Rejim sənət adamlarını da üz-üzə qoyur

Rüstəm Behrudi: “Azərbaycan reallığında yaradılan bu cür alternativlər bir müddət sonra sıradan çıxır və unudulur”

Eldəniz Quliyev: “Oqtay Mirqasımovun, Vaqif Mustafayevin yerinə utanıram,  onlar hakimiyyətin çirkin kampaniyasında alət rolunu oynayırlar”

Tanınmış rejissor və dramaturq, Ziyalılar Forumunun yaradıcılarından olan Rüstəm Ibrahimbəyova qarşı təzyiqlər davam etməkdədir. Bir müddət əvvəl R.Ibrahimbəyovun başçılıq etdiyi Kinematoqrafçılar Ittifaqına alternativ yaradılandan sonra həmin quruma daxil olan şəxslər ziyalını hədəf seçdilər.
Şəfiqə Məmmədovanın, Oqtay Mirqasımovun mətbuata açıqlamalarında R.Ibrahimbəyov barədə söylədikləri bu qəbildəndir. Deyilənlərə deputat Nizami Cəfərov da qoşulub. Buradan isə açıq görünür ki, R.Ibrahimbəyovun rəhbərlik etdiyi təşkilata hakimiyyət alternativ yaratmaqla kifayətlənməyərək sənət adamlarını da üz-üzə qoyur.
R.Ibrahimbəyova qarşı atılan addımları yolverilməz sayan tanınmış şair Rüstəm Behrudi vurğuladı ki, R.Ibrahimbəyov özünü Azərbaycan və dünya miqyasında təsdiq etmiş ən tanınmış kinorejissordur. R.Ibrahimbəyovun adına öz sənəti ilə nail olduğunu vurğulayan R.Behrudi hesab edir ki, əsl sənət adamları məhz R.Ibrahimbəyovun yanında olmalı idi. R.Behrudi söylədi ki, R.Ibrahimbəyov həmişə öz vətənini düşünüb və onun maraqlarına uyğun hərəkət edib: “Kinematoqrafçılar Ittifaqında Rüstəm Ibrahimbəyov, Rasim Balayev kimi tanınmış simalar var. Bu şəxslər öz adlarını sənətləri ilə nəinki Azərbaycanda, ölkəmizdən kənarda da təsdiq ediblər. Əlbəttə, Rüstəm Ibrahimbəyova bu cür təzyiqlərin olması onun Ziyalılar Forumunda ortaya qoyduğu mövqe ilə bağlıdır. Indi Rüstəm Ibrahimbəyovun təşkilatına alternativ yaratmaqla əslində gülünc durum yaradılır. Çünki zaman göstərib ki, Azərbaycan reallığında yaradılan bu cür alternativlər bir müddət sonra sıradan çıxır və unudulur”.
Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış kinossenarist Eldəniz Quliyev də hesab edir ki, R.Ibrahimbəyovun adı ətrafında baş verənlər hakimiyyətin növbəti intiriqa cəhdidir. Hakimiyyətin “parçala, hökm sür” siyasətini hələ də yütdüyünü deyən E.Quliyev bildirdi ki, sənət adamlarının qarşı-qarşıya qoyulması məhz bunun nəticəsidir: “Mən şəxsən Oqtay Mirqasımovun, Vaqif Mustafayevin yerinə utanıram. Çünki onlar hakimiyyətin çirkin kampaniyasında bir alət rolunu oynayırlar. Bu məqamlar başucalığı gətirmir. Belə addımlar həmin adamların sənətlərinə də mənfi təsir edir. Düşünmürəm ki, bundan sonra onlar ciddi sənət əsəri ortaya qoya bilərlər”.
E.Quliyev də hesab edir ki, R.Ibrahimbəyova qarşı atılan bütün addımlar nəticə verməyəcək. Çünki istər qarayaxma, istərsə də təşkilata alternativ yaratmaq cəhdləri bundan öncə də sınaqdan çıxarılıb və nəticə verməyib.

Xəyal