Prezidentin natamam sərəncamı…

və ya bəy verən atın dişinə baxarlar
Iki gün əvvəl əlahəzrət 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə ilə Böyük Vətən müharibəsi iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 55 (əlli beş) manat müəyyən edilsin.
Rejimin ideoloqlarının bu sərəncamı dövlətin ağsaqqallara qayğısı kimi dəyərləndirəcəyi şəksizdir. Fəqət, bir az dərinə vardıqda maraqlı nəsnələr ortaya çıxır və aydın olur ki, bu sərəncamı ərsəyə gətirənlərin əsas məqsədi humanizmdən daha çox rejimi təbliğ etməkdir. Niyəsini izah edirəm.
Dövlət Sosial Müdafiə Fondunun bu ilin may ayındakı açıqlamasına görə, Azərbaycanda 2739 nəfər Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Təbii ki, o 2739 veteranın hər birinin yaşı səksəndən yuxarıdır. Digər tərəfdən, veteranlarımızın ən azı yüzdə doxsanının tibbi sığortasının olmadığı şəksizdir. Və onların yenə ən azı yüzdə doxsanının maddi durumu acınacaqlıdır. Belə bir vəziyyətdə prezidentin 55 manatlıq təqaüdü onların hansı dərdinə çarə ola bilər? Sərəncamın müharibə əlillərinə şamil olunmaması isə bir ayrı sualdır. Xəbərsizlər üçün yazıram, yaşı səksəni ötmüş hər bir şəxs ən azı 4-5 xroniki xəstəlikdən əziyyət çəkir. Bu yaşda xroniki prostatiti, şəkəri, arterial hipertoniyası, babasili və digər xəstəlikləri olmayan tək-tük adama rast gəlmək olar. Adları çəkilən xəstəliklərdən ən yüngülünün bir kurs kompleks müalicəsi minimum 300 manata başa gəlir. Və ağırlaşma baş verməsin deyə ildə ən azı iki-üç dəfə stasionar müalicəyə ehtiyac duyulur.
Hər gün neftdən milyonlarla manat qazanc götürən, iqtisadi qalxınması ilə öyünən, sayı-hesabı bilinməyən heykəllərə, büstlərə, atəşfəşanlıqlara, festivallara gözünü qırpmadan bəs qədər pul xərcləyən, asfaltsalma adı altında büdcənin pullarını havaya sovuran bir rejim 2739 müharibə veteranına hər ay 5 kilo ətin ekvivalentini – 55 manat rəva bilir. Onlar müharibənin odundan-alovundan çıxdılar, sağlamlıqlarını qurban verdilər və QAZI kimi Azərbaycana döndülər. O qazilərin sayı 40-50 il əvvəlki kimi yüzminlər deyil, vur-tut 2739-dur. Orta hesabla Azərbaycanın hər rayonunda 30-40 müharibə veteranı – qazi var və bir rayon üçün 30-40 nəfəri INSAN kimi yaşatmaq əsla problem deyil.
Sərəncamda vurğulansaydı ki, 2739 qazinin sovet dönəmində əmanət banklarına qoyduqları pullar birə-bir nisbətində qaytarılır və hər bir müharibə veteranı ildə iki dəfə sanatoriya şəraitində dövlət hesabına müayinə-müalicə olunur, əmin olun, prezidentin bu addımını cəmiyyət təqdir edərdi. Yaxud, prezident təqaüdünün beş illiyi birdəfəyə verilsəydi, humanistlikdən danışmağa dəyərdi.
O 2739 nəfər bütün bunlara haqq edirlər. Çünki onlar qazidirlər və son iyirmi ildə orden-medala layiq görülənlərin əksəriyyətindən fərqli olaraq, öz orden-medallarını yaxalarına taxıb qürurla cəmiyyət içərisinə çıxırlar.
Bu gün Azərbaycanda 2739 Böyük Vətən müharibəsi iştirakçısı var və bu say gündən-günə azalmaqdadır. Onların qazi olması, yaşı və sağlamlıq vəziyyəti qayğı tələb edir. Veteranlara ayrılan pul kimsənin cibindən çıxmır, DÖVLƏT ehtirama layiq insanlara yönəlik gərəkən addımlar atmağa mükəlləfdir. Və bir də indi xanlıqlar dövrü deyil, 21-ci əsrdir. Yəni bəy verən atın dişinə baxmağa vətəndaşın haqqı çatır