İranın Azərbaycandakı səfirliyi bağlanır?

Səfirlik bir müddət fəaliyyətini dayandıra bilər

Bakıda keçirilən Avrovisiya mahnı müsabiqəsi ərəfəsində Bakı ilə Tehran arasında yaranmış gərgin münasibətlər səbəbindən Bakını tərk etmiş Iranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Bakıya qayıdıb. Iran səfirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, səfir ötən həftənin cümə günündən Bakıda öz fəaliyyətini davam etdirir.
Qeyd edək ki, səfirin geri çağırılmasına Iranın Bakıdakı səfirliyi qarşısında keçirilən aksiyalar zamanı dini liderin təhqir olunmasının səbəb olduğu bildirilirdi. Amma Bakıya dönəndən bir gün sonra yayılan məlumatda Bəhraminin diplomatik müddətinin başa çatdığı və yaxın günlərdə Bakını tərk edəcəyi bildirildi. Diplomatik mənbələrdən “Olaylar”a sızan məlumata görə, Bəhrami gedəcək, onun yerinə isə heç kim təyin olunmayacaq. Buna səbəb Iranın Azərbaycandakı səfirliyinin bağlanmasıdır. Mənbə bildirir ki, Azərbaycanda  daxili siyasətə müdaxilə edən, cəmiyyətdə bölücülük yaradan Iran səfirliyi bir müddət fəaliyyətini dayandıra bilər. Səfirliyin fəaliyyətini konsulluq şöbəsi yerinə yetirəcək.