Ərəfatın ölümü haqda şok iddia

Fələstin liderinin sui-qəsdə qurban getdiyi bildirilir, onun cəsədi ekskumasiya olunacaq

Fələstin muxtariyyətinin 2004-cü ildə dünyasını dəyişən lideri Yasir Ərəfatın ölümüylə bağlı şok iddia ortaya atılıb. Qətərin “Əl-Cəzirə” kanalının xəbərinə görə, Yasir Ərəfat öz əcəli ilə yox, zəhərlənərək öldürülüb. Doqquz aydır davam etdirdiyi araşdırmanın nəticələrini açıqlayan “Əl-Cəzirə” kanalı Fələstin muxtariyyətinin liderindən qalan əşyalarda radioaktiv maddəyə rast gəlindiyini bildirir.
2004-cü ilin oktyabrında Fələstində qəfil səhhətində problem yarandıqdan sonra müayinədən keçmək üçün yollandığı Fransadakı bir hərbi xəstəxanada dünyasını dəyişən Yasir Ərəfatın ölümünün səbəbləri barədə indiyə qədər müxtəlif iddialar yayılıb. 75 yaşında vəfat edən Fələstin liderinin xərçəngdən, qara ciyər serrozundan, hətta AIDS-dən (SPID) öldüyünü deyənlər də var idi. Ancaq “Əl-Cəzirə”nin iddiasına görə, 2004-cü il noyabrın 11-də dünyasını dəyişmiş Ərəfatın ölümünün səbəbi bunlardan heç biri deyil.
Yeri gəlmişkən, 2007-ci ildə Ərəfatın sabiq köməkçisi Əbu Şərif də onun Israil kəşfiyyatı tərəfindən zəhərləndiyini bildirmişdi.
“Əl-Cəzirə”nin məlumatında qeyd olunub ki, Ərəfatın geyimi, diş fırçası və məşhur baş örtüyü üzərində aparılan test zamanı anormal səviyyədə zəhərləyici maddə olan polonium tapılıb. Isveçrənin Lozanna şəhərindəki Radiofizika Institutunda analiz edilən əşyalarda Ərəfata aid qan, tər, tüpürcək və sidik ləkəsi olduğu bildirilir. Aparılan araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, Ərəfat dünyasını dəyişdiyi zaman bədənində yüksək miqdarda polonium olub.
Fələstin muxtariyyətinin məhrum lideri Ərəfatın həyat yoldaşının “Əl-Cəzirə”yə verdiyi əşyalarda polonium, həmçinin kosmos vasitələrində gücü təmin etmək və s. müxtəlif məqsədlər üçün istifadə edilən yüksək səviyyədə radioaktiv maddə aşkarlanıb.
Ərəfatın ölümünün səbəblərilə bağlı müxtəlif iddiaların dolaşması Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın gözlənilməz qərar verməsinə yol açıb. Abbas Ərəfatın ölümünün səbəblərini araşdırmaq üçün cəsədin ekskumasiya edilməsi barədə göstəriş verib.
Fələstin Azadlıq Təşkilatının (FƏTH) mətbuat katibliyindən bildirilib ki, Mahmud Abbasın əmri ilə Yasir Ərəfatın cəsədi məzardan çıxarılacaq və laboratoriya analizləri aparılacaq.
Qeyd edək ki, ekskumasiya tələbi əvvəlcə Yasir Ərəfatın həyat yoldaşından gəlmişdi. O da həyat yoldaşının zəhərlənərək öldürüldüyünü düşünür.
Əlavə edək ki, Polşa əsilli kimyaçı və fizik Mari Kyuri tərəfindən 1898-ci ildə kəşf edilən poloniumun ilk qurbanlarından biri alimin öz qızı Iren olub. Anası kimi Nobel mükafat alan kimyaçı Iren Kyuri laboratoriyasındakı polonium partlayışı nəticəsində tutulduğu qan azlığı xəstəliyindən dünyasını dəyişmişdi.
Poloniumun ən məşhur qurbanı isə 2006-ci ildə Londonda xəstələnərək ölən keçmiş DTK agenti Aleksandr Litvinenko olub. Ingiltərə qurumlarının apardığı istintaq nəticəsində Rusiya hakimiyyətinə müxalif mövqeyilə tanınan Litvinenkonun çayına polonium atıldığı məlum olmuşdu.

İnformasiya şöbəsi