Britaniyadan İlham Əliyevə çağırış

Yan Lidel Qreynger: “Çalışacağam ki, nazir Uilyam Heyq Əliyevlə danışaraq, onu indiki zamanda xalqına azadlıq verməyə çağırsın”

“Eurovision” ərəfəsində başlanan ifadə azadlığı uğrunda qlobal kampaniyanın gedişatında 4 mindən artıq imza toplamış petisiya Britaniya parlamentinin üzvlərinə təqdim olunub. “BBC Azərbaycanca”nın yaydığı məlumata görə, petisiyanı britaniyalı parlamentarilərə gənc fəal, keçmiş siyasi məhbus Emin Milli təqdim edib.
“Index on Cenzorship”in təşəbbüsü ilə keçən kampaniyaya jurnalistlər, ictimai xadimlər, aparıcı insan haqları təşkilatları qatılıb. Kampaniyanın təşkilatçıları “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda insan haqlarının durumuna müsbət təsirilə bağlı ümidlərin puça çıxdığını qeyd ediblər.
Azərbaycanın dövlət başçısına ünvanlanan müraciətdə fəallar toplaşma və ifadə azadlığının təmin olunmasını, habelə media mənsublarının işinə mane olanların məsuliyyətə cəlb edilməsini istəyirlər.
Emin Milli “BBC Azərbaycanca”ya açıqlamasında kampaniyanın başlanma səbəblərindən danışarkən ilk növbədə Azərbaycanda xeyli siyasi məhbusun olduğuna diqqət çəkib: “Məhz siyasi məhbus amilini nəzərə alaraq, belə bir təşəbbüs ortaya çıxdı. Mən də keçmiş vicdan məhbusu kimi, bu təşəbbüsü dəstəklədim. Artıq Britaniya parlamentinin bir neçə üzvü də bu təşəbbüsə qoşuldu”.
Azərbaycanda siyasi məhbusların azadlığa buraxılacağına inamını ifadə edən Emin Milli onu da əlavə edib ki, bu addımın atılması beynəlxalq aləmdə ölkəmizin nüfuzuna müsbət təsir göstərəcər. Blogger həmçinin azərbaycanlıların daha rahat, daha azad ölkədə yaşamaq haqqı olduğunu da vurğulayıb.
Britaniyalı deputat Yan Lidel Qreynger də bu təşəbbüsü dəstəkləyənlərdəndir. O bildirib ki, petisiyanı Britaniyanın Xarici Işlər Nazirliyinə təqdim edəcək: “Çalışacağam ki, xarici işlər naziri Uilyam Heyq Ilham Əliyevlə danışaraq, onu indiki zamanda xalqına azadlıq, o cümlədən ifadə azadlığı verməyə çağırsın”.