Rəis müavini dustağın “borcunu” necə sildi?

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Istintaq zamanı Tərtər rayonundakı inşaat malları dükanlarının nisyə dəftərlərində hərbi qulluqçu Elxan Əliyevin adına xüsusi “hesab”ların olduğu aşkarlanıb. Yəni, Elxan hərbi büdcədən “N” saylı hərbi hissədə bu sadalanan işlərin görülməsi üçün ayrılan, amma daha yuxarıdakı hərbi rəislərin daha vacib özəl xərcləri ucbatından aşağıya, onun qulluq etdiyi ucqar hərbi hissəyə gəlib çıxmayan və heç zaman da gəlib çıxmayacaq vəsaiti gözləməyib. Öz məvacibinin bir hissəsini və əsgərlərin maaşından toplanması mümkün olan əməkhaqqı parçalarını yığıb, orada həm tabor komandiri, həm də iş icraçısı qismində fəaliyyət göstərib. Əlbəttə, bu, qanunsuz fəaliyyətdir. Qanuni fəaliyyət bundan ibarət ola bilərdi ki, Elxan qulluq etdiyi hərbi hissənin təchizatı üçün ayrılan pulların yetişmədiyini görüb bu büdcəni bölən ən yüksək komandirə məktubmu, raportmu, nəsə buna bənzər bir məlumat yazaydı. Bu şikayətdən sonra həmin hərbi hissəyə aid vəsait oralara gedib çıxa bilərdi. Elxan Əliyevə isə tutduğu bu fədakar mövqeyə görə təriflər yağdırardılar və başqa günlərin birində onun – bu demoqoq zabitin Vətənə xəyanət edə biləcəyi bir ilişki tapıb indi mühakiməsini gözlədiyi Ağır Cinayətlər üzrə Hərbi Məhkəməyə yollayardılar. Həmin prosesdə baş leytenant Elxan Əliyevə indi gözlənildiyi kimi 4-5 il yox, 14-15 il cəza verərdilər, amma bunun ümumi prosesə yalnız xeyri ola bilərdi. Ordudakı korrupsiya faktlarından birinin üstü açılar və ya qarşısı alınar, ordumuzun mənəvi mühiti bir qədər də sağlamlaşar, hərbi büdcəyə məsuliyyətli münasibətin daha bir çınqılı qoyulardı. Amma baş leytenant Elxan Əliyev Vətən və millət yolunda bu fədakarlıqlara hazır olmayıb, özfəaliyyətlə məşğul olub…
Elxan Bayıl türməsinə gətirilərək bir gün karantində saxlanılıb. Buradakı dəhşətli anti-sanitariyanı görüb ikinci özfəaliyyətə girişib. Oradakı başqa dustaqların birindən öyrənib ki, karantindən çıxmaq və əla bir kameraya köçürülmək üçün bu korpusun starşinasına hörmət eləmək lazımdır. Üstündə və ciblərində starşinaya hörmət etmək üçün heç bir uyğun materiya tapa bilməyən Elxan atasının əzbərdən bildiyi telefon nömrəsini starşinaya verib və deyib: “Məni babat bir korpusun babat bir kamerasına köçürün, sonra bu nömrəyə zəng edin ki, sizin hörmətinizi eləsinlər”.
Mənim qaldığım kamera “burjuy kamera” sayılırdı. Sabiq səhiyyə naziri Əli Insanov zona köçürüləndən sonra tamam boşalmış bu kameraya, əsasən, cənub zonasından (Astara, Lənkəran, Lerik, Masallı) “milli statya”larla gətirilən imkansız dustaqları yerləşdirmişdilər. Amma mən buraya gələndən sonra kamera hansısa özəllikləri ilə fərqlənməyə başladı və ikicə ay sonra tam “burjuyka” hesab edildi. “Burjuyka”da yerləşmək üçün isə 400-500 dollar ödəmək lazım idi.
Səhəri gün Elxan vəkillə görüşə çıxdı. Görüşdən qayıdıb maraqlı şeylər danışdı: “Karantinin starşinası atama zəng edib vəziyyəti danışıb. Bu gün vəkil starşinaya 100 dollar verib. Amma starşina deyib ki, o kameranın qiyməti 500 dollardır. Özümə oradan 100-cə dollar çatır, bunu istəmirəm, müdiriyyətə çatası 400-ü gətirməlidirlər”.
Yoxsa, Elxana nə olacağını bilmirəm, amma starşina özünün dərisinin soyulacağından ehtiyatlanıb. Elxana nə ola bilərdi ki? Uşaqlar dedilər ki, Elxanı bu kameradan çıxarıb başqa kameraya apara bilərlər. Açığı, karantin korpusunun starşinasının dərisi mənim üçün 5 qəpiklik dəyər daşımadığından və sadəcə, bu gəncə qanım qaynadığından, onun başqa kameraya köçürülməsini istəmədim. Buna görə də dedim: – Evə nə vaxt xəbər göndərə bilərsən ki, pul-zad lazım deyil?
– Amma məni, Allah bilir, hansı cəhənnəmə aparıb tullayarlar.
– Qorxma, mən bu məsələni pulsuz həll edərəm.
Elxan anlaşılmazlıqla və içinə bir qədər dəhşət elementi qatılan suallı baxışlarla kameradakıların sifətinə döyükdü. Onlar da növbə ilə təsdiq etdilər ki, “Hacı dedisə, eləyər”.
Səhəri gün Elxana “peredeça” (yəni, evdən yemək-filan) gətirdilər. O, balaca bir kağıza, “heç kimə pul verməyin, özüm məsələni həll etdim” sözlərini yazıb göndərdi və pul söhbəti bitdi. Həmin gün axşamüstü vəkilim Osman Kazımov Bayıla gəlmişdi. Onunla söhbətləşib geri qayıdanda türmənin həyətindəki hovuzun yanında Ağası müəllimi gördüm. Salamlaşdıq. Ağası müəllim soruşdu:
– Müəllim, nə var, nə yox, bir problem-zad varmı?
– Var, təcili bir az pul lazım idi. Burada bir dustaqdan aldım. Onun da sizə verəcəyi vardı. “Mən onlara verərəm”, dedim. Indi qalmışam naəlac. Bilmirəm, neyləyim…
Ağası gözlərini döydü:
– Nə pul? Bizim heç bir dustaqdan alacağımız yoxdur, axı…
– Yoxdursa, lap yaxşı, Allah canınızı sağ eləsin!
Bunu deyib yoluma davam etdim. Kameraya girdiyimdən 5-10 dəqiqə keçməmişdi ki, nəzarətçi qapını açıb, “Ağası müəllim çağırır”, – dedi. Rəis müavini marağını boğa bilməmişdi: “Mən ölüm, nə pul söhbətidir?”, – deyə soruşdu. Mən hadisəni starşina üçün təhlükəsiz ola biləcək ən optimal və ən yumoristik şəkildə nağıl etdim. Sonra da, “Leytenantın bizim kamerada qalmasını istəyirəm”, – dedim və zarafatla zəruri əlavəni vurğuladım: “Haqqını özüm verəcəyəm, narahat olmayın”. Rəis müavini Elxanın bizim kamerada qalacağı təminatını verib getdi və bununla da baş leytenant Elxan Əliyev 123-ün daimi sakinlərindən biri oldu.
Amma o, rota komandiri kimi yox, ibtidai sinif müəllimi kimi qaldı… Bu, daha təhlükəsiz məşğuliyyətdir. Əgər Şamxal, Habil, Şamil, Rasim,.. dərslərini pis oxusalar, ya heç nə anlamasalar belə, buna görə 123 saylı ibtidai sinif məktəbinin müəllimi Elxan Əliyev heç bir cinayət məsuliyyəti daşımayacaqdı, tutulmayacaqdı…
Orada, hərbi hissələrdə daha təhlükəli oyunlar baş verir. Bayıl məhbus hərbçilərlə doludur. Bir ucdan Gəncədən daşıyıb gətirirlər. Bu yaxınlarda 20-30 nəfəri bir dəstə şəklində tutub gətirmişdilər. Bu dəstənin işi tamam-kamal komediya idi. Deməli, bütöv bir tağımın əsgərləri bir-bir düşmən səngəri tərəfə satılıb. Orada balaca ranqlı bir zabit bu əsgərləri sanki topdan satırmış. Hansısa yolla aldadıb erməni səngərinə aparır, orada yedirib-içirirmiş, sonra ermənilər başlayırlarmış yeni gətirilən Azərbaycan əsgəri ilə mazaqlaşmağa. Bu səhnələri videoya çəkib əsgəri şantaj edirlərmiş: “Ya yeni birisini gətirəcəksən, ya da bu görüntülər yayılacaq”. Beləcə, bütöv bir tağım bir-birinin dalınca erməni tərəfə mazaqlaşmağa gedir (aparılır). Bu qədər müddətdə bu işin üstü nədən açılmır? Allah bilir. Yaman dillər deyirlər ki, əvvəllər komandir xüsusi hissə ilə anlaşıbmış, sonradan anlaşmaya əməl eləməyib, xüsusi hissə də hirslənərək olayın üstünü açıb. Belə! 30 nəfər Bayıldadır. Indi bunların Vətənə xəyanəti cəhənnəm, – gözlərinə girsin, – hamısı Bayılda üzdəniraq kimi qəbul edilir, “toxunulmaz”dırlar.
Bu məsələ barədə Elxandan soruşuram. “Hə, mən Gəncədə olanda bu barədə eşitdim”, – deyir. Vəssalam. Sonradan kameraya gəlib çıxan başqa bir leytenantdan da soruşuram ki, bu cür hadisələr tez-tezmi olur?..

Ardı var