyyən etməkdir. Mən hesab edirəm ki, pedaqoji ictimaiyyətin ümumi səyləri ilə bu nöqsanlar aradan qaldırılacaq.

– Buraxılış imtahanlarının nəticələrinə əsasən, bu il attestat ala bilməyəcək şagirdlərin sayı nə qədərdir?
– 11 illik bazada məzunların 89,61 faizi attestat alacaq. Şəhadətnaməni isə 9-cu siniflər üçün keçirilən imtahanlarda iştirak etmiş uşaqların 80 faizi əldə edəcək. 9 illik bazada şəhadətnamə ala bilməyən uşaqlar sentyabr ayında keçiriləcək imtahanda iştirak edəcəklər.

– Bu il əlaçıların sayı nə qədər olub?
– “5″ qiymət alanlar proqramın 80 faizini mənimsəməlidir. Onların arasında daha yaxşı, 100 faiz mənimsəyənlər də olmalıdır. Yəqin ki, onların arasında proqramı 70 faiz mənimsəyənlər də var. Çünki suallar çox asan idi, buna görə də əlaçıların sayı çox ola bilər. Amma ”5″ qiyməti alanlar qəbul imtahanlarına gələndə onların arasındakı fərq görünəcək. Çünki kimsə yalnız sadə suallara cavab verə bilir. Amma qəbul imtahanlarında sadə sualların sayı 8-dən çox olmur. Buraxılış imtahanlarında “Ana dili” və “Riyaziyyat”dan “5″ qiymət alan şagirdlər qəbul imtahanlarında həmin fənlərdən 60 faizdən yuxarı nəticə göstərəcəklər.

– Təhsil naziri bildirib ki, bu il qızıl medalların verilməsi funksiyasını TQDK-ya təklif edib. Lakin TQDK bu təklifdən imtina edib. Imtinanın səbəbi nədir?
– Hansısa nazirlik digər nazirliyə nə isə təklif edə bilməz. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativ sənədlər var. Medallarla əlaqədar normativ baza var. Bu bazada yazılıb ki, medalları Təhsil Nazirliyi verməlidir. Biz əgər bunu dəyişmək istəsəydik, onda belə çıxırdı ki, bu il medal alan olmayacaqdı.

Onlar öz talelərinə zərbə vurdular

– Buraxılış imtahanlarının keçirilməsi üçün texniki baxımdan hər hansı çətinlik oldumu? Imtahanlarda ümumilikdə nə qədər qayda pozuntusu halları qeydə alınıb?
– Imtahana buraxılış rejimi zamanı qayda pozuntusuna cəhdlər olurdu. Imtahana telefon keçirmək istəyənlər aşkar olunan kimi imtahandan qovulurdu və onlar heç zaman bağışlanmayacaqlar. Onlar öz talelərinə zərbə vurdular.
Biz uşaqlara çox aşağı səviyyədə tələblər qoymuşduq. Ümumilikdə 100 nəfərə yaxın şəxs imtahandan qovulub. Imtahandan qovulmuş şəxslər 9-cu sinif şagirdidirsə, sentyabrda təkrar imtahan verəcək. 11-ci sinif şagirdidirsə, yalnız gələn il imtahan vermək şansı qazanacaq. Bu il onlar ali məktəblərə qəbul prosesində iştirak edə bilməyəcəklər. Əgər onlar bu cür sadə imtahanda köçürməyə cəhd göstəriblərsə, demək bilikləri yoxdur. Heç kəs deyə bilməz ki, biz bu uşaqların taleyinə təsir göstərmişik.
Rüsvayçı nəticə göstərən 9 rayon

– Yevlax rayonunda bir şagirdin yerinə digərinin imtahana girmək istəməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub? Belə hal digər məktəblərdə də aşkarlanıb?
– Bununla əlaqədar fakt artıq prokurorluq orqanlarına təhvil verilib. Məktəb rəhbərliyi tərəfindən eyni adama dair iki müxtəlif adamın fotoşəkili yapışdırılmış saxta arayış təqdim olunmuşdu. Başqa belə faktlar aşkarlanmayıb.

– Attestat ala bilməyən məzunlarla bağlı xüsusi Dövlət Proqramının yaradılmasını təklif etmisiniz. Sizcə, bu proqramda hansı detallar əks olunmalıdır?
– Sabirabad, Imişli, Cəlilabad, Masallı, Qobustan, Gədəbəy, Yardımlı, Ağcabədi, Hacıqabul kimi rayonlarda 9-cu sinif üzrə nəticələr çox acınacaqlıdır. Bu uşaqlar hələ iki il oxumalıdırlar. Onlarla işləmək lazımdır ki, heç olmasa 11-ci sinfə müvafiq biliklərlə gəlib çatsınlar. Əks halda onlar müasir dünyada yaşaya, vətəndaş kimi formalaşa bilməyəcəklər. Mən Prezidentin yanında Təhsil üzrə Komissiyaya buraxılış imtahanlarının nəticələri ilə əlaqədar nəticələri təqdim edib öz təkliflərimi verəcəyəm.