Hakimiyyətin son gedişləri məcburi imitasiyadır

Ekspertlər Əli Həsənovun redaktorlar və QHT nümayəndələri ilə görüşünü bu cür qiymətləndirir

Son bir neçə gündə hakimiyyətin vətəndaş cəmiyyəti ilə münasibətləri normallaşdırmağa çalışdığı sezilməkdədir. Belə ki, bunun bir müddət əvvəl syiasi məhbusların bir qisminin azadlığa buraxılması ilə başladığını demək olar. Bundan sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öncə media təmsilçiləri ilə, daha sonra isə QHT nümayəndələri ilə görüş keçirdi. Bu görüşlərdə PA rəsmisi bir sıra vədlər verməklə yanaşı hakimiyyətin istər redaktorları, istərsə də 3-cü sektor təmsilçilərini narahat edən problemləri həll etməkdə maraqlı olduğunu dilə gətirib.
Hadisələri izləyən bir sıra ekspertlərin fikrincə, hakimiyyətin gözlənilmədiyi halda yürütdüyü daxili siyasəti kəskin dəyişməsi təsadüfi deyil. Bu, daha çox “Eurovision” yarışmasından sonra hakimiyyətə yönələn beynəlxalq təzyiqlərin artması ilə əlaqədardır. Istər Avropa Parlamentində hakimiyyət barəsində qəbul olunan sərt qətnamə, istərsə də Avropa Şurasında keçirilən son müzakirələr hakimiyyəti ciddi təşvişə salıb.
Bu baxımdan hakimiyyətin son zamanlar atdığı addımları beynəlxalq təşkilatların təzyiqlərinin nəticəsi olaraq demokratiyanın imitasiyasına qayıdış cəhdi kimi dəyərləndirmək olarmı? Ümumiyyətlə, Ə.Həsənovun keçirdiyi görüşlərdə verdiyi vədlərdən nəticə gözləmək olarmı?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, bir neçə gün əvvəl dövlət başçısının iştirakı ilə Türkiyədə “Trans-Anadolu” qaz kəmərinin çəkilişi ilə bağlı bu ölkə ilə razılaşma əldə olundu. Məhz bu hadisədən sonra BP tərəfindən NABUCCO West kəmərinin çəkiləcəyinin vurğulandığını qabardan F.Qəhrəmanlı qeyd etdi ki, bu, əslində Azərbaycanın Rusiya ilə Qərb arasında ikinciyə üstünlük verdiyini göstərir. F.Qəhrəmanlı hesab edir ki, strateji seçimdə bu dəyişiklik özünü daxili siyasətdə də göstərməlidir: “Azərbaycan hakimiyyəti strateji seçimdən sonra dəyişikliyin qaçılmaz olduğunu hiss edir. Çünki bir tərəfdən bu seçimin özü o deməkdir ki, Rusiyanın Azərbaycana təzyiqləri artacaq. Bu təzyiqlərin artması isə həm də Azərbaycanın Qərbin dəstəyinə ehtiyacını artıracaq. Bu isə Azərbaycanın geniş xətt boyu Qərbə inteqrasiyasını qaçılmaz edəcək. Belə olan halda isə Qərbin Azərbaycanda demokratikləşmə ilə bağlı istəklərinin yerinə yetirilməsi üçün Qərbin əlində təsir imkanları daha da artır. Bunun nəticəsidir ki, Azərbaycan hakimiyyəti Qərbdən gələn tələblərə laqeyd qala bilmir və müəyyən tələbləri nəzərə almalıdır”.
F.Qəhrəmanlı vurğuladı ki, ona görə bu günlərdə siyasi məhbusların buraxılması, vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşlərin keçirilməsi və bəyan olunması ki, analoji tədbir siyasi partiyalarla da keçiriləcək, təsadüfi deyil. Bu onu göstərir ki, hakimiyyət artıq daxili siyasətdə müəyyən addımlar atmağa, özünün aqressiv mövqeyindən geri çəkildiyinin anonslarını verməyə çalışır. Amma, F.Qəhrəmanlının sözlərinə görə, hələ ki, hakimiyyətin addımlarında səmimi islahat niyyətinin olduğu görünmür: “Müşahidələr göstərir ki, hökumət sadəcə olaraq görüntü yaratmaq, imitasiya siyasəti yürütməyə çalışır. Çünki siyasi məhbusların bir qismi buraxılsa da onların yerini yeniləri tutur və ya QHT-lərlə görüş keçirilir, problemlər qaldırılır və məlum olur ki, onlardan bir çoxunu hakimiyyət özü yaradır. Eyni ilə də siyasi partiyalarla bağlı oxşar mənzərədir. Əgər bu gün Azərbaycanda siyasi partiyaların normal fəaliyyəti üçün imkanlar yoxdursa, müxalifət efirə buraxılmırsa, sərbəst toplaşmaq azadlığı faktiki məhdudlaşdırılıbsa, bu problemləri öyrənmək üçün görüşməyəmi ehtiyac var? Deməli, hakimiyyətin atdığı addımlarda səmimi olduğunu ortaya qoymasına ehtiyac var”.
Amma bununla belə, F.Qəhrəmanlının fikrincə, hakimiyyət yalnız imitasiya siyasətini həyata keçirməklə kifayətlənə bilməyəcək. Çünki Azərbaycanın geosiyasi baxımdan inteqrasiya etdiyi məkan Qərb standartlarına uyğunlaşmanı zəruri edir. Ona görə, F.Qəhrəmanlının qənatincə, hakimiyyət atdığı imitasiya addımlarının get-gedə real məzmun daşımasına məcbur olacaq: “Bu tip görüşlərin keçirilməsi müsbət addım kimi qiymətləndirilməlidir. Eyni zamanda vətəndaş cəmiyyəti də, siyasi partiyalar da unutmamalıdırlar ki, ölkədəki demokratikləşmənin gələcəyi onların atacağı addımlardan asılıdır. Hakimiyyət də buna uyğun olaraq reaksiyalarını ortaya qoymalıdır. Indiki halda dialoq mühitinin yaradılması nə hakimiyyətin zərərinədir, nə müxalifətin. Əksinə, bu, hər iki tərəfin maraqlarına uyğundur. Ən əsası, burdan cəmiyyət uduşlu çıxır. Biz AXCP olaraq cəmiyyətdə qarşıdurmanın aradan qaldırılmasının tərəfdarıyıq. Indiki mərhələdə isə hakimiyyətin bu məsələlərlə bağlı nə dərəcədə səmimi olduğunu müşahidə etməklə məşğuluq”.
Hüquq müdafiəçisi Leyla Yunus da hesab edir ki, Ə.Həsənovla keçirilən görüşlərə “dialoq” adını vermək olar. Hazırda hakimiyyətin atdığı addımların geosiyasi reallıqdan irəli gəldiyini deyən L.Yunus vurğuladı ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər gərginləşəndən sonra iqtidarın yeganə seçim yolu qərbə üz tutmaqdır: “Qərbə inteqrasiya kursunun seçildiyinin elan olunması isə hakimiyyətdən ən azı demokratiyanın imitasiyasını vacib edir. Azərbaycanın mafioz rejimi atdığı addımlarla hazırda Özbəkistandakı Kərimov rejiminə yaxınlaşıb. Hər iki ölkədə siyasi məhbus, söz və mətbuat azadlığı ciddi problemlər sırasındadır. Vaxtilə hakimiyyət bəyan edirdi ki, Azərbaycan elə səviyyədə inkişaf edib ki, Avropanı da arxada qoyub və dövlətimiz heç kimdən asılı deyil. Bu məqamda isə Rusiya öz mövqeyini ortaya qoyaraq Azərbaycanın onun diqtəsi ilə hərəkət etməli olduğunu yüksək səviyyədə dilə gətirdi. Məhz bundan sonra hakimiyyət Avropaya inteqrasiya yolunu tutmağa qərar verdi”.
Hakimiyyətin atdığı addımların fonunda vətəndaş cəmiyyətinin daha aktiv siyasət yürütməli olduğunu düşünən L.Yunus hesab edir ki, siyasi məhbus problemlərinin həlli və başqa azadlıqların təmin olunması daha sərt formada istənilməlidir.

Xəyal