“İranda və Azərbaycanda yaşayan sıravı azərbaycanlılar hakim rejimlərin kaprizlərinin qurbanına çevirilib”
Azərbaycan Xalq Cəbhəsi Partiyası İranda saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı bəyanat verib.
AXCP ədəbi görüşlərdə iştirak etmək üçün İranda olarkən orda saxlanılan şairlərimizin taleyindən xüsusi narahatlığını ifadə edib.
Partiyanın bəyanatında xatırladılır ki, ötən gün İran hakim dairələrinə yaxın KİV-də yayımlanan videosüjetlə şairlərin cəsusluğunun “sübutuna” cəhd olunub. Sübut kimi onların diktafonunu, fotoaparat və telefonları təqdim olunub ki, bu da acı gülüş doğurur. Təəccüblüdür ki, bir intellektual xaricə sadalanan avadanlıqlar olmadan necə səfərə gedə bilər?
AXCP baş verən hadisədə kriminal element görməyərək, təəssüflə bildirir ki, İranda və Azərbaycanda yaşayan sıravı azərbaycanlılar hakim rejimlərin kaprizlərinin qurbanına çevirilib. İki dövlət arasında anlaşılmazlıq yaranan kimi sıravı vətəndaşlar qondarma ittihamlarla həbsə salınır.
AXCP konkert halda gənc şairlərə qarşı verilən ağır ittihamları əsassız sayaraq, İran hakimiyyətindən onları azad etməsini, iki dövlət arasında yaranan problemi sadə insanları qisas obyektinə çevirmədən, sivil danışıqlar yolu ilə həll etməyə çağırır.