Azərbaycanda narkomafiya

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Rafiq kamera adamlarına çox tez isinişdi. Onun xarakteri belə idi. Həm də ona doğru bir addım atılmışdı. Heroinsizlik və narkomaniyanın zorən buraxılması labüd ağrılar və s. sərt narahatlıqlar yaradır (Məsələn, qarın ağrısı). Buna görə də uşaqlardan biri birinci mərtəbədəki yerini ona güzəştə getdi: “Sən gecələr çox qalxırsan və həm özün narahat olursan, həm də başqalarını narahat edirsən. Ona görə də ”lomka”dan çıxana qədər mənim yerimdə yatmağın məsləhətdir”.
Rafiq bu jesti bir qədər artıq qiymətləndirmişdi və bu jestin içindəki “özünü də, başqalarını da narahat edirsən” fikir düsturunu düzgün həll etməmişdi. Bu düsturun içində “başqalarını narahat edirsən” hissəsinin çəkisi daha artıq idi və bunu bu cür də qəbul etmək lazım idi. Bunu, hətta o şəkildə qəbul etmək olardı ki, ona öz yerini təklif edən adam özü narahat olduğuna görə Rafiqin birinci mərtəbəyə düşməsinə qərar verib. Amma Rafiq bu yer dəyişimindən sonra daha ərksevər olmuşdu və bu, başqalarında qıcıq yaradırdı. Buna görə onun kamerada bir neçə dəfə toqquşmaları oldu. Bu toqquşmaların onun məğlubiyyətilə bitdiyini söyləmək olmaz. Onsuz da ilk süpürləşmə hərəkətlərindən dərhal sonra kameradakılar bu məzhəkənin qurtarması üçün əllərindən gələni edirdilər. Amma Rafiq kimi aristokrat görünməkdən zövq alan adam üçün bu cür süpürləşmə faktlarının olmaması daha uyğun idi.
Rafiq kamera adamlarına çox tez isinişdi. Bu qədər tez isinişmək bəlkə də məsləhət deyildi. Bəlkə elə buna görədir ki, onu geriyə qaytarmalı oldular, qaydalara doğru geriyə. Günün birində ona açıq dedilər ki, biz burada 8 nəfərik; kameradakı bütün işlər hər gün növbə ilə bir nəfərin üzərinə düşür. Həftənin 7 günü 7 nəfərin arasında bölüşdürülür…
Yeri gəlmişkən, kamerada uşaqların məni bütün işlərdən azad etməsini böyük məmnuniyyət hissləri ilə xatırlayıram və bir daha onların hər birinə bu nəcibliyə görə təşəkkür edirəm.
Rafiqin növbəsi 7 gün sonraya müəyyən edildi. Həmin zamana qədər “lomka”dan tamam çıxacağı da nəzərə alındı. Doğrudur, Rafiq bu qaydalara da çox sürətlə isinişdi, onun adaptasiya problemi yox idi. Və mənə elə gəlir ki, onun zonda da, ümumən həyatda da əsas problemi adamlara çox sürətlə isinişmək və situasiyanın adamı olduğunu daha sürətlə bəyan etmək həvəsidir. Hansısa situasiyalarda bu həvəs özünü doğrulda bilər. Amma türmə bu həvəsi tamamlayan çoxlu sayda xarakter komponentlərinin də olmasını zəruri edir. Bu, riskdir! Riskə hazır olmayan adamların gözlənilməz situasiyalara adaptasiya həvəsi faciə ilə qurtara bilər. Xüsusilə, həbsxanada bu riskin və bu faciənin nədən ibarət olacağını kimsə təxmin edə bilməz.
Həbsxana Mövlana Cəlaləddin Ruminin postulatını tələb edir: “Ya göründüyün kimi ol, ya olduğun kimi görün!” Başqa cür mövcudluq insanı sındıra bilər; başqa cür mövcud olanların damarı çox tez tutulur və “qaqaş maskadadır, ikicə gün gözləyin, maskası qopacaq”, – deyə reseptini yazırlar.
Rafiq sona qədər kameranın ayrılmaz atributlarından oldu. Bütün davranışı və etiketləri boyu zarafatlarından qalmadı. Ilk vaxtlar onu zarafatsız deyinməyə məcbur edən tək göstərici onu polislərə satan keçmiş “iynə yoldaşı” idi və ondan qisas almaq üçün bağırsaqlarını çeynəyirdi. Amma bu da keçdi. Günün birində ona “Səni polislərə təhvil verən o dostuna heykəl qoymalısan, – dedim. – Sən tutulmasaydın, məhv olacaqdın, heroin sənin axırına çıxacaqdı. Get, o adama minnətdar ol ki, onun satqınlığı hesabına həyat qazanmısan. Doğrudur, satqınlığın hesabına qazanılan həyatın dəyəri elə bir şey də deyil. Atalar deyib axı, xiyar puluna alınan eşşək suda boğular. Təbii, mən sənin həyatını xiyar pulu ilə dəyərləndirmirəm, amma çalış, bunun belə olmadığına özünü inandır” sözləri ilə bağlanan yığcam bir moizə oxudum. O da məni başa düşdü və bundan sonra “podelniki” barədə danışanda da söhbətin arasına zarafat əlfəcinləri qoymağa başladı.
Rafiq yaxşı oğlan idi. Indi də yaxşı oğlandır. Bayıldan sonra 10-cu kalona gedib aldığı halal cəza müddətini orada başa vurdu. Çıxdı və indi Bakının prestijli dükanlarının birində ayaqqabı satışı ilə məşğuldur. Heroin işi ilə məşğul deyil. Atası ilə münasibətlərində ciddi dönüş olmasa da, müəyyən ilıq dəyişikliklər var.
Amma hesab etmirəm ki, Rafiqin atası ilə münasibətlərinin qaydasına düşməsi ölkə üçün ən əhəmiyyətli məsələlərdən biridir. Əhəmiyyətli məsələ budur ki, Rafiq heroindən imtina edib, ayaqqabı satır və narkobiznes artıq onun parasından xeyir götürmür. Rafiqin pullarını götürə bilməyən narkobiznes nə qədər yeni adamlar cəlb edib, bunu bilmirəm. Indi həbsdə olan narkomanların sayını ən azı 10-a vurub Azərbaycanda narkomafiyaya həyat verən sosial bazanın hüdudlarını müəyyənləşdirmək olar.
Biz Azərbaycanı başına götürən narkomafiya haqqında nə qədər məlumatlıyıq ki?! Az, çox az. Və bu çox azın da az bir hissəsi həbsxanada təsəvvür edilir – bu barədə danışıqlarımız olacaq. Burada, Bayılda da, orada – zonda da narkomanların bütün söhbətləri “bariqalar” haqqında lənətləmələrdən ibarətdir. Mən isə… yadımda qalanları danışa bilərəm… Əlimdən başqa heç nə gəlməz.

Hərbçi dustaq

Yəqin, bizlərdən hər birimiz hərbçilərin ən müxtəlif mənasız səbəblərə görə həbs edildiyini bilirik. Əlbəttə, onların heç də hamısı mənasız səbəblərdən həbs edilmirlər və bu baxımdan, bu həbsləri qəti qənaətlə iki qrupa ayırmaq olar: birincisi, səbəbi məhbus hərbçinin cinayətlərinə bağlı olanlar; ikincisi isə səbəbi bizim tam anlaşılmazlıqla müzəffər hərb sistemimizə bağlı olanlar. Düşünməyin ki, mən hansısa acıqla nağıl eləyirəm. Özüm də məhbusam və mənə qətiyyən dəxli olmamalıdır, daha kimlər məhbusdur. Sadəcə, bir dəxli var ki, mənimlə bir kamerada, bir zonda hansı ad və soyadın sahibi olan dustaqlar var. Mən onların hər cürəsi ilə yola gedə bilirəm. Amma dustaq hərbçilərin də özəl hekayətləri var və bu hekayətləri bilmək maraqlıdır. Bilmək maraqlıdır və mənə elə gəlir ki, bunu başqalarının da biləcəyi hala gətirmək daha maraqlıdır.
Ümumən, dustaq hərbçilərin adi və hərbçi olmayan cinayətkarlarla bir yerdə saxlanması Azərbaycan üçün yeni reallıqdır. Əvvəllər cinayətkar aləmdə belə bir anlayış vardı ki, bütün paqon sahibləri mümkün imkanlar çərçivəsində vurulmalıdır. Indi bu anlayış polislərə aid edilərək qalıb, hərbçilər isə bu sıradan çıxarılıb. Bunun tarixi 1995-ci ilə gedir. Həmin il Azərbaycana prezidentlik eləyən Heydər Əliyevə lazım olmuşdu ki, ölkədə dövlət çevrilişi baş versin və bu dövlət çevrilişini də Xüsusi Təyinatlı Polis Dəstələri eləsinlər. Bu planın çox ciddi siyasi səbəbləri var, amma cinayətkar aləm siyasətə qarışmadığı üçün mən bu səbəblərin başını buraxıram. Plana görə, dövlət çevrilişi baş tutmamalı, XTPD-nin rəhbərləri məhv edilməli, üzvləri həbsə atılmalı idi. Belə də oldu. XTPD-nin lideri Rövşən Cavadov öldürüldü, yüzlərlə xüsusi təyinatlı polis isə həbsxanalara atıldı. Heydər Əliyevin göstərişi ilə bu xüsusi təyinatlılar adi dustaqlarla bir yerə, yəni, zonlara atıldılar: bu, cinayətkarların həmin binəva polislər üzərində ikinci işgəncə prosesini təşkil etmək üçün lazım idi; onlar birinci işgəncə prosesini öz həmkarlarının – polisin və prokurorluq əməkdaşlarının əllərindən, ayaqlarından dadmışdılar; onlarla hərbi əsirlər kimi davranmışdılar.

Ardı var