Vaqif Abdullayev: “Maksim müəllim, yaşlı adamdır danışır də”
“Mən öz işimlə məşğulam və Maksim Musayevin ittihamlarına cavab vermək niyyətində deyiləm”. Bu sözləri “Azadlıq”a Beyləqanın icra başçısı Vaqif Abdullayev sabiq deputat Maksim Musayevin onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib.
Vaqif Abdullayev bildirib ki, o, Maksim Musayevin söylədiklərinin əksinə olaraq Xızının icra başçısı olarkən rayonda xeyli quruculuq işləri görüb: “Mən özümü tərifləmək istəmirəm. Xızıya gedin və özünüz baxın mən hansı işlər görmüşəm. 5 il 10 gün Xızının icra başçısı olmuşam. Bütün gücümü oranın inkişafına yönəltmişəm. Xızı camaatı məni yaxşı tanıyır. Əgər mən Maksim Musayevin söylədiyi kimi Xızını darmadağın etsəydim 5 il oranın icra başçısı işləməzdim. Daha sonra mənə yenidən etimad göstərilməz və mən Beyləqanın icra başçısı təyin edilməzdim”.
Vaqif Abdullayev deyib ki, Maksim Musayevin hansı səbəbdən onun ünvanına əsassız ittihamlar səsləndirdiyini bilmir: “Maksim müəllim Mehdiabadda mənimlə qonşudur. Mənim ona böyük hörmətim var, ağsaqqal adamdır. Bilmirəm nə üçün belə əsassız fikirlər səsləndirir. Hesab edirəm ki, yaşlı adamdır danışır də. Elə bu baxımdan da onunla diskussiya açmaq niyyətim yoxdur”.
Xatırladaq ki, Maksim Musayev Vaqif Abdullayevi Xızının icra başçısı olarkən rayonu xaraba qoymaqda və rüşvətxorluqda ittiham etmişdi.
Hikmət