“Ərəb Baharı”nın yeni dalğası başlanır

Suriyada dalana dirənən xalq etirazları Sudanda yeni mərhələyə qədəm qoydu

Sudanda 23 illik Ömər əl Bəşir rejimi çətin günlər keçirir. İqtisadi çətinliklərdən boğaza yığılan xalqın daha artıq səbr etmək fikrində olmadığı açıq görünür. Qəzəblənmiş narazı xalq etirazlarını küçələrə çıxmaqla bildirməyə başlayıb. İyunun 16-da Xartum Universitetində tələbələrin başlatdığı etirazlar davam etməklə yanaşı, hər ötən gün xalqın dəstəyi daha da artır. Önləyici tədbirlər olaraq ölkədəki interneti kəsməyə qədər gedən rejim isə xalqın tələblərinə qulaq asmamaqda israrlı görünür. Bu isə xalqın psixoloji müqavimətini daha da artırır.

Etirazları tələbələr başladı xalq dəstək verdi

Tələbələrin universitet şəhərciyində başlatdığı etirazlar artıq prospekt və küçələrə sıçrayıb. Ötən il Sudan və Cənubi Sudana bölünəndən sonra iqtisadiyyatı böyük zərbə alan Sudanda hökumətin ixtisar siyasəti xalq tərəfindən ciddi təpkiylə üzləşib. Hökumət ciddi təhlükəsizlik tədbirləri görərək etirazları yatırmağa çalışır. Məmur və işçi maaşlarında artım olmasa da ölkədəki qiymət artımı son bir ildə 40%-i keçib. Əsas qida məhsullarının artdığı bir mühitdə hökumət neftə tətbiq olunan vergiləri də qaldıracağını açıqlayıb.

Nigeriyadakı bənzər vəziyyət yaşanan Sudanda hökumətə ilk etiraz Xartum Universitetinin tələbələrindən gəlib. Tələbələrin etirazlarına Turabi və Sadiq əl Mehdi kimi müxalif liderlərin, həmkarlar ittifaqlarının, peşə birliklərinin də dəstək verməsiylə aksiyaların miqyası böyüdü. Xaricdəki Sudan səfirlikləri qarşısında da ölkə daxilindəki etirazlara dəstək aksiyaları da keçirilib. Meksika, Pakistan, İngiltərə, Misir və başqa ölkələrdə yaşayan sudanlılar Ömər əl Bəşir diktaturası əleyhinə aksiya keçirərək həmyerlilərinə dəstəklərini bildiriblər.

Ömər əl Bəşir Qəzzafinin səhvini təkrarlayır

Artıq meydanlara axışmış xalq hakimiyyətdəki nazirlərin və deputatların varidatını müzakirə etməyə başlayıb. Bununla yanaşı ölkədəki korrupsiya halları da sorğu-suala çəkilir. Ötən il Misirdəki Təhrir meydanında Mübarək rejiminə qarşı etirazlar vaşlayarkən xalqının belə bir istəyi olarsa dərhal hakimiyyətdən gedəcəyini deyən Sudan diktatoru Ömər əl Bəşir həmin günləri unutmuşa bənzəyir. Qərb ölkələrinin tənqidlərinə kinayəli cavablar verən Bəşir indi eyni qaydada öz xalqıyla davranır. Bəşirin əmrindəki rəsmilər etirazların Şimal Afrikadakı kimi iqtidar dəyişikliyinə qədər uzanacağını qeyri-mümkün saymaqla yanaşı nümayişçiləri “yarasa” və “xaricdən maaliyyələşən quldurlar” adlandırır. Bu isə Ömər əl Bəşir və komandasının xalqı alçaltmaqla özünün acınacaqlı sonunu gətirən Liviya diktatoru Müəmmər Qəzzafinin tutduğu yalnış yola qədəm qoyduğunu söyləməyə əsas verir.

Sudan bölgə xalqlarının ilham mənbəyi ola bilər

İnflyasiya, sosial ədalətsizlik və yoxsulluq xalqın illərlər yığışan səbrini daşmağa təkan verdi. Bir il əvvəl Şimali Afrika ölkələrini “Ərəb Baharı” bürüyərkən Sudanda da bəzi aksiyalar keçirilsə də, xalq tərəfindən dəstək almamışdı. Ancaq bu dəfəki etirazların əsas təşkilatçısı və iştirakçısı elə xalqın özüdür. Hadisələr göstərir ki, Ömər əl Bəşər rejimi ya xalqın vəziyyətini nəzərə alaraq etirazları ciddi qəbul edəcək, ya da Mübarəkin Qəzzafinin taleyiylə üzləşib devirləcək. Ancaq hələ ki, Sudan hakimiyyətinin xalqla dialoqa gedərək müsbət addımlar atmaq şansı qalır.

“Ərəb Baharı”nın Suriyada dalana dirəndiyini düşünənlər yanıldının şahidiyik. Təkcə Liviya və Suriyada on minlərlə insanın öldürülməsindən ehtiyatlanan digər xalqların diktatorluğa qarşı mübarizədən çəkinəcəyi ehtimalları alt-üst oldu. Sudanda “Ərəb Baharı”nın yeni dalğasının başlandığını görürük. Sosial narazılıq və hüquqsuzluqdan əziyyət çəkən digər bölgə xalqlarının yeni üsyan dalğası başladacağı istisna olunmur.

Turan