“Gürcüstanlılar ucdantutma alverçidilər”,- indi belə deyildiyini tez-tez eşidirik. Bizim istəyib-istəməməyimizdən, eləcə də necə yanaşmağımızdan asılı olmayaraq bu bir gerçəklik faktıdır. Iki ayağımızı bir başmağa dirəməklə biz bu faktı dana bilərik. Hansı yollasa biz qarşımızda bunu deyəni susdura da bilərik, ancaq bununla “gürcüstanlı” adlanan topluma vurulan damğa aradan qalxmayacaq – ortadakı bəlli bir gerçəyə görə. Onlara “Qraz” da deyirlər, yenə də ortadakı bəlli gerçəyin acığına.
Söz özündən yaranmır
Başqa bir bəlli gerçəyin ürünü olaraq bizim soydaşlarımızın başqa bir kəsiminə “Yeraz” deyilir. Bundan acıqlananlar var, buna acıqlanmaq gərək deyil. Sözsüz, bu sayaq adqoymalara sevinmək də olmaz. Ancaq elə-belə acıqlanmaq da yersizdir. Dil qanunlarını bilənlər bunu da bilirlər: sözlər dilə elə-belə gəlmir; hansısa gerçəkliyin doğuşu olaraq gəlir – biz özümüz dünyaya gəldiyimiz kimi. Özümüzün doğulmağımıza acıqlanırıqsa, sözlərin də doğulmağına acıqlanaq.
Azərbaycanda “ermənistanlılara” acığı H.Əliyevin 1969-dan özülünü qoyduğu, “Ermənistan” regionçuluğu siyasəti doğurdu. Ötən yüzilin 70-80-ci illərində “Ermənistan” Azərbaycan üçün kadr bazası rolunu oynayırdı. H.Əliyev hər yerə “ermənistanlıları” gətirib doldururdu. H.Əliyevin KQB-dən gəlmə ustalıqla seçib yerləşdirdiyi bu adamların əlbir əməyi ilə Azərbaycanda rüşvət-korrupsiya tezliklə bütün sınırları aşmışdı. Getdiyi bütün hakimiyət strukturlarında “ermənistanlıları” görən xalq, sözsüz, bütün problemlərinin, ağrı-acılarının başlıca nədəni olaraq da onları görürdü.
Hakimiyətə qayıdışının ikinci dönəmində də H.Əliyev özünün əski regionçuluq-klançılıq siyasətlərini yenidən sürdürməyə başladı. Meydan Hərəkatı dönəmində birləşib bir yumruğa çevrilmiş xalqı o, yenidən parçaladı. Ancaq indi bir az başqa biçimdə. Görünür, “Ermənistan” azərbaycanlılardan arındığına görə ona daha “ermənistanlılar” gərək deyildi. Ona indi naxçıvanlılarla gürcüstanlılar gərək olmuşdu. Bilindiyi kimi, son 19 ildə gürcüstanlı soydaşlarımızın, Gürcüstandakı doğma torpaqlarımızdan, naxçıvanlı soydaşlarımızın Naxçıvandan köçüb daşınması sürəci ilə üzləşmişik. Köçürmə metodu “Ermənistanla” olduğu kimidir: rüşvət-korrupsiya sistemi qurulur, ayrıca seçim yoluyla Naxçıvandan, gürcüstanlılardan kimlərsə görəv başına gətirilir (başlıca olaraq bazar adamları, bazar düşüncəli, alverçi xarakterli adamlar). Qanunların hər yerdə tapdanması yolu ilə hər yerdə xalqın hüquqları tapdanır, bütün televiziyalar, hakimiyyətə bağlı qəzetlər elə hey “prezident yaxşıdır, ətrafı pis” görüntüsü yaratmaq, düşüncəsi biçimləməklə, suçu özgələrin üstünə atır, xalqı hakimiyyət strukturlarında gündəlik üzləşdikləri ilə daha çox salışdırır – “naxçıvanşina-naxçulik”, “qraz”!
Özünü “ermənistanlıların” lideri adlandıran birisi bugünlərdə yaramaz bir ideya ilə çıxış etdi: “Biz ermənistanlılar olaraq hakimiyətin qarşısında bizi bir rayona köçürmək tələbi qoymalıyıq – bir-birimizdən aralanıb dağılmamağımız üçün”. Görünür, bu adam, eləcə də düşük düşüncəli belələri gerçəkdən millət içində millət düzəltmək istəyirlər – YERAZ milləti. Görünür, düşmənlərin bir millət olaraq bizi beş-altı yerə parçalamağı belələrinə az görünür. Düşmənlərin “Ermənistan” adlandırdığı doğma yurd-yuvasından qovulub gəlib özünün milli bir parçasına qaynayıb-qovuşmaq yerinə, özündən ayrı toplum, ayrı millət düzəltmək!- necə da ağrılı, necə də acınacaqlı görsənişdir…
Isaxan, Isa nağılı
Biri var idi, biri yox idi, bir Isaxanla bir Isa var idi. Onlar Azərbaycana Gürcüstandan gəlmişdilər. Bir yerdən, ancaq bir-birindən soraqsız gəlmişdilər. Özü də Ağatlı oğlan kimi gəlmişdilər. Çağrılmamışdılar – özləri gəlmişdilər. Azərbaycanı sevərək, Ana Yurd sanaraq gəlmişdilər. “Çal qılıcın, qardaşım, yetdim!”, deyibən gəlmişdilər. Gəldilər, savaşdılar, Yurdumuzu yağılardan qorudular. Ancaq onlar Yurdumuzu bilinən yağılardan qorudular, bilinməyənlərə – sözdə bizlə, işdə yağılarla bir olanlara yenildilər!
Biri polis komandanı idi, o biri ordu komandanı. Bu ona, o buna dayaq duruban yağıya qan uddurmuşdular. Gördükləri böyük işlərə görə hər ikisi başa çəkilə bilər, bölgəlik deyil, ölkəlik polis, ordu komandanı ola bilər, boyun əyməz, boyun əydirərdilər, torpaq verməz, torpaq alardılar. Onları dustaq apardılar. Arxaya – Bakıya! Ölkədə gözlənilmədən yağı ağalığı qurulmuşdu. Isa bir yolla canını qurtarıb ölkədən getdi. Getdi, qayıtmaq üçün! Qayıdıb Böyük, Bütöv, Özgür, Demokratik Azərbaycanı qurmaq, qorumaq üçün!!!
Isaxan da getdi. Gəldiyi yerə getdi. Qayıtmayacaq. Qalıb uca çiyinlərində o yerləri qaldıracaq: gürcüstanlı adına üstün MILLI MƏNLIK, ayrıca TƏPƏR qazandırmaq üçün!
Ölkədə yağı ağalığı qurulmasaydı, onlar başa çakilib uyğun olaraq Daxili işlər, Müdafiə naziri ola bilərdilər. Onda ortaya onların yurdsevər seçiminə uyğun olaraq, içində gürcüstanlısı, naxçıvanlısı, “ermənistanlısı” olmaqla bütünlükə başqa millət çıxacaqdı – MILLI MƏNLIK duyğusu ilə qaynam-qaynam qaynayan bir millət! Çağdaş Gürcüstandakı bəlli dəyişiklikdən gördüyümüz kimi, başda duran doğru olanda seçim doğru seçimi, oğru olanda oğru seçimi olur. Ispan filosofu Xose Orteqa-i-Qasset etnosu diriləşdirməyin yolunu sərtlik, ardıcıllıqla ən yaxşıların seçilib başa çıxarılmağında görür. Onun düşüncəsinə görə, yalnız ən yaxşıların seçilib başa çəkilməsi yönündəki kəskin, ardıcıl çalışmalarla millət özümlüyünə qovuşa bilər. Uzun illərdən bəri Azərbaycanda bütünlüklə tərsinə proses – ən pislərin seçilib başa çəkilməsi prosesi sürdürülməkdədir. Son 19 ildə bütün seçkiləri saxtalaşdırmağın başlıca nədəni ən pisləri – yararsızları başa çəkib örnəyə çevirməklə yararsız millət yaratmaqdır. Bu, əliyevçi ailə hakimiyətinə “ümummilli” xarakter vermək, illərlə SEÇILMƏK hüququ qazandırmaq üçün düşünülmüş ideal variantdır.
Peyğəmbər xan
Isa da, Isaxan da, bildiyimiz kimi, xristian peyğəmbərinin adıdır. Bir variantda eləcə Isa, başqa variantda “xan” artırması ilə. Bizdə bir Məmmədxan adı da var. Bu, islam peyğəmbərinin azərbaycanlılaşdırılmış adıdır. Batıdan Azərbaycana gələn-gəlməyən bir çoxları bizə dözümlülük, başqa cür desək, “tolerantlıq” dərsləri keçməyə çalışırlar. Bizdə bir çoxları bu görsənişə çox asanlıqla, dinməz-söyləməz boyun əyir. Boyun əydirənlərin də, əyənlərin də düşüncəsinə görə, biz “tolerant” deyilik. Ən çox da yüz ildən bəri özümüzü qıra-qıra, torpaqlarımızı tuta-tuta gələn ermənlərlə danışığa gedib Qarabağı onlara de-yure vermək istəmədiyimizə görə. Bu yerdə adına “tolerantlıq” deyilən “dinc danışıqlar” yolu ilə milli mənliyin itirilməyinin bir variantıdır.
Dözümlülük-tolerantlıq bizim qanımızdadır. Bunu Isaxan adından da görmək olar. Yer üzünün hansı xalqında özgə peyğəmbərə bir belə sayğı faktı var? Bəlkə, bir sıra “tolerant” dövlətlərin arxa durduğu aqressor ermənilikdə belə bir sayğı faktı var? Yoxdur, ola da bilməz. Demək istədiyim budur: Isaxan adının özü bir milli üstünlük, milli kimlik faktorudur. Biz buyuq – düşüncəsində, baxışlarında “irq ayrı-seçkiliyi olmayan” (L.Qumilyov) gözəl könüllü millət!
Kiçicik bir yadasalma
Isaxanla mənim yaxınlığım olmayıb. Onu daha çox Isa Sadıqovun yazısından tanımışam. Onun Qazaxda polis başqanı olarkən gördüyü gərəkli işlərdən çox az soraqlı idim. Bilmədiklərimi Isa Sadıqovun yazısından öyrəndim. Belə yazılar qabaqcadan yazılıb yayılsaydı, daha yaxşı olardı. Bizdə adamları sağlığında dəyərləndirmək gələnəyi, demək olar, yoxdur. Bu bizim hamımızın suçumuz, utanc yerimiz sayılmalıdır. Adamlar sağ ikən yetərincə dəyərləndirilməli, sağ ikən üstünlük örnəyinə çevrilməlidirlər. Hakimiyyət nə hakimiyyəti olur olsun, toplumun öz dəyərləndirməsi olmalı, toplum özü öz dəyərlərini yaradıb ona üstünlük qazandırmağı bacarmalıdır.
…Qaradağda bir jurnalistin məhkəməsi olacaqdı. Isaxan onun vəkili idi. Görüşüb, Isaxanın maşınında Qaradağa gedirdik. Yolda nədən danışırdıq, bilmirəm. Isaxan birdən mənə sarı çevrilib soruşdu: “Səndə Mahmud Qaşqarlının ”Türk lüğəti” əsəri var?”. “Yox”,- dedim. “Məndə var, – dedi,- onu sənə verəcəm, o, mənlik deyil, sənlik kitabdır”. Bir az ara verəndən sonra: “Məndə başqa kitablar da var,- dedi,- onları da sənə verəcəm, onlar da sənlik kitablardır”. Biz ondan sonra bir yol görüşdük, sonra görüşmədik. Kitablar da Isaxanda qaldı.
Isaxan, sözsüz, birinci özünün yaranışdan gələn bacarığına, sonra da kitablardan topladığı geniş bilgilərə görə vəkil olaraq jurnalistlərin sevimlisi idi. Onun vəkilliyi, proses boyu çıxışları, atmacaları istənilən məhkəmə prosesinə özümlü çalar qatır, ayrı xarakter verirdi. Onda hər adamda olmayan, intellektuallara özgü güclü yumor duyğusu vardı. Bu duyğu da Isaxanın vəkilliyinə, eləcə də insanlığına ayrıca üstün çalarlar qatırdı. Mən bu yazını yaza-yaza da Isaxanı özümlü baxışları ilə gülən görürəm. Isaxan gülə-gülə ağlatmağı bacaran seçilmişlərdəndi…
Yaxşı oldu onu Gürcüstanda torpağa tapşırdılar – bizdən qabaq Demokratiya yoluna çıxan, diləklərimizə dirilik verən torpaqlarımızda! Onu hələlik yarımçıq da olsa, istəyinə qovuşmuş saymaq olar…