“Dedim ki, bəlkə getməyəsən?”

shehriyar hacizadeİranda həbs olunan şair Şəhriyar Hacızadənin atası “Azadlıq”a danışdı (FOTO)

Hacı Mail Hacıyev: “Şəhriyargilə deyiblər ki, miqrasiya qanunlarını pozmusunuz”

Iranda həbs olunan Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseynin casusluqda ittiham olunması barədə xəbər hələ gündəmin əsas müzakirə mövzusudur. Mayın 2-də həbs edilən şairlərin casusluqda ittiham olunması məlumatını Iran rejiminə bağlı “Press TV” yayıb. “Press TV”nin bu günlərdə     yayımladığı videosüjetdə Azərbaycan şairlərinin guya Irana Milli Təhlükəsizlik Nazirliyinin tərəfindən xüsusi missiya ilə göndərildiyi iddia edilir.Bütün bu məsələlərlə bağlı “Azadlıq” Şəhriyar Hacızadənin atası Hacı Mail Hacıyevdən geniş müsahibə götürüb. Müsahibəni oxuculara təqdim edirik.

Ayətullah Mirzə Cavad Təbrizi Şəhriyara nə deyib?

– Hacı, Şəhriyar bundan əvvəl də Irana getmişdimi?
– Bəli. Şəhriyar ilk dəfə 7 yaşında – 1998-ci il aprel ayının 21-dən may ayının 5-dək Iranda olub. Mən aparmışdım onu. Məşhəd şəhərində Imam Rzanın, Qum şəhərində isə Məsumə xanımın ziyarətində olduq. Rəhmətlik Ayətullah üzma Mirzə Cavad Təbrizi ilə görüşdük. O görüşdən bir maraqlı məqamı diqqətinizə çatdırım. Mirzə Cavab Təbrizi Şəhriyarı qucağına alaraq soruşdu ki, adın nədir. O, cavabında Şəhriyar dedi. Bu zaman Mirzə Cavad Təbrizi gülümsəyərək “Dünya yalan dünyadı?” deyə sual etdi. Şəhriyar isə ona “Heydərbabaya salam” şeirindən 10 bənd dedi. Bundan sonra Şəhriyar 2011-ci ilin avqust-sentyabr-oktyabr aylarında Iranda olub. Anasını müalicəyə aparanda bizimlə gəlib.  Həmin vaxt bizimlə 6 dəfə gedib-gəlib Irana. Heç vaxt heç bir problem olmayıb. Bu dəfə isə… Allah kərimdir. Inşallah yaxşı olar.

“Istəmirdim getsin”

– Şəhriyarın Irana bu dəfəki səfəri bu ölkə ilə Azərbaycan arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edib. O, gedəndə sizdə hansısa narahatçılıq var idimi? Düşünürdünüzmü ki, indiki vəziyyətdə Şəhriyarın Irana getməsi onun üçün təhlükəli ola bilər?
– Xeyr, heç bir narahatçılıq yox idi. Ağlıma belə şeylər gəlmirdi. Doğrudur, mən istəmirdim getsin…

– Bəs bunun səbəbi nə idi?
– Şəhriyar aprelin 25-də mənə zəng edərək bildirdi ki, aprelin 29-da Irana gedəcək. Təbrizdə olacaq. Marağa şəhərində isə şairlərin festivalına qatılacaq. Mən dedim bəlkə getməyəsən? Soruşdu ki, niyə? Cavab verdim ki, əvvəla dərslərin çoxdur. O, iki ali məktəbdə təhsil alır axı. Slavyan və “Təfəkkür” universitetlərində. Hə, dedim dərslərin çoxdur. Bundan başqa Təbrizdə ananın müalicə aldığı xəstəxananı görərsən kövrələrsən. Dedi yox, narahat olma. Mən də daha başqa söz demədim. Ağlıma da hər hansı pis fikir gəlmədi.

“Sinif yoldaşı zəng edib soruşdu ki…”

– Bəs Şəhriyarın həbsindən necə xəbər tutdunuz?
– Deməli, uşaqlar aprelin 29-da gediblər Təbrizə. Aprelin  30-da Marağada festivalda iştirak ediblər. Şəhriyar mayın 1-də mənə zəng elədi dedi ki, festival başa çatıb. Marağadakı rəsədxanaya gedəcək. Mənə bildirdi ki, oralar çox gözəl, görməli yerlərdir və bir-iki şəkil çəkib gətirəcəm sənə. Indi adını qoyublar ki, strateji obyektlərin şəklini çəkib. Hansı strateji obyektdən söhbət gedir burda? Digər tərəfdən indi kompüter əsridir, düyməni basırsan istənilən obyekti görürsən. Şəkil çəkmək nəyə lazımdır? Bu cür savadsız danışmaq olmaz. Nə isə… Marağadan qayıdırlar Təbrizə. Məhəmmədhüseyn Şəhriyarın oğlu ilə görüşürlər. Bundan sonra mayın 2-də onları həbs edirlər. Həmin vaxt onlarla birgə Imişlidən iki nəfər də olub. Onlardan biri Şəhriyarın sinif yoldaşı olub. Onlar həkimə gəlibmiş. Onları da saxlayıblar, sənədlərinə baxıblar, sonra deyiblər gedə bilərsiz. Mayın 3-də Şəhriyarın sinif yoldaşı Azərbaycana gəlib. Mayın 4-də isə mənə zəng edib soruşdu ki, Hacı, Şəhriyar gəlibmi? Dedim yox, hələ gəlməyib. O da qayıtdı ki, bəs Şəhriyarı saxlayıblar. Biz müvafiq instansiyalara müraciət etdik. 25 gün uşaqlardan heç bir xəbər gəlmədi. Azərbaycanın Xarici Işlər Nazirliyi bu barədə Iran rəsmilərinə məlumat verdi. Yalnız mayın 27-də mənə gizli nömrədən zəng gəldi. Dəstəyi qaldırdım, Şəhriyar idi. Dedi ki, narahat olma, hər şey yaxşıdır. Bizə deyirlər ki, siz Iranın miqrasiya qanunlarını pozmusunuz. Orada olarkən Azərbaycanın Irandakı səfirliyində olmalı və arayış almalı idiniz. Biz isə bunu etmədiyimizə görə saxlanmışıq.

“Deyib ki, burada namaz qılırıq, Quran oxuyuruq”

– Şəhriyar həsb ediləndən sonra neçə dəfə sizinlə danışıb?
– 3 dəfə. Mayın 27-də, iyunun 7-də və iyunun 21-də.

– Saxlanıldıqları yer, şərait, orada onlara münasibət barədə nəsə deyibmi?
– Bəli deyib ki, Təbrizdə ETTELAT-ın zindanında saxlanılırlar. Şəraitdən, onlara münasibətdən şikayətlənməyib. Deyib ki, hər şey yaxşıdır. Burada namaz qılırıq, quran oxuyuruq. Hər hansı işgəncəyə məruz qalmamışıq. Açığı mən də onun səsindən əhval-ruhiyyəsinin yaxşı olduğunu hiss etdim. Yalandan deyə bilmərəm ki, hər şey pisdir. Haqqı batil edə bilmərəm. Mən doğru danışmağa öyrəşmişəm, Şəhriyara da belə tərbiyə vermişəm. O da sözün doğrusunu danışandı. Nəsə problem olsaydı, o bir eyhamla mənə çatdırardı.   

“Xamneyiyə iqtida edirəm”

– Bu günlərdə Iran rejiminə bağlı “Press TV”də Şəhriyar və Fəridlə bağlı vidoesüjet yayımlandı. Onlar casusluqda ittiham edildilər. Necə qarşıladız deyilənləri?
– Mən bunlara inanmıram. Iran rəsmilərinin də belə düşündüyünə inanmıram. Şəhriyargilə deyiblər ki, miqrasiya qanunlarını pozmusunuz. Doğrudur, sonradan bizim dövlət rəsmilərinə uşaqların hansısa cinayət törədildiyi bildirilib. Lakin bəlli deyil ki, söhbət hansı cinayətdən gedir. Iran səfirinin də son sözü bu olub ki, casusluq barədə deyilənlərə inanmayın. Bunu bizim Xarici Işlər Nazirliyinin nümayəndəsi televiziyada dedi. Hər halda Iran səfiri belə deyibsə, mən də inanmıram ki, uşaqların boynuna bu cinayəti, ümumiyyətlə hansısa cinayəti qoyalar.
Mən Iran Islam Respublikasının ədalətinə inanıram. Ayətullah Xamneniyə iqtida edirəm. Xahiş edirəm ki, mənim bu sözlərimi də yazasınız.

– Hacı, Azərbaycan rəsmilərinin bu işlə məşğul olduğu aydındır. Bəs özünüz müstəqil şəkildə hansısa beynəlxalq təşkilatlara, xarici ölkə səfirliklərinə, o cümlədən Iran səfirliyinə müraciət etmisinizmi?
– Biz yalnız Azərbaycanın Xarici Işlər Nazirliyinə müraciət etmişik. Fəridin dayısı Iran səfirliyinə də müraciət etmişdi. Amma ona demişdilər ki, öz Xarici Işlər Nazirliyinizə müraciət edin. Başqa heç yerə müraciət etməmişik.

– Sizcə, Azərbaycan rəsmiləri bu məsələ ilə bağlı yetərincə məşğul olurlarmı, yaxud hökumət daha nə edə bilər uşaqların azadlığa buraxılması üçün?   
– Çox böyük addımlar atırlar. Əllərindən gələni edirlər.

– Gözləntiləriniz nədir? Uşaqların tezliklə buraxılacağına inanırsınızmı?
– Inanıram. Inşallah tezliklə buraxarlar uşaqları. Əminəm ki, buraxacaqlar. Çünki onlar təqsirsizdir. Ortada hər hansı cinayət faktı yoxdur. Şəhriyar cinayətə meylli adam deyil. O namaz qılan, “Quran” oxuyan uşaqdır. Mən onu elə tərbiyə etməmişəm ki, o hansısa cinayət törətsin. Iki ali məktəbdə oxuyur. 16 yaşından yazıları dövrü mətbuatda çap olunur. Bir neçə kitabın müəllifidir. Fərid də onun kimi ağıllı-kamallı uşaqdır. Inşallah hər ikisi buraxılar, qayıdıb gələrlər evlərinə, biz də qurbanlarımızı kəsərik.

Vidadi Məmmədov