Hakimiyyət Nuru Paşaya sayğısızlıq etdi

Mehriban Vəzir: “Bu sistemlər ideoloji olaraq bir-birinə düşməndir”

Bakının işğaldan azad olunmasında müstəsna xidməti olan Nuru Paşanın adı axır ki, əbədiləşdirildi. Uzun illərdir müzakirə predmeti olan bu məsələni fəqət Azərbaycan hökuməti reallaşdırmadı. Türkiyə səfirliyi bu möhtəşəm addımı öz üzərinə götürərək Nuru Paşanın büstünü qoydu.
Bakının işğalını əngəlləyən bir mübariz orduya qarşı Azərbaycan hökumətinin sayğısızlığının adını bilmək mümkün deyil. Əslində, Nuru Paşaya heykəli Azərbaycan hökuməti bir dövlət olaraq çoxdan qoymalıydı, amma qoymadı. Onu Türkiyə hökuməti bizim əvəzimizə etdi. Azərbaycanın bu yöndə susqunluq nümayişi isə, utanc gətirməkdən başqa bir şey deyil.
Elə bu dönəmdə mətbuat səhifələrində M.Ə.Rəsulzadə barədə materialları müntəzəm olaraq çap etdirən, məqalələri kitab şəklində işıq üzü görən Şirməmməd Hüseynov həmin sayğısızlıqdan dilə gəldi. Bu şərəfli və çətin işi öz təqaüdünün hesabına araya-ərsəyə gətirən Şirməmməd müəllimin gileyi haqlıdır. Amma bizə maraqlı gələn başqa nəsnədir. M.Ə.Rəsulzadəyə qarşı münasibəti bəlkə də başa düşmək olar. Yəni qısqanclıq bu tarixi şəxsiyyətin xidmətlərini gələcək nəsillərə ötürməyə mane ola bilər. Bəs nədən Bakını işğal olunmağa qoymayan Nuru Paşaya da sayğısız münasibət sərgilənir və onun büstü, heykəlini yapmaq bu qədər müşkül işə çevrilir?
Yazıçı-publisist Mehriban Vəzirin qənaətincə, bu məsələnin dərininə gedəndə onun mahiyyətini başa düşmək asanlaşır. Belə ki, 70 il sovet əsirliyində olan bir cəmiyyətdə Nuru Paşa və Rəsulzadənin adını çəkmək mümkün deyildi: “Rus-sovet işğalçı sistemində türk sözünü demək yasaq idi. Hazırkı rejim də əvvəlki sistemin uzantısı, davamıdır. Ona görə də Bakını ermənilərdən azad edən Nuru Paşa kimi bir mücahidin burda heykəli qoyulsaydı, yaxud Rəsulzadənin abidəsi ucaldılsaydı, bu çox təəccüblü olardı. Çünki bu sistemlər ideoloji olaraq bir-birinə düşməndir”. Mehriban xanım söylədi ki, Nuru Paşa, Rəsulzadə və ümumiyyətlə, türklüyün düşməni olan bir rejimdən bundan artığını gözləməyə dəyməz: “Baxın, bütün dünyada türk seriallarının bazarı var, amma Azərbaycanda həmin serialların yayımına yasaq qoydular. Bu, dil sərhədinin aradan götürülməsi, dilin ümumiləşməsi, türk dilinin ümummilli bir anlayış halına gəlməsinin davasıdır. Burda başqa dava yoxdur. Ona görə də burda təəccüblənəsi heç nə yoxdur, onlar bir-birinə düşmən olan, ayrı-ayrı sistemlərdir”.

Nigar