Putini çətin günlər gözləyir

Qiymət artımı Kreml rəhbərinə qarşı yeni və daha kütləvi etiraz dalğasına təkan verəcək

Neftin qiymətinin durmadan aşağı düşməsi, inflyasiya və korrupsiyanın artmasıyla durğunluq dövrü yaşayan iqtisadiyyatı dirçəltməyə çalışan Rusiya hakimiyyəti bir sıra addımlar atmağa məcbur olub. Iyulun 1-dən etibarən ölkədə demək olar ki, bütün sahələrdə qiymət artımı qeydə alınıb. Bahalaşma əsasən mənzil-kommunal xidmətlərinə və yol hərəkəti qaydaları üçün tətbiq olunan cərimələrə şamil olunub. Yaxın günlərdə mənzil-kommunal xidmətlərindən qazın qiyətinin 15, elektrik enerjisinin isə 6 faiz artacağı gözlənilir. Yol hərəkəti qaydalarının pozulması zamanı tətbiq olunacaq cərimələrin məbləği isə ən azı, 10 dəfə artırılacaq.
Bütün bunlarla yanaşı, iyulun 2-dən etibarən paytaxt Moskvada yerləşən universal bazarların da bağlanmasına start verilib. Üstəlik, spirtli içkilərin qiymətində də artım nəzərdə tutulub. Digər tərəfdən, yeni dövlət standartlarının və yeni aksiz markalarının təsdiqlənməsi gözlənilir. Bu isə istehsalçıların işində ləngimələrə, məhsulların mağazalarda azalmasına gətirib çıxara bilər.
Rusiya hökuməti bahalaşmanın inflyasiya çərsivəsində olacağını vəd etsə də, ekspertlər bunu ölkənin gəlir mənbələrində olan böhranla əlaqələndirirlər. Burada neft və neft məhsullarının qiymətlərində yaşanan böhran da rol oynayır. Ekspertlərin fikrincə, qiymət artımı ölkədə həssas olan durumu daha da gərginləşdirəcək. Kütləvi xalq nümayişləri fonunda yenidən hakimiyyətə gəlmək üçün böyük vədlər verən Vladimir Putinin yaxın günlərdə daha ciddi etirazlarla üzləşə bilər.
Qiymət artımının növbəti mərhələsinin sentyabrın 1-də baş verəcəyini ehtimal edən ekspertlər düşünür ki, Putin hakimiyyəti qısa zamanda əməkhaqlarının və sosial təminatların artırılması, liberal və rəqabətli iqtisadiyyata keçid istiqamətində konkret addımlar atmasa, ölkəni ciddi təlatüm gözləyir. Onsuz da siyasi hüquqların məhdudlaşdırılmasına və korrupsiyanın yayılmasına qəzəblənmiş xalqa sosial ədalət tələb edən kütlənin də qoşulması Putin hakimiyyətinə qarşı geniş etiraz dalğasının başlanmasına təkan verəcək.