“Dələduzlar rüşvəti nazirin otağında qəbul ediblər”
Rüşvət almaq ittihamı ilə 1 ildən çox həbsdə saxlanılan və iyulun 21-də barəsində həbs-qətimkan tədbiri dəyişdirilən Təhsil Nazirliyi iqtisadiyyat şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimov ilginc açıqlama ilə çıxış edib. Bildirib ki, onun adından istifadə edərək vətəndaşları aldadan dələduzlar əməllərini təhsil nazirinin otağında həyata keçiriblər.
O.Kərimov bu barədə “Yeni Müsavat” qəzetinə müsahibəsində danışıb. “Orxan Kərimov nədə ittiham olunsa da, tələbə köçürmələrində ittiham oluna bilməz. Mən nə o sahədə işləyir, nə də o sahənin sənədlərini araşdırmır, qərarlar vermir, imza atmıram. Bu məqamı araşdırsaydılar, görərdilər ki, mənim bu məsələlərə heç bir aidiyyətim yoxdur. Nazirliyin binasında – nazirin qəbul otağında və nazirliyin binasının dördüncü mərtəbəsində iki nəfər özünü insanlara Orxan Kərimov kimi təqdim edib, sənəd, rüşvət qəbul ediblər. Digər tərəfdən, cinayət törədilən günlərdə mən Azərbaycanda olmamışam. Dövlət Sərhəd Xidmətindən xaricdə olduğuma dair sənədlər var. Mən o tarixlərdə dövlət xətti ilə Ankarada, Kiyevdə, Vilnüsdə məzuniyyətdə olmuşam. Düşünürdüm ki, bunlar araşdırılacaq və məsələyə aydınlıq gələcək. Bunu yoxlamadılar”, – deyə O.Kərimov bildirib.
Bundan Təhsil Nazirliyi rəhbərliyinin nə dərəcədə xəbərdar ola biləcəyinə dair suala cavabında isə O.Kərimov hadisələri qabaqlamaq isətəmədiyini desə də, şərait yaradılmasa kənar şəxslərin Nazirliyin binasına belə daxil ola bilmədiyini diqqətə çatdırıb.
“Aydındır ki, dələduz olan bir kəsin cənab nazirin vətəndaşları qəbul etdiyi otaqda, eləcə də dördüncü mərtəbədə pul, sənəd qəbul etdiyindən rəhbərliyin xəbərinin olmadığını demək ağlabatan görünmür. Nazirin qəbul otağı birinci mərtəbədə, özünün oturduğu otaq isə dördüncü mərtəbədədir. Mən Təhsil Nazirliyinin 5 il stajı olan işçisiyəm. Özüm nazirliyə girəndə elektron kartı cihaza yaxınlaşdırıb keçirəm. Yoxsa qapı açılmır. Kimsə kiməsə şərait yaradıbsa, hüquq-mühafizə orqanları buyurub bunu araşdırsın”, – deyə o vurğulayıb.
O.Kərimov onunla bağlı istintaqın düzgün aparılmadığını da xatırladıb. Deyib ki, bu məsələ ilə bağlı iki cinayət işi qaldırılıb. Hər iki cinayət işində özünü Orxan Kərimov kimi təqdim edən insanın kimliyi araşdırılmadan iş məhkəməyə göndərilib. “Həmin şəxsin kimliyi müəyyən edilməyibsə, Orxan Kərimovun əməlinə necə qiymət vermək olar? Müvafiq vəzifəli şəxslər buyurub bu suala cavab versinlər”, – deyə o bildirib.
O.Kərimov hazırda davam edən məhkəməsinin sonunda bəraət alacağına əminliyini də ifadə edib: “Güman ki, yaxın günlərdə məhkəmə yekunlaşacaq və mənə bəraət veriləcək. Çünki başqa yol yoxdur. Əsaslı fakt və sənədlərim var. Bəraətim çox realdır”.