“Mənə vasitəçilik təklif olunmayıb”

Mehman Əliyev: “Əli Həsənovla görüşdə heç bir müxalifət liderinin adı çəkilməyib”

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdan müxalifət liderləri ilə hökumət arasında vasitəçilik etmək təklifi almadığını deyir. Bir neçə gündür ayrı-ayrı mətbuat orqanlarında M.Əliyevin Ə.Həsənovla görüşünə dair maraqlı məlumatlar dərc olunur.
Həmin məlumatlara görə, M.Əliyev məlum görüşdə Oqtay Gülalıyevin, Kür daşqınlarından əziyyət çəkən insanların problemlərini qaldırıb. Ə.Həsənov isə ona hökumətlə müxalifət arasında dialoq üçün vasitəçilik etməyi təklif edib. M.Əliyev təklifi qəbul edib və bununla bağlı Müsavat başqanı Isa Qəmbərlə söhbət edərək onun razılığını alıb. AXCP sədri Əli Kərimlinin mövqeyi isə bəlli olmayıb.
Qəzetimizə açıqlamasında M.Əliyev vasitəçiliklə bağlı yazılanların başdan-ayağa qədər yalan olduğunu deyir: “Görüş olub və orada əsasən Oqtay Gülalıyevlə bağlı danışmışıq. Bundan başqa mətbuatın yayım problemini qaldırmışam. Əli Həsənov da deyib ki, bununla bağlı toplantı olacaq, oldu da. Daha sonra onu da bildirdi ki, onlar vətəndaş cəmiyyəti ilə dialoqa başlamaq istəyirlər. Mənə vasitəçilik təklif olunmayıb. Bundan heç söhbət belə getməyib. O görüşdə heç bir müxalifət liderinin adı çəkilməyib”.

Gültəkin