Sabiq deputat icra başçısını yenə ittiham etdi

Maksim Musayev: “Xızı rayonu ən çox Vaqif Abdullayevin dövründə dağılıb”

Sabiq deputat Maksim Musayevlə Beyləqanın icra başçısı Vaqif Abdullayev arasında qalmaqal davam edir. Oxucuların diqqətinə çatdıraq ki, Maksim Musayev modern.az saytına müsahibəsində Vaqif Abdullayevi sərt tənqid etmişdi.
O, Beyləqandan əvvəl Xızı rayonunun icra başçısı olmuş Vaqif Abdullayevi rüşvətxorluqda suçlamışdı. Icra başçısının sabiq deputata cavabı isə sərt olmuşdu. Vaqif Abdullayev Maksim Musayevi Xızıdan qovduğunu dilə gətirmişdi.    
Maksim Musayev isə dünən “Azadlıq”a açıqlamasında Vaqif Abdullayevin dediklərinin həqiqətə uyğun olmadığını bildirib: “Mən Xızıdakı evimi dəyişmişəm, oradan köçmüşəm. Bu da maddi sıxıntıların üzündən baş verib. Görünür, Vaqif Abdullayev buna görə belə deyir və təbii ki, doğru danışmır”.
Sabiq deputat daha sonra deyib ki, Xızı rayonunun yaradılmasında onun böyük rolu olub: “Xızı rayonu 1990-ci ilin səhv etmirəmsə aprel ayının 20-də yaranıb. Rayonun planına mən imza atmışam. Demək olar ki, rayonu mən yaratmışam. Biz Xızının inkişafı üçün çox əziyyət çəkmişik. Təsəvvür edin, mən barakda yaşayırdım. Kabinetimiz, hətta əl-üz yumağa yerimiz belə yox idi. Rayonun inkişafı üçün əlimizdən gələni etdik. Mən Xızı üçün tər tökmüşəm. Xızının 20 illiyi ilə bağlı kitab da yazdım. Istədim rayonun 20 illiyi keçirilsin. Amma Vaqif Abdullayev səsini çıxarmadı. Doğrudur, mən ona bu barədə müraciət etməmişdim. Amma o bir icra başçısı kimi rayonun 20 illiyinin nə vaxt olduğunu bilməli və qeyd etməli idi. Ümumiyyətlə, Vaqif Abdullayevin dövründə Xızıda heç bir iş görülmədi. Yalnız rayonun mərkəzi küçəsi təmir edildi. Mənim Vaqif Abdullayevlə heç bir təmasım olmayıb. Sadəcə rayonun dağılmasına susa bilmirəm. Xızı rayonu ən çox da Vaqif Abdullayevin dövründə dağılıb. Indi onu Beyləqana icra başçısı təyin ediblər. Oranın icra başçısı Irşad Əliyev ziyalı, iş bacaran bir şəxs idi. Qorxuram ki, Vaqif Abdullayev onun da rayonda gördüyü işləri məhv edə”.
Maksim Musayevin fikirlərilə bağlı Vaqif Abdullayevin  mövqeyini öyrənmək istədik. Lakin icra başçısının telefonu qapalı olduğundan istəyimiz baş tutmadı.

Hikmət