İbrahim İbrahimli: “Bu məsələnin gündəmə gətirilməsi proseslərin normal şəkildə getməsinin qarşısını ala bilər”
Prezident seçkilərinə bir ildən çox qaldığı bir vaxtda müxalifət düşərgəsində artıq vahid namizəd məsələsi gündəmə gəlib. Baxmayaraq ki, seçkilərin ədalətli keçirilməsi üçün zəruri olan bir çox məqamlar, o cümlədən Seçki Məcəlləsinin dəyişdirilməsi məsələsi həllini tapmayıb. Artıq Ictimai Palata daxilində vahid namizəd məsələsinin gündəmə gəlməsindən sonra hətta bu təşkilatın dağılacağı ilə bağlı proqnozlar da meydana çıxıb. IP Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimli qurum daxilində vahid namizədi praymeriz yolu ilə müəyyənləşdirməyin mümkün olduğunu bəyan edib. Buna cavab olaraq Müsavat başqanının müavini praymerizin bütün ölkə ərazisində keçirilməsinin zəruriliyindən danışıb. Hələ seçkiyə bir il qalmış bu mövzunun meydana gəlməsi nə dərəcədə doğrudur?
Praymeriz təklifi ilə çıxış edən IP KŞ üzvü Ibrahim Ibrahimli iqtidar mətbuatında Ictimai Palatanın daxili ziddiyyətlər yaşaması ilə bağlı piar kampaniyasına başladığını deyir. Bunun da məqsədi diqqəti əsas hədəfdən yayındırmaq, gündəmi dəyişməkdir və Ictimai Palatanı daxili ziddiyyətlərin mərkəzinə çevirməkdir. Seçki ili yaxınlaşdıqca bu piar kampaniyası daha da dərinləşəcək. Amma əslində bu piar həmişəki kimi iflasa uğrayacaq və əks-effekt verəcək.
“Hər şeyin öz vaxtı və məqamı var”
I.Ibrahimli bu gün Ictimai Palatada vahid namizəd məsələsinin müəyyənləşdirilməsinin gündəmə gətirilməsini doğru hesab etmir. Çünki Ictimai Palata indiki mərhələdə seçki şəraitinin yaradılması, demokratik seçkilərin keçirilməsi üçün hüquqi bazanın formalaşdırılmasını özü üçün hədəf götürüb. Artıq seçki islahatı ilə bağlı dinləmələrə başlanıb, ciddi diskussiyalar, müzakirələr gedir. Cəmiyyətin bu müzakirələrə cəlb olunması üçün də normal şərait var. Indiki vəziyyətdə vahid namizəd məsələsinin gündəmə gətirilməsi seçki prosesinə hazırlığa müəyyən mənada zərbə vura bilər və proseslərin normal şəkildə getməsinin qarşısını ala bilər. Hər şeyin öz vaxtı və məqamı var.
“Hansısa namizədin başqasına güzəştə getməsinə ehtiyac yoxdur”
I.Ibrahimli bu məsələni vaxtından əvvəl gündəmə gətirməyin bir neçə səbəbinin olduğunu da qeyd etdi. Ortada maraqlı qüvvələr var. Bu problemin səmimi şəkildə həll olunmasını istəyənlər də, bu səmimiyyətdən istifadə edənlər də var: “Ictimai Palata Azərbaycan müxalifətinin son 20 ildə əldə etdiyi əməkdaşlığın ən təkmil, ən mütəşəkkil, ən dayanıqlı formalarından biridir. Siyasi partiyaların, bitərəflərin, vətəndaş cəmiyyətini təmsil edən QHT-lərin assosiativ üzvlüyündən ibarət olan bir qurumdur. O baxımdan bu qurumun dağılacağı ilə bağlı söylənilən ifadələr, fikirlər doğru və düzgün deyil. Vahid namizəd məsələsinin müəyyənləşdirilməsindən spekulyasiya məqsədi ilə istifadə edənlərin diqqətinə çatdırmaq istəyirəm ki, bu məsələlər Koordinasiya Şurasının daxilində ciddi şəkildə, zamanı, məqamı çatanda müzakirə olunacaq. Hansısa namizədin başqasına güzəştə getməsinə ehtiyac yoxdur. Demokratik ölkələrdə mütamadi olaraq istifadə olunan praymeriz təcrübəsindən biz də istifadə edə bilərik”.
I.Ibrahimlinin fikrincə, vahid namizəd məsələsinin müəyyənləşdirilməsi üçün mexanizmin ortada olduğu bir halda “Ictimai Palata dağılacaq” deyə təlaş, həyəcan keçirmək, vəziyyəti cəmiyyətə bu şəkildə təqdim etmək doğru deyil. Çünki cəmiyyətdə narahatçılıq yoxdur. Çünki Ictimai Palatanın siyasi komandası, vahid konsepsiyası, proqramı var və zamanı gələndə vahid namizədi də müəyyənləşdiriləcək.
“Bu disskusiyanı yığışdırmaq lazımdır”
I.Ibrahimli vahid namizədin müəyyənləşdirilməsi üçün müxtəlif formalardan istifadə etməyin də mümkünlüyünü vurğuladı: “Ictimai Palatanın regional şöbələri formalaşıb. Bu şöbələr üzrə belə bir praymerizin keçirilməsi mümkündür. Bu yolla vahid namizədin müəyyənləşdirilməsi daha obyektiv olacaq. Ona görə də cəmiyyətdə pessimist ovqatın formalaşmasına imkan vermək olmaz. Ictimai Palatanın siyasi qüvvələrin əməkdaşlıq mərkəzinə çevrilməsi istiqamətində işlər gedir. ”Ictimai Palata dağılacaq”- deyə narahatlıq keçirəcək dostlarımızın diqqətinə çatdırıram, bu disskusiyanı yığışdırmaq lazımdır. Ictimai Palata dağılmayacaq, müxalif qüvvələrin ən dayanıqlı əməkdaşlıq formasına çevrilib işini davam etdirəcək”.
Fizzə