Suriya diktatoru türk təyyarəsini vurmalarından peşiman olduqlarını dedi; Rusiya isə təyyarənin Suriya ərazisinə girdiyini iddia edir
Suriyanın Türkiyəyə aid kəşfiyyat təyyarəsini vurmasıyla yaranmış gərginlik davam edir. Olayla bağlı sakit mövqe sərgiləyən Bəşər Əsəd Türkiyədə yayımlanan “Cümhuriyyət” qəzetinə müsahibəsində baş vermiş hadisəyə münasibət bildirib. Bəşər Əsəd Suriya qüvvələrinin türk təyyarəsini vurmasından məyusluğunu ifadə edib.
Əsədin sözlərinə görə, Suriya qüvvələri təyyarənin Türkiyəyə aid olduğunu onu vurandan sonra biliblər. O, baş verən bu olaya görə “yüz faiz peşman olduğunu” söyləyib. Suriya rəhbəri əlavə edib ki, qonşu ölkələr arasındakı son gərginlik dalğasının açıq müharibəyə çevrilməsinə imkan verməyəcək.
Rəsmi ziyarət üçün Misirdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu təyyarənin vurulmasına görə Suriya tərəfinin cəzasız qalmayacağını növbəti dəfə vurğulayıb. Iki ölkə sərhədində son zamanlar yaşanan gərginliyə görə Suriyanı günahlandıran nazir bundan sonra Türkiyəyə yönəlik hər hansı hücumun NATO-ya qarşı hücum kimi dəyərləndiriləcəyini də qeyd edib. Deyib ki, belə olan halda, təkcə Türkiyə deyil, onun NATO-dakı bütün müttəfiqləri Suriyanı cəzalandırmalı olacaq.
Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun türk təyyarəsinin vurulduğu yerlə bağlı tutarlı dəlillər olduğuna dair açıqlamasından sonra ötən gün bir rusiyalı rəsmi kəşfiyyat təyyarəsinin Suriya hava məkanı üzərində düşürüldüyünü açıqlayıb. “Interfaks” xəbər agentliyinə danışan rusiyalı hərbi rəsmi türk təyyarəsinin Suriyanın hava sahəsinə “müzakirəyə yer buraxmayacaq şəkildə” girdiyini və Moskvanın əlində təyyarənin tam marşrutuyla bağlı qeydlər olduğunu söyləyib.