700-dən çox ailənin məskunlaşdığı bina son 20 gündə ikinci dəfə yandı; sakinlər yanğının qəsdən törədildiyini deyirlər
“Binəqədi rayonunda tikintisi başa çatmamış doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 43 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 kv.m sahədə, eyvanın taxta konstruksiyaları və ev əşyaları 7 kv.m sahədə, 7-ci mərtəbədə ümumi sahəsi 55 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 6 kv.m sahədə, eyvanın taxta konstruksiyaları və ev əşyaları 7 kv.m sahədə yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 23 nəfər sakin yanğınsöndürənlərin köməyi ilə köçürülüb. Yanğından mənzillərin qalan hissəsi və qonşu mənzillər mühafizə olunub. Yanğın saat 05:43-də söndürülüb” – bu məlumatı iyulun 1-də Fövqəladə Hallar Nazirliyi saytında yayımlayıb.
Üçüncü dəfə olan yanğın

Öncədən bir şeyi qeyd edək ki, bu, son 20 gündə sözügedən binada baş verən ikinci hadisədir. Bu il iyunun 13-də daha çox məcburi köçkünlərin məskunlaşdığı bu yaşayış binasında 6, 7, 8, 9-cu mərtəbələrdə yanğın olmuşdu və nəticədə 3000 kv.m ərazi yanmışdı.
Ötən gün 350-dən çox məcburi köçkünün, elə bir o qədər də başqa ünvanlardan bura pənah gətirmiş adamların yerləşdiyi yanğın olan binaya üz tutduq. Onu da bildirək ki, adıçəkilən ünvanın dörd yanı villalardır. Sakinlər deyirlər ki, ərazidə əksər nazirlərin malikanələri var. Bundan başqa, yüksək çinli məmurlar da burada özlərinə göz oxşayan imarətlər ucaldıblar. Bundan əlavə, binanın yaxınlığında tikinti işləri gedir. Vətəndaşlar deyir ki, ərazidə məscid tikilir. Yaxınlıqda isə bir neçə yaşayış binasının inşası nəzərdə tutulur.

Bizimlə söhbət edən sakinlər əgər birinci dəfə yanğın olan zaman hadisənin qısaqapanmadan olduğunu düşünürdülərsə, bu dəfə tam əksinədir. Onların fikrincə, bina yandırılıb: “Burada pullu şəxslərin, biznesmenlərin, nazirlərin, deputatların villaları var. Dəfələrlə bizə deyiblər ki, sizi buradan köçürəcəyik. Səbəbini soruşduqda bildirirdilər ki, ya burada hündür mərtəbəli bina tikəcəklər, ya da üç-dörd villa inşa olunacaq. Bizi burdan köçürmək üçün ən yaxşı yol binanı yandırmaqdır. Insanları qorxudurlar. Bu binada yanğın artıq üçüncü dəfədir baş verir. Ötən il də bu faciə yaşanıb. Ikinci dəfə ötən ayın ortalarında olmuşdu, bu da üçüncü. Biz dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Narazılığımız məmurların həyatımıza məsuliyyətsiz yanaşmasıdır”.
“Burada heç kim yaşamaz, ancaq biz…”

Sonuncu yanğın binada yaşayan sakinləri həm çox qorxudub, həm də qəzəbləndirib. Onlar deyirlər ki, ya hökumət binaya əl gəzdirib təhlükəsizlik tədbirlərini gücləndirsin, ya da normal şəraitdə evlə təmin etsin: “Bizim bu binadan köçməklə bağlı problemimiz yoxdur. Biz buradan köçməyə hər an hazırıq, ancaq hamını mənzillə təmin etsinlər. Bundan əvvəlki yanğında yalnız zərərçəkən məcburi köçkünlərə yardım edildi, başqa sakinlərə heç bir qayğı göstərilmədi. Məcburi köçkünlərə Binəqədidə yerləşən yaşayış binalarının zirzəmilərində yer verildi. Burada heç kim yaşamaz, ancaq biz yaşamağa məhkumuq. Çünki getməyə yerimiz yoxdur. Elə ailələr var ki, 7-8 ildir ki burada yaşayır. Hamısı imkansızlıqdandır. Kiminsə yaxşı işi olsaydı heç vaxt buralara üz tutmazdı”.
Sakinlər deyirlər ki, bundan əvvəlki yanğında da sağ-salamat qalan əşyaları daşımaq üçün maşın veriləcəyi deyilmişdi, ancaq insanlar öz hesabına etmişdi, bu dəfə də elə oldu: “Bizə nə yardım edən var, nə də bizimlə maraqlanan”.
Əsasən məcburi köçkünlərin pənah apardığı binada vəziyyət ürəkaçan deyil. Elektrik naqilləri, su və qaz xətləri çox bərbad haldadır. Istənilən vaxt burada faciə baş verə bilər. Sakinlər dəfələrlə binadakı vəziyyətlə bağlı rəsmi qurumlara müraciətlər edib. Ancaq heç bir nəticəsi olmayıb.
Ramin DEKO


