Qazaxıstan prezidenti hökumət rəsmilərinin xarici maşın almasını yasaqladı
Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət məmurlarına xarici avmobillər almağı qadağan edib. Prezident Qazaxıstanda avtomobil istehsal olunsa da, hökumət rəsmilərinin xarici maşın, xüsusən də “Mercedec” markalı avtomobil aldığını deyib və bunun dərhal qadağan edilməli olduğunu söyləyib.
Bir müddət əvvəl xidməti istifadə üçün nəzərdə tutulan avtomobillərin ölkə daxilində istehsalı barədə göstəriş verdiyini xatırladan Nazarbayev bəzi dövlət idarələrinin bu göstərişə əməl etdiyini bildirib.
Prezidentin sözlərinə görə, hökumət rəsmilərinin xarici avtomobildə gəzməsi mədəniyyətsizlikdir. Nazarbayev daha da irəli gedərək bəzi məmurların keçmişdə nə olduqlarını unutduqlarını deyib. Hətta ad çəkmədən həmin məmurları “dilənçi” adlandırıb: “Xarici ölkələrdə insanlar ailə üçün nəzərdə tutulmuş balaca avtomobillər alırlar. Çünki həm yanacağa qənaət edir, həm də tıxacların qarşısını alırlar. Amma bizdə indi harınlamış keçmiş dilənçilər fikirləşirlər ki, onlar tank almalıdırlar. Onlar tank sürməyin daha hörmətli olduğunu düşünürlər”.