Son həftələrdə gündəmi asanlıqla tutan bu məsələ ilə bağlı təkliflər verməyə hazırlaşmıram. Nə də vahid namizəd təklif etmək niyyətindəyəm. Hələlik bir neçə müşahidəmi bölüşməli olacağam. Düzdür, deyəcəklərim demokratik cinahın ümumi problemlərinə aid olsa da, indiki dartışmalarla kifayət qədər əlaqəlidir.
Çətin keçən müzakirələri nəzərdə tutaraq bu gün az qala hamı deyir ki, vahid namizəd məsələsini xüsusi məqsədlə ortaya atıblar, bununla siyasi gündəmi dəyişir və müxalifəti bir-birinə qarşı qoyurlar. Şəxsən mən də bu məsələdə iqtidarın marağının olduğunu inkar etmirəm. Amma başqa suallar da var:
1) Məgər gündəmdə başqa nəsə varmı indi? Gəlin etiraf edək ki, gündəm boşdur, siyasi yay tamamilə öz axarına buraxılıb və bu halda insanların fikrinin qarşıdan gələn seçkilərə yönəlməsi elə də təəccüblü deyil.
2) Müxalifətin qarşı-qarşı qoyulması məsələsinə gəldikdə isə, onu da etiraf edək ki, bu cür qarşıdayanmanın közü heç vaxt sönməyib – zaman-zaman üstü küllə örtülsə də, külün altındakı od qalıb.
Mən Azərbaycan siyasətçilərinin hansı çətin vəziyyətdə çalışdıqlarını, mübarizə apardıqlarını bilirəm. Amma onlar deyəndə ki, vahid namizəd məsələsi, yaxud başqa bir mövzu gündəmi dəyişir, diqqəti iqtidarın əməllərindən yayındırır, artıq sual verməyə bilmirəm. Sizə nə mane olur gündəmi tutan çıxışlar etməyə? Məsələn, “Eurovision” təzəcə bitdi, Ilham Əliyevin Azərbaycan vətəndaşı olmayan kürəkəni final şousunda göydən düşüb mahnı oxudu. Demək üçün, diqqət çəkmək üçün bunun kimi göydən düşən bir mövzunu da görmədiniz? Axı gündəmi göydən də tutmaq olur, yerdən çıxarmaq…
Odur ki, məhz yuxarıdakı səbəblərdən, vahid namizəd məsələsinin həllinin tez olduğunu deyənlərə, sadəcə bir məqamı xatırladıram. Bu məsələnin ortaya atılması tez ola bilər. Lakin həm də çox gecikib. Çünki onun həlli üçün öncədən var olmalı şərtlər hazırlanmayıb indiyəcən. Məsələn:
1) qarşılıqlı etimad mühiti;
2) normal müzakirə mühiti;
3) normal birlik forması;
4) vahid namizədin müəyyənləşməsi üçün üsul və ya mexanizmlər;
5) ümumiyyətlə, 2013 seçkisinə strateji yanaşma – gediləcəkmi, necə gediləcək, şüarlar, son hədəf nə olacaq və s.
Bunlar isə seçkilərə nəinki vahid namizədlə, hətta ayrı-ayrı namizədlərlə gedilsə belə, hökmən gerçəkləşməli olan məsələlərdir. Deməli, vahid namizədi indi müəyyən etməsən də, başqa nələrisə tez və gecikmədən yoluna qoymalısan.
Yada salıram, 2011-ci ildə mitinqlərin vaxtı ilə bağlı müzakirələrdə bir tərəf o biri tərəfi əməlli-başlı şantaj edirdi ki, mitinqə getmirsinizsə, hakimiyyətə işləyirsiniz, inqilabı gecikdirirsiniz. Sonuc nə oldu bəs? Yaxşı, bunun da üstündən keçək. Onsuz da, hesabını soran olmadı demirəm, heç müzakirə də edilmədi. Çünki belə müzakirəyə mühit də yoxdur. O zaman Inqilab Komitəsi yaradanların, Rauf Arifoğlu demişkən, maşını aşacaq sərtliklə döndərib indi vətəndaş sülhündən danışması da qalsın tarixin arxivində, amma biz nə vaxt hansısa vacib məsələni müzakirə edə biləcəyik?
“Bu məsələni həll etmək tezdir” deyərkən isə yəqin hamı görür ki, vahid namizəd olmağa hər iki əsas iddiaçının rəhbərlik etdiyi partiyadakı adamlar artıq müzakirələrə başlayıb. Bunu necə görməmək olar? Görməməzliyə vurub, bu məsələni pıçıltı mövzusuna çevirməkdə heç bir fayda yoxdur. Bəlkə onda bu müzakirələri sakitləşdirməyin bir normal və siyasi yolu var heç olmasa.
Bəlkə əksinə, bu müzakirələr qapadılmasın, daha faydalı formaya və məcraya yönəldilərək intensivləşdirilsin, genişləndirilsin və xalqın ölkədə yeni prezident görmək ehtirasının artması və güclənməsi prosesinə çevrilsin? Bəlkə bu məsələ iki partiyanı ayırmaq səbəbindən çıxıb, əksinə təkcə onları deyil, cəmiyyətin müxtəlif güclərini və təbəqələrini də birləşdirə bilər?

Vahid namizəd məsələsini həll etmək tezdirmi?
•