Şamaxıda sakinlər yolu bağladı

Muğanlı kəndinin 500-dən artıq sakini etiraza qalxdı

Muğanlı kəndində yaşayan 144 ailə bu gün yolu bağlamaqla etiraz aksiyası keçiriblər. Bu barədə “Azadlıq”a məlumatı kənd sakinləri veriblər. Onların sözlərinə görə, 144 ailənin 500-dən artıq üzvü Bakı-Qazax yolunu bağlayıblar. Səbəb isə sürüşmə ilə bağlı sakinlərinə yeni evlərin tikintisinin yaxın günlərdə başlanmasına qərar verilməsi, ancaq buna əməl edilməməsidir.

Kənd sakinləri yeni salınacaq yaşayış massivində muğanlıların evlərinin əhatəsində sürüşməyə məruz qalan başqa kənd sakinlərinin olmasını istəmirlər. Belə ki, yaxınlıqda yerləşən Günəşli kəndində də bir neçə ev sürüşmədən ciddi ziyan görüb. Buna görə də Günəşlinin sakinlərini Muğanlıda yerləşdirmək istəyirlər: “Camaatın burada torpağı var. Heç kimə bir söz demədən hektarlarla torpaqları zəbt edib, Günəşli kəndinin sakinləri üçün tikirlər. Biz öz torpaqlarımızdan bir-iki hektarı kəndimizin sakinləri üçün tikiləcək evlər üçün ayıra biləcəyimizi demişik. Ancaq insanların əkin-biçin üçün istifadə etdiyi torpaqları hamısının zəbt olunmasına qarşıyıq”.

Sakinlər deyirlər ki, yolu bağladıqdan sonra əraziyə Şamaxı rayon icra hakimiyyətinin başçısının birinci və ikinci müavinləri, eləcə də rayon polis idarəsinin əməkdaşları gəliblər. Muğanlılarla söhbət edəndən sonra aksiya başa çatıb. Saat 15:00-da ya icra hakimiyyətinin başçısı, ya da birinci müavini kəndin klubuna gəlib sakinlərlə bir daha görüşüb, problemlərinə diqqət çəkəcəyi gözlənilir.

Yeni məlumat əldə edən kimi oxuculara çatdıracağıq. Azadlıq.info-nu izləyin…

Ramin DEKO