Suriya diktatoru etirazları yatırmaq üçün Kremldən möhlət istəyib
Suriyada vəziyyət gərgin olaraq qalır. Ötən gün təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş vermiş sonuncu qarşıdurmalarda azı 30 nəfərin öldürüldüyü haqda xəbərlər yayılıb. Müxalif fəallar hökumət qüvvələrinin Kilis şəhərində Türkiyə sərhədlərini keçmək istəyən suriyalılara qarşı pusqu qurduğunu və əhalinin tələyə salınaraq öldürüldüyünü açıqlayıb. Aralarında biri general olmaqla, ümumilikdə 85 hərbçi Bəşər Əsədin əmrindəki orduda xidmət etməkdən imtina edərək Türkiyəyə sığınıb.
Dəraa şəhərində isə Əsəd rejiminin vuran qolu sayılan “Şəbiha” qrupunun əsgərləri hündür yaşayış məntəqələrində dayanıb mülki şəxsləri və binaları nişan alıblar. Onları lentə alan çəkiliş qurupu atəşə tutulub. Fəallar, eyni zamanda, paytaxt Dəməşqdə də zorakılıq hallarının qeydə alındığını bildiriblər. Hökumət qüvvələri ilə üsyançılar arasında şiddətli döyüşlər davam edib.
Bu arada, Israil kəşfiyyatına yaxınlığı ilə tanınan “Debka” saytı yazır ki, Bəşər Əsəd həftə sonu Rusiya rəhbərliyi ilə əlaqə saxlayaraq, hakimiyyət əleyhinə etirazları yatırmaq üçün daha 2 ay zamana ehtiyacı olduğunu deyib. Xəbərdə qeyd olunur ki, Bəşər Əsəd Rusiya kəşfiyyatı və xarici işlər nazirliyinin rəsmilərilə tele-konfransla baş tutmuş danışıqlarda müxalif dalğanı önləmək məqsədilə tətbiq etdiyi yeni planından da bəhs edib.
“Debka” saytının yazdığına görə, Əsəd rejiminin yeni planı əsasən iki hissədən ibarətdir. Birincisi, hakimiyyət 16 aydır davam edən etirazları yatırmağı bacarmayan yaşlı ordu komandirlərini təqaüdə göndərir. Təzminatları ödənilən komandirlərin vəzifədə olduqları vaxt faydalandıqları imtiyazlar qüvvədə saxlanılır. Təqaüdə çıxanların yerlərinə isə müxaliflərə yönəlik qanlı əməliyyatlarda fərqlənən “Şəbiha” qrupunun gənc komandirləri gətirilir. Ikincisi, Əsədin “yeni taktikaları” çərçivəsində zorakılığın həddini artırmaq üçün yeni vəzifə verilən komandirlərin əmrinə tank və topçu birliklər verilir. Həmin birliklərə təyyarə və vertolyot dəstəyi də təmin olunacaq.
Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” Suriya hakimiyyətinin siyasi məhbuslara tətbiq etdiyi işgəncələrlə bağlı tükürpədici hesabat yayıb. Hesabatda məhkumlara verilən işgəncələr və bu işgəncələrin tətbiq edildiyi yerlər bütün detallarıyla açıqlanıb. Təşkilatın 81 səhifəlik hesabatı 200-dən çox suriyalı ilə müsahibələr əsasında hazırlanıb. Peyk vasitəsilə çəkilmiş foto-şəkillərin köməyilə rejimin kəşfiyyat qüvvələrinin tabeçiliyində olan, müxaliflərə işgəncə verilən 27 həbsxana aşkarlanıb.