İran rəsmiləri azərbaycanlı şairlərin həbsindən danışıb

İran parlamentinin təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Hüseyn Nəqavi Hüseyni bu ölkədə azərbaycanlı şairlər – Şəhriyar Hacızadə və Fərid Hüseynovun həbs olunmasından danışıb. O, Azərbaycanı “İrana qarşı Qərbin və İsrailin siyasətinə qoşulmaqdan” çəkinməyə çağırıb.
«Azərbaycan islam ölkələri və müsəlman dünyasının maraqlarına uyğun hərəkət etməli, ABŞ və İsrail rejimlərinin təzyiqlərinə boyun əyməməlidir», – deyə iranlı deputat bildirib (“Azadlıq” radiosu).
Hüseyn Nəqavi iddia edib ki, İsrail son vaxtlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə İrana qarşı casus fəaliyyətini artırıb. Azərbaycanlı şairlər də bu fəaliyyətdə rol alıblar. İran deputatı həbs edilmiş iki şairimizi nəzərdə tutaraq deyib: “Azərbaycanlı casuslardan və casus qrupundan əldə edilmiş sənədlər və sübutlar göstərir ki, sionistlər bu cür casus tədbirlərinin müəllifidirlər”.
Bundan əvvəl İran KİV-i ölkənin adı açıqlanmayan rəsmisinə istinadla məlumat yaymışdı ki, sübutlar azərbaycanlı şairləri ora Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi İranda separatçılığı gücləndirmək üçün göndərib.

Bu arada İranın informasiya, təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri Heydər Moslehi də açıqlama verərək azərbaycanlı şairlərin casusluğa görə həbs edildiyi iddialarını təkrarlayıb. O, bildirib ki, məsələ ilə bağlı bütün detallar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.