Avropa Parlamenti Azərbaycana xəbərdarlıq etdi

“Ölkənin neftdən asılılığı iqtisadiyyatı neftin qiymətlərindən asılı vəziyyətə salır”

Avropa Parlamenti “Şərq Tərəfdaşlığı” ölkələrinə dair qətnamə qəbul edib. Deputat Miroslav Ransdorfun təqdim etdiyi hesabatın müzakirəsi nəticəsində qəbul olunan qətnamədə qeyd olunur ki, şərq qonşuları ilə dərin və hərtərəfli sərbəst ticarət zonalarının yaradılması bu ölkələrin demokratiyaya can atmasına və regionda münaqişələrin nizamlanmasına dəstək vermiş olacaq(APA).
Avropa Parlamentinin üzvləri sərbəst ticarət zonalarının yaradılması üçün “Şərq Tərəfdaşlığı” ölkələrini öz milli qanunvericiliklərini AB qanunvericiliyinə uyğunlaşdırmağa çağırıblar. Qətnamədə həmçinin hər bir ölkə ilə bağlı konkret tövsiyələr yer alıb. Avropa Parlamenti Azərbaycanı öz iqtisadiyyatını diversifikasiya etməyə çağırıblar. Qətnamədə qeyd olunub ki, ölkənin neftdən asılılığı iqtisadiyyatı neftin qiymətlərindən asılı vəziyyətə salır. Sənəddə bildirilir ki, ölkə xarici sərmayədarlar üçün daha cəlbedici olmalıdır.
Ermənistana gəldikdə, deputatlar ölkədə siyasi elita və biznes dairələrin sıx əlaqələrindən narahatlıqlarını ifadə ediblər. Qətnamədə həmçinin vergi sisteminin şəffaf olmaması və sərmayədarların zəif müdafiə sistemi ilə bağlı narahatlıqlar da öz əksini tapıb.
Avropa Parlamenti hesab edir ki, Türkiyə ilə münaqişə Ermənistanı iqtisadi baxımdan təcrid edir və sərhədlərin açılması bu ölkənin Rusiyadan asılılığını azalda bilər.