“Hazırda bu müzakirələr yersizdir, vaxtsızdır, lazımsızdır, ziyanlıdır”
“Bu günün vəzifəsi azad, ədalətli seçkilər uğrunda müxalifətin daha geniş birliyini təmin etmək olmalıdır”
Son zamanlar Ictimai Palata daxilində və ətrafında müxtəlif səviyyələrdə müzakirələr gedir. Müzakirələrin mərkəzində isə əsasən Ictimai Palatanın seçkilərdə vahid namizədlə çıxış etməsi məsələsi dayanır. Aparılan müzakirələrin əhəmiyyətini nəzərə alaraq, “deyerler.org” Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimlidən müsahibə alıb:
– Əli bəy, son zamanlar Ictimai Palata daxilində və ətrafında ciddi müzakirələr gedir. Hətta bəziləri bu müzakirələrin sonda IP-in dağılması ilə nəticələnəcəyini deyir. Siz bu müzakirələri necə qiymətləndirirsiz?
– Müzakirələrə cəhdlər bir müddət qabaq olub. Iyun ayının əvvəllərində Ictimai Palatanın iclasında da bu barədə fikirlər səsləndirilib. Elə oldu ki, həmin müzakirələrdə sonda çıxış etdim və bu müzakirələrə öz münasibətimi bildirdim. Müzakirənin hələ ilk mərhələsində mən bildirdim ki, bu günün vəzifəsi ölkədə azad, ədalətli, demokratik seçkilərə zəmin yaratmaq uğrunda mübarizə olmalıdır. Bu günün vəzifəsi azad, ədalətli seçkilər uğrunda müxalifətin daha geniş birliyini təmin etmək olmalıdır. Yalnız demokratik seçki şəraitinə az-çox nail olandan sonra biz bu mövzuda müzakirələr aparmalıyıq. Ona görə də hesab etdim ki, Ictimai Palata daxilində vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı təkliflər vaxtında irəli sürülməyən təkliflərdir. Hazırda biz bu məsələ ilə məşğul olmalı deyilik və bunu ziyanlı hesab edirəm. Mənim müşahidəmə görə, Ictimai Palata daxilində əksəriyyətin mövqeyi mənimlə həmrəydir. Amma buna baxmayaraq, müəyyən səylər oldu ki, Ictimai Palata vaxtından əvvəl bu mövzunu müzakirəyə başlasın. Xeyli təşəbbüslər oldu. Amma Ictimai Palatanın fəalları, cəbhəçilər, Müsavatın daxilində məsələ ilə bağlı sağlam mövqe tutan, bütövlükdə Ictimai Palatanın Koordinasiya Şurasında təmsil olunan insanlar öz mövqelərini ifadə etdilər. Bu gün artıq bu müzakirələrə yekun vurmaq olar ki, Ictimai Palatanın tam əksəriyyəti belə qənaətdədir ki, hazırda bu müzakirələr yersizdir, vaxtsızdır, lazımsızdır, ziyanlıdır. Ona görə də yəqin ki, Ictimai Palata yenidən toparlanaraq azad, ədalətli seçkilər uğrunda öz mübarizəsini davam etdirəcək.
– Bundan əvvəl də istər AXCP, istər Müsavat, istərsə də digər partiyalar seçki dövründə seçkilərin saxtalaşdırılmaması uğrunda mübarizələr aparırdılar. Əgər indiki mərhələdə də azad, ədalətli seçki mühiti yaranmasa, Ictimai Palata hansı addımları atacaq?
– Indidən bizim demokratik seçki şəraiti yaratmaq uğrunda mübarizəmizin nəticə verməyəcəyi haqda qərara gəlmək yanlış olar. Bizim qarşımızda hələ bir müddət də vaxt var. Demirəm ki, bu vaxt çoxdur. Amma hər halda, xeyli vaxtımız var ki, demokratik seçki mühitinin yaradılması üçün ciddi səylər göstərək. Ilk növbədə cəmiyyətin bütün resurslarını, potensialını səfərbər etməliyik. Axırıncı dəfə Ictimai Palata bu məsələni ictimai müzakirəyə çıxaranda Ictimai Palataya üzv olmayan partiyalar da həmin müzakirələrdə iştirak etdilər. Orada biz razılığa gəldik ki, ölkənin bütün mühüm ictimai-siyasi qüvvələrinin təmsil olunduğu seçki islahatı ilə bağlı işçi qrupu yaradaq. Və seçki islahatı istiqamətində ciddi işləyək. Məncə, indi işləmək dövrüdür, nəinki bədbin proqnozlar və onların nəticələrini təhlil etmək.
– Əgər seçkilərin keçirilməsi üçün sağlam mühit yaranarsa, Ictimai Palata vahid namizədlə seçkilərə gedə bilərmi?
– Əlbəttə. Əgər biz seçki islahatı uğrunda mübarizənin birinci mərhələsində pozitiv nəticələr əldə edə bilsək, heç olmasa, seçkilərin demokratikliyinə müəyyən ciddi şanslar, ehtimallar yaransa, o zaman Ictimai Palata vahid namizəd irəli sürə bilər. Bundan ötrü çoxlu təkliflər, mexanizmlər var. Hesab edirəm ki, Ictimai Palatanı hər hansı ciddi təhlükə gözləmir.
– Vahid namizəd Ictimai Palatanın öz daxilindən, yoxsa kənardan seçiləcək? Çünki cəmiyyətdə qəbul ediləcək kənar bir şəxsin vahid namizəd kimi göstərilməsi fikirləri səsləndirilir…
– Bunun özü artıq vahid namizəd mövzusunun müzakirəsi deyil? Vahid namizədin kimliyi, necə olması ilə bağlı müzakirələr əsas məsələdən – seçki islahatından yayındırır və ona görə də biz onu ziyanlı hesab edirik. Amma sizin bu sualınıza cavab vermiş olsam, həmin o diskussiyaları başlamış olacağam. Onun üçün də bu nəyə lazımdır?
– Siz Ictimai Palata olaraq, bu müzakirələri burada dayandırmaq istəyirsinizmi?
– Bəli.


