Azərbaycanda iş adamının külli miqdarda pulu oğurlanıb. Binəqədi rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə iyulun 5-nə keçən gecə baş verib. Bakı şəhər sakini Emin İmran oğlu Məmmədov polisə müraciət edərək özünə məxsus “KİA” markalı avtomobildən 85 min manat pulun naməlum şəraitdə oğurlanması barədə məlumat verib (APA).
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Araşdırmalar zamanı məlum olub ki, E. Məmmədova məxsus pul elə onun yaxın dostu tərəfindən oğurlanıb. Belə ki, E. Məmmədov bankdan hesabında olan pulu çıxarıb. Bu zaman onun yanında dostu Nicat Yusifov da olub. Onlar pulu götürdükdən sonra birlikdə bir neçə ünvana gediblər. Bir neçə dəfə avtomobildən düşsələr də, maşındakı pulu özləri ilə götürməyiblər. Sonuncu ünvana çatanda E. Məmmədov maşında pulu tapmayıb.
Hadisəni törədən N. Yusifov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisədə zərər çəkən E. Məmmədov iş adamı, hadisəni törədən N. Yusifov isə bank işçisidir.


