“Azərbaycanda uşaq ölümünün səviyyəsi rəsmi göstəricidən 2-3 dəfə çoxdur”
Azərbaycanda uşaq ölümünün səviyyəsi ilə bağlı UNİCEF və Səhiyyə Nazirliyinin göstəriciləri bir-birindən 2-3 dəfə fərqlənir. Bu barədə «APA-ECONOMICS»ə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbərliyi Mark Herevard bildirib.
Onun sözlərinə görə, uşaq ölümü ilə bağlı göstəricilərdə bu cür böyük fərq hesablamaların aparılmasındakı üsullarla əlaqədardır: “BMT tərəfindən uşaq ölümünün tərifi üçün müəyyən olunmuş yanaşma, Səhiyyə Nazirliyinin uşaq ölümünün səviyyəsini hesablamaq üçün istifadə etdiyi yanaşmadan fərqlənir”.
UNİCEF nümayəndəsi bildirib ki, Azərbaycanda hələlik beynəlxalq “diri doğum meyarı” qəbul edilməyib. Bu səbəbdən də ölümün səviyyəsi ilə bağlı rəsmi statistik göstəricilər daha aşağıdır və bu göstəricilərlə BMT-nin göstəriciləri arasında çox böyük fərq var.
UNİCEF Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın beynəlxalq «diri doğum» meyarına keçməsinə çalışır. BMT bu məsələnin həllində, daha dəqiq metodologiyanın hazırlanmasında Azərbaycana yardım etmək niyyətindədir: “Bu məsələnin həll edilməsi üçün biz BMT təşkilatı olaraq digər beynəlxalq təşkilatlarla birlikdə Azərbaycana statistika sahəsindəki yüksək səviyyəli mütəxəssisləri dəvət etmişik ki, onlar Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə işləyərək təhlillər aparsın, bu sahədə birgə yanaşma metodlarını müəyyənləşdirsinlər».
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova UNİCEF təmsilçisinin dediklərinə belə cavab verib: “Bu Mark Herevardın növbəti absurd açıqlamasıdır və heç nəyə əsaslanmır”.
Tibb elmləri doktoru Adil Qeybulla isə bildirir ki, faktiki rəqəmlərlə rəsmi statistika arasında fərq təkcə bu sahədə deyil: “Bunun əsas səbəblərindən biri odur ki, əhalinin böyük əksəriyyəti yaşadığı yerdə qeydiyyatda deyil. Uşaq ölümü əsas doğuşla bağlıdır. Bunların da çoxu qeydiyyata alınmır. Çünki doğuşun özü bəzən ev şəraitində həyata keçirilir və bu da rəsmi statistikaya təsir edir. Rəqəmləri az göstərmək üçün təəssüf ki, bəzən rəsmi statistikada məqsədli endirimlər olur. UNISEF-in tək uşaq ölümü yox, həm də bəzi başqa məsələlərlə bağlı göstəriciləri rəsmi rəqəmlərlə bir araya sığmır. Yaxud vərəmlə bağlı Dünya Səhiyyət Təşkilatının açıqladığı rəqəmlərlə bizim statistika arasında ciddi fərqlər var. Bütün bunların qarşısını almaq üçün qeydə alınmayan doğuş və bu kimi başqa məqamlara ciddi nəzarət olmalıdır. Əks halda real statistika ilə rəsmi statistika arasında fərq yaranacaq”.