Önəmli nədir, vahid namizəd, ya demokratik mühit?

Ictimai Palata (IP) alternativ güc mərkəzi kimi formalaşdığı bir zamanda bəzi siyasətçilər “VAHID NAMIZƏD” məsələsini gündəmə gətirir? Yeridmi? Təbii ki, razılaşmayanlar olacaq, şəxsən mən bu məsələnin bu gün qabardılmasına lüzum görmürəm və hesab edirəm ki, IP-in qarşısında bundan da mühüm problemi çözmək dayanır.
Öncə IP-in önəmi barədə bir-iki kəlmə yazım sonra “vahid namizəd” məsləsinə dönək. Son 19 ildə müxalifət çox birlik, blok yaradıb. Ancaq IP mahiyyətinə görə əvvəl yaranmış blok və birliklərdən çox fərqlənir. IP 2010-cu ilin biabırçı parlament seçkilərindən sonra təsis olundu. Əsas məqsəd olaraq, saxta parlamentin buraxılması, yeni seçkilərin keçirilməsi və ən başlıcası, azad, şəffaf, demokratik seçki mühitinin bərqərar olunması hədəf götürüldü. Xüsusi qeyd olunmalıdır ki, 2005-ci ildə keçirilən parlament seçkilərindən sonra müxalif qüvvələr müəyyən qədər passiv fəaliyyətdə idi və məhz 2010-cu ildə IP yarandıqdan sonra müxalifət “mən varam” deyə bildi. Müxalif düşərgədə təzahür edən canlanmaya vüsət verən ən başlıca amil isə Müsavat Partiyası və AXCP-nin IP-də bir araya gəlməsi oldu. IP-in düzənlədiyi aksiyaların səmərəli olub-olmaması, icazəli və ya icazəsiz aksiyalar barədə müzakirə açmaq olar, bu bir ayrı söhbətdir, fakt odur ki, IP həm Azərbaycan cəmiyyətinə, həm də dünyaya özünü təqdim edə bildi.
Və altını cızaraq yazıram ki, bu birliyin yaranmasından ən çox məmnun qalan müsavatçılar və cəbhəçilər oldu. Müəyyən obyektiv və subyektiv səbəblərdən bir siyasi partiyada fəaliyyət göstərə bilməyən müsavatçılar və cəbhəçilər IP-də birgə olmaqla təskinlik tapdı. Buna kimsə etiraz edə bilməz, nədən ki, son 19 ildə rejimə qarşı ardıcıl mübarizə aparan fədakar insanlar birlikdə olduqları zaman mübarizənin daha effektli olduğunu dərk edirlər.
IP-in fəaliyyətindən YAP iqtidarı məmnun deyil, bi, birmənalıdır. Və məmnun qalmamanın səbəbləri də hər kəsə bəllidir. Rejim bilir ki, görür ki, özəyində AXCP və Müsavat Partiyası dayanan IP güc mərkəzinə çevrilib. Qərb diplomatlarının IP-ə verdiyi önəmin iqtidar düşərgəsində haray-həşirlə qəbul olunması da təsadüfi deyil. Anlayırlar ki, bu güc mərkəzinə Qərbin diqqətinin arxasında ciddi nəsnələr dayana bilər. Odur ki, hər fürsətdə IP-ə zərbələr vururlar.
Təəssüf ki, müxalif düşərgəsində də bəziləri bu birlikdən məmnun deyil. Bu yazıda kimlərin birlikdən narazı olduğunu və ən əsası, nə üçün narazı olduğunu yazmaq fikrində deyiləm, ona görə ki, antibirlik tərəfdarlarının adları cəmiyyətə bəllidir. Bəziləri şəxsi maraqları naminə birliyin dağılmasını rejimdən daha çox istəyir. Istəyirlər ki, yalnız özlərinin maraqları təmin olunsun, 10-15 ildir oturduqları kreslolar əldən çıxmasın. Həm də IP güc mərkəzinə çevrildikcə, başqa sözlə, IP böyüdükcə o “bəzilər” öz kiçikliklərini daha aydın görürlər.
“Vahid namizəd” məsələsinin məhz indi gündəmə gəlməsi çox təhlükəlidir, mən belə hesab edirəm. Bu məsələnin gündəmə gəlməsi IP-ə, ən başlıcası isə AXCP-MÜSAVAT müttəfiqliyinə ziyan gətirəcək, enerjinin gərəksiz yerə sərfinə səbəb olacaq.
Özlərini “dahi”, “müdrik”, “xilaskar” sayanlar, yuxuda kəndilərini prezident, Prezident Administrasiyası rəhbəri, baş bakan, bakan kreslosunda görənlər yanılır, “vahid namizəd” məsələsi hələ yetişməyib.
Hesab edirəm ki, IP bu məsələnin müzakirəsini gündəmdən çıxarmalı və Azərbaycanda demokratik seçki mühitinin bərqərar olunması üçün qüvvələri səfərbər etməlidir. Demokratik seçki mühiti bərqərar olmayacaqsa, “vahid namizəd” məsələsi bir yana, o seçkidə iştirak etməyin heç bir mənası yoxdur.  
Adam yıxıldığı yerdən neçə dəfə keçməlidir, bəylər? O yerdən keçməyə adətkar olanlara bir də xatırladıram, daxili enerjinizi Azərbaycanda normal seçki mühitinin formalaşmasına sərf etmək gərəkdir. Əks halda tükənə bilərsiniz, “doymuş məhlula” çevrilərsiniz.
IP bu gün alternativ güc mərkəzidir. O sabah bu rejimə qarşı mübarizə aparan başqa qüvvələri də ətrafında birləşdirmək üçün fəaliyyətə keçməlidir. Parçalamaq yox, birləşdirmək lazımdır.  Rejimin bəlalarından xilasımız birlikdə olmağımızdadır. Birliyi gözü götürməyənlər, gözünüzü silin, şəhadət barmağınızı gicgahınıza dayayıb, öncə Azərbaycanı, sonra özünüzü düşünün. Düşünün, diqqətlə düşünün.