Koordinasiya Şurası süni şəkildə yaradılmış problemə münasibət bildirdi
İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. Dünənki iclasda İctimai Palatanın bir sıra strateji və taktiki məsələlərini müzakirə edib. Bu barədə məlumatı iclasa sədrlik edən Pənah Hüseyn verib.
Onun sözlərinə görə, İctimai Palatanın “Avtoritarizmdən demokratiyaya keçidin Yol Xəritəsi” sənədinin qüvvədə saxlanılması, avqust ayında həmin sənədin bir illiyi ilə bağlı xüsusi tədbirin keçirilməsi qərarlaşdırılıb.
KŞ, son dövrdə sosial şəbəkələrdə və mediada geniş müzakirə edilən İP-in prezidentliyə vahid namizədi problemi barədə də mövqe müəyyənləşdirib. Bununla əlaqədar KŞ bəyan edir ki, hazırda vahid namizəd məsələsi İP-in gündəmində deyil və bu istiqamətdə müzakirələr aparılmır. Eyni zamanda, KŞ 2013-cü il prezident seçkilərində demokratik düşərgənin geniş çevrələri ilə birlikdə, razılaşdırılmış demokratik prosedurlara uyğun olaraq müəyyənləşdirilən koalisiya şəklində iştirakı mümkün və faydalı hesab edib.
P.Hüseyn bildirib ki, son dövrdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun KİV rəhbərləri və QHT-lərlə keçirdiyi görüşlər də KŞ-də müzakirə edilib. Bununla əlaqədar bildirilir ki, İP hakimiyyətin vətəndaş cəmiyyəti və siyasi partiyalarla real dialoquna tərəfdardır. Hazırda keçirilən görüşlərin isə imitasiya, yoxsa real dialoqun başlanğıcı olduğunu prosesin nəticələrini izləyərək dəyərləndiriləcək.
İclasda siyasi məhbuslar məsələsi geniş müzakirə olunub. Azərbaycanda siyasi məhbus probleminin ən ciddi şəkildə mövcudluğu qeyd olunub. 2 aprel məhbusları Şahin Həsənli və Vidadi İsgəndərlinin hələ həbsdə saxlandığı pislənilib; onların, habelə beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınmış Əli İnsanov, Fərhad Əliyev, Nemət Pənahlı, Ramin Bayramov, Elnur Seyidov, Əvəz Zeynallı, İlham Əmiraslanovun və digərlərinin, o cümlədən məhbus dindarların, Quba məhbuslarının həbsdə saxlanmasının yolverilməz olduğu bildirilib və onların azad edilmələri tələb edilib. KŞ AŞ PA hüquq komitəsində Azərbaycanda siyasi məhbus problemi barədə qəbul edilmiş qətnaməni təqdir etdiyini bir daha bildirib və məruzəçi Ştrasserin məhbus siyahısı məsələsinin diqətə alınmasının zəruri sayılmasını vurğulayıb. P.Hüseyn əlavə edib ki, bununla əlaqədar iyulun 10-da İP siyasi məhbus problemi və AŞPA-nın Hüquq komitəsində Azərbaycanda siyasi məhbus probleminə dair qəbul olunmuş qətnamə ilə əlaqədar dinləmələr keçirəcək. 13 iyulda isə Avropa Məhkəməsində Azərbaycandan olan işlərlə bağlı dəyirmi masa keçirilməsinə qərar verib.
P.Hüseyn həmçinin deyib ki, KŞ “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova yeni ittihamların irəli sürülməsini də müzakirə edib. Əvvəlcə narkotiklə saxlanıldıqdan sonra ona qarşı vətənə xəyanət və separatçılıq kimi ağır ittihamların verilməsinin qeyri ciddi göründüyü qeyd olunub və pislənib. KŞ H. Məmmədov barədə həbs qətimkan tədbirinin dəyişməsini və istintaqın obyektiv, şəffaf aparılmasını tələb edir.
KŞ 14 iyulda İP-in sessiyasının keçirilməsi barədə qərar verib.