İlham Əliyev də Ictimai Palata yaradır

Ölkə başçısı QHT-ləri, partiyaları, ziyalıları və jurnalistləri ətrafına niyə yığır?

Ölkə başçısı Ilham Əliyev Ictimai Palata yaradır. Bu barədə yayılan məlumatlarda deyilir ki, Ilham Əliyevin yaratdığı bu qurum mühüm dövlət, ictimai-siyasi məsələlərin müzakirə olunması və dövlət qurumlarına nəzarət ictimai nəzarət məqsədilə yaradılır.
Ictimai Palata siyasi partiyalar, QHT-lər və media quruluşlarının nümayəndələri ilə yanaşı, ölkənin tanınmış ziyalılarından təşkil olunacaq.
Məlumat üçün deyək ki, Rusiyada belə bir qurum 2005-ci ildə yaradılıb. Ilham Əliyev də əslində Rusiyadakı Ictimai Palatanın oxşarını yaradır. Hələlik bu quruma konkret kimlərin necə üzv ediləcəyi bəlli deyil. Rusiyada Ictimai Palatanın 42 üzvünü birbaşa prezident təyin edir. Azərbaycanda oxşar prosedurun olub-olmayacağı barədə bilgi yoxdur.
Bəzi məlumatlarda deyilir ki, Ilham Əliyevin belə bir quruma ehtiyac duyması hakimiyyətdaxili intriqaların getdikcə kəskinləşməsindən irəli gəlir. Ölkə başçısı bu qurumla hakimiyyətdaxili konfliktləri tənzimləmək, daha dişli qruplara təsir etmək məqsədi güdür. Lakin ideya müəllifinin tək Ilham Əliyevin olması bir qədər inandırıcı görünmür. Mümkündür ki, ölkə başçısı hansısa qrupun təsiri ilə belə qərara gəlib. Bu hansı qrup ola bilər? Hələlik bu suala cavab vermək çətindir.

Hikmət