Xanımlar və bəylər! Siz məndən də yaxşı xatırlarsınız. Çox da uzaq tarix deyil, cəmi ilyarım əvvəl idi. Ilham Əliyev və ətrafı xalq üzərində qələbənin təntənəsini yaşayırdı.
Artıq bütün əngəlləri aşdıqlarını düşünürdülər. Bu ölkəni qurdla qiyamətədək idarə etmək, onun sərvətlərini rahatca çapıb-talamaq üçün yolları üstündə heç bir maneə qalmadığını fikirləşirdilər.
Ortada bir ovuc adam hələ də inadına çarpışmaqdaydı, amma narahat görünmürdülər. Onlarla da haqq-hesabı bir şəkildə çürüdəcəkdilər. Hətta heç onlara əhəmiyyət verməmək də olardı. Bu təntənə qarşısında onların hay-küyü nəyə yaraya bilərdi ki?
Çoxlu pullar başlarını elə dumanlandırmış, gözlərini elə örtmüşdü ki, reallıq hissini itirmişdilər. Hər kəsə meydan oxuyurdular – yalnız xalqa yox, dünyaya da. Avropaya da, ABŞ-a da, Türkiyəyə, bütün digər qonşulara da. “Bizim heç kimə ehtiyacımız yoxdur”, “Bizə yan gözlə baxanın gözünü ovarıq”, “Heç kim bizim daxili işlərimizə qarışa bilməz”, “Heç kim bizə dövlətin necə idarə edilməli olduğunu öyrətməsin, gəlsinlər biz onlara dövlətin necə idarə edildiyini göstərək” janrında populizmin, şivənçiliyin biri bir qəpik idi. Sözün həqiqi mənasında havalanmışdılar. Ayaqları yerdən üzülmüşdü. Göynən gedirdilər.
Amma qəfildən situasiya dəyişdi. Əvvəl “Ərəb baharı”, ardınca da “Eurovision”la bağlı baş verənlər yapokratiyanı qəflətdən ayıltdı. Ilham Əliyev və ətrafını göydən yerə endirdi, reallığa qaytardı. Vəziyyətin ağırlığını dərk etdilər. Onları gözləyən aqibəti anladılar və əvvələ qayıtdılar.
Söhbət demokratiyanın imitasiyasından gedir. Ilham Əliyev qan üzərindən gəldiyi hakimiyyətinin ilk illərindəncə bundan faktiki imtina etmişdi, amma indi bunsuz keçinə bilməyəcəyinin fərqindədir. Son günlər “dialoq” adı altında baş verənlər də əslində elə demokratiyanı yamsılamaq, imitasiya etmək kursuna qaydışın təzahürləridir. Əvvəlcə KIV, ardınca da QHT rəhbərləri ilə görüşü başqa cür qiymətləndirmək olmur. Hələ müxalifətlə də görüş olacaq deyirlər.
Olsun olmasına da, məni maraqlandıran başqa şeydir. Hakimiyyətin narahatlığını, əndişəsini anlayıram, ona görə də ölkədə dialoq mühitinin varlığı, problemlərin danışaraq, müzakirə edilərək yoluna qoyulmasının mümkünlüyü görüntüsü yaratmağa çalışmasına təəccüblənmirəm. Bəs bu “demokratiyanı imitasiya” prosesində məmnuniyyətlə iştirak edən, prosesi “fövqəladə dəyişikliklərin müjdəçisi” kimi qələmə verən, “dialoq”ların davam etdirilməsi barədə həvəslə danışan sizlərin məqsədi nədir?
Xanımlar və bəylər! Bu rejimin əsl mahiyyətini göstərmək, maskasını yırtmaq, onun gerçək üzünü xalqa və dünyaya göstərmək asan olmadı, buna uzun vaxt, enerji sərf etdik, nə qədər məhrumiyyətlərdən keçdik.
Indi yenidən ona maskalanmaq, pərdələnmək şansı tanımaq nə qədər doğrudur? Nə qədər məntiqə və məqsədəuyğundur?
Bu görüşlərin rejimə hər kəsin gözündə özünü sivil tərəf, islahatcanlı, dəyişikiklərə meylli göstərmək fürsəti verdiyini görməmək bu qədərmi çətindir?
Indiyədək çəkilən əziyyətlərə, məhrumiyyətlərə heyf deyilmi, xanımlar və bəylər? Bugünədək aparılan mücadilə onun üçünmü idi ki, axırda rejimin “demokratiyanı imitasiya” etməsində iştirak edək, onun yenidən maskalanmasına yardımçı olaq? Biz məgər o maskanı yenidən yerinə taxmaq üçünmü düşürmüşdük?
Vuran oğul dayısına gənəşməz. Rejim doğrudan da, demokratik dəyişikliklərdə maraqlı, istəkli olsaydı, bunu bir neçə addımla ortaya qoya bilərdi. O isə repressiyaları davam etdirmək yolu seçib. O hər addımda bizə öz mahiyyətinə nə qədər sadiq olduğunu göstərir. Ehtiyacı olan tək şey isə düşən maskasını yenidən taxmaq, özünə qarşı həm ölkə içindən, həm də kənardan öfkəli, qəzəbli, acıqlı münasibəti mümkün qədər yumşaltmaqdır.
Elə isə bizim bu işdə rejimə yardımçı olmağımızın, onun “demokratiyanı imitasiya” ssenarisində rol almaq üçün dəridən-qabıqdan çıxmağımızın anlamı nədir, xanımlar və bəylər?
Hər birinizin bunları ittiham kimi deyil, sual kimi, suallar kimi oxumağınızı istəyirəm. Inanmaq istəyirəm ki, hər birinizin bu suallara məntiqli, inandırıcı cavabları vardır.
Və ümid edirəm, sonda yanılan mən olaram.

Əli Həsənovla görüşənlərə xitabımdır!
•
•