sahib kerimov-azadliqda3

Cəmiyyətin potensialını köklü dəyişikliklərə yönəltməliyik

sahib kerimov-azadliqda3Sahib Kərimov: “Həbsdən qorxmamaq həm də sizi həbsdən sığortalayır”

Keçmiş siyasi məhbus, AXCP sədrinin müşaviri Sahib Kərimov dünən “Azadlıq” qəzetinin qonağı oldu. S.Kərimovla müsahibəmizə bir qədər gözlənilməz olan son əfvə münasibətini öyrənməklə başlamaq qərarına gəldik:

– Həqiqətən də bu əfvi o qədər də gözləmirdik. Çünki hökumət əfv yazmanı prinsipial məsələyə çevirmişdi. Bizə müraciət olunub bildirilirdi ki, əfvə müraciət olunmasa, azadlıq görünmür.

– Azadlığa çıxmanızı daha çox hansı amil ilə bağlayardınız. Xüsusilə “Eurovision” yarışması zamanı ölkəyə beynəlxalq diqqət artmışdı. Bu amilin böyük rolu oldumu?
– Təbii ki, dünya siyasəti dəyişib. Artıq Avropa ilə Qonşuluq Proqramı çərçivəsində saziş imzalayan, üzərinə öhdəliklər götürən, özünü sivil obrazda göstərməyə çalışan hakimiyyət təbii ki, beynəlxalq təşkilatların tənqidlərinə susmaqla cavab verdi. Çünki biz fundamental hüquqlarımızdan istifadə edərək aksiya keçirdiyimiz zaman həbs olunmuşduq. Ona görə təbii olaraq beynəlxalq öhdəliklər yada düşürdü. Bütün bunların fonunda müxalifət “Eurovision” ərəfəsində hakimiyyətə öz avtoritar mahiyyətini gizlətməsinə imkan vermədi. Təbii ki, hökumət sözçüləri bunu Azərbaycan dövlətinə yüz ildə vurulmayan zərbə kimi qiymətləndirsə belə, əslində bunu dövlətçiliyə yox, iqtidara vurulan zərbə kimi dəyərləndirmək daha doğru olardı. Amma iqtidara vurulan zərbə Azərbaycan xalqının və dövlətinin imicini qurtardı. Əks halda “Eurovision” zamanı ölkəyə gələn və Bakıdakı abadlığı Dubay ili müqayisə edən jurnalist məmurların da həyatına baxıb onları şeyxlərlə müqayisə, xalqımızı isə dünyaya inteqrasiya barəsində düşünməyən bir millət kimi qəbul edəcəkdi. Amma müxalifət bu etiraz aksiyalarını keçirməklə məhz dünyaya sübut etdi ki, bu xalq monoton düşünmür. Məhz demokratiya və fundamental azadlıqlarla bağlı bu ölkədə düşünən insanlar var və Azərbaycan doğurdan da sivil dünyaya inteqrasiya olunmağa layiqdir.

Yarımçıq əfv dövlətçiliyə zərbədir

sahib kerimov-azadliqda

– Bəzən hakimiyyət nümayəndələri həbsxanadan əfvsiz çıxmağın mümkün olmadığını vurğulayırlar. Amma sizinlə bərabər azadlığa çıxan şəxslər bunun əksini sübut etdilər?
– Bu mərhələdə də təəssüf ki, Azərbaycan iqtidarı yalnız hakimiyyət maraqlarını düşündü. Hakimiyyət dövlətçilikdən çox danışır. Amma əslində dövlətçiliyə zərbə vurdular. Bir şəxsin əfv olunması üçün yalnız onun özünün müraciət etməsi qanunda şərt olaraq göstərilməyib. Həbsdə olanın yerinə vətəndaş cəmiyyətinin təmsilçiləri, ziyalılar müraciət edə bilər. Şərt olaraq həbs olunanın mütləq ərizə yazmalı olduğunun vurğulanması, iqtidarın vətəndaş cəmiyyəti institutlarına, ziyalılara sayğısızlıqdır. Digər tərəfdən, əfvi yazmaq və ya yazmamaq üzərində bu cür polemikaların aparılmasının tərəfdarı deyiləm. Aldadılaraq və ya təzyiq üsullarından istifadə edilərək əfv ərizəsi yazan bir neçə silahdaşımız məhkəmələr vasitəsilə azadlığa buraxıldı. Bu bir daha Azərbaycanda hakimiyyət bölgüsünün olmadığını ortaya qoydu. Bəli, bizim əfv yazmamaqla azadlığa çıxmağımız göstərdi ki, əfv ərizəsi yazmadan da bunu əldə etmək olar. Amma hazırda bizim dostlarımız Şahin Həsənli və Vidadi Isgəndərli həbsdədir. Bu üzdən mən əfv ərizəsi yazmadan azadlığa çıxmağın ətrafında qəhrəmanlıq obrazının yaradılmasının əleyhinəyəm.

– Sizə, neçə dəfə əfv ərizəsi yazmaq təklif olunmuşdu?
– Dəfələrlə. Cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra bu təkliflər mütəmadi edilirdi. Novruz bayramı ərəfəsində telekanallar vasitəsilə anons verilmişdi, budəfəki əfvin “2 aprelçilər”ə şamil ediləcəyi bildirilmişdi. Müəssisə rəhbərliyindən də “bu dəfə siz azadlığa çıxırsınız” mesajları gəlmişdi. Amma son anda yenidən əfv ərizəsi yazmaq təklif olundu. Görünür, bu bir psixoloji təzyiq idi.

– Keçmiş siyasi məhbus Zülfüqar Eyvazlı hakimiyyətin əfv yazmaqda təkid etməsini iqtidarın səhvinin etirafı kimi dəyərləndirir?
– Təbii ki, hakimiyyət bütün resursları ilə bizim cinayətkar obrazımızı yaratmaq istəyirdi. Əfv yazmağı şərt kimi qoymaqla hakimiyyət alternativ gücləri gözdən salmaqla yanaşı, qondarma məhkəmə hökmlərinə hüquqi don geyindirməyə çalışırdı. Çünki bütün dünya bilirdi ki, “2 aprelçilər”ə qarşı saxta ittihamlar var. Hakimiyyət daha çox maraqlı idi ki, məhz bu ərəfədə azad olunan şəxslərdən daha çox adam əfv ərizəsi yazsın. Çünki əfv ərizəsində cinayəti etiraf etmək məqamı da var.

Ən yadda qalan hadisə…

– Bir qayda olaraq müxalifət nümayəndələri hara düşməklərindən asılı olmayaraq çevrələrini genişləndirirlər. Bu mənada həbsxana həyatından hansı hadisə ən çox yadda qalan oldu sizin üçün?
– Biz istintaq dönəmində Bakı Istintaq Təcridxanasında saxlanılırdıq. Çox maraqlı təəssüratlarım var bu məkanla bağlı. Bizə qarşı irəli sürülən kütləvi asayişin pozulması ilə bağlı ittihamlarda maksimum həbs müddəti üç il idi. Mən təcridxanada olarkən həmin məkanda xeyli sayda Sosial Müdafiə Nazirliyinin şöbə müdirlərini, hərbi komissarları, icra hakimiyyətinin işçilərini, keçmiş prokurorları, polis rəislərini gördüm. Mövcud düzənə qarşı çıxan müxalifət nümayəndələrinin təhlükəli yolda olduğu və bizləri həbs gözlədiyi barədə dəfələrlə xəbərdarlıqlar edilib. Amma sadaladığım şəxslərin heç biri bu rejimə qarşı çıxmamışdı, əksinə onlar yürüdülən siyasəti icra edən fərdlər idi. Amma onların hər birinin haqqında qaldırılan cinayət işi yeddi ildən on iki ilə qədər göstərilirdi. Bu şəxslərin bir çoxu sistemin ədalətsizliyi ilə qarşılaşmışdı.
Üstəgəl onların arxasında heç bir ictimai dəstəyi yox idi. Amma bizi “Amnesty International” vicdan məhbusu elan etmişdi və arxamızda ciddi ictimai dəstək var idi. Bir daha o qənaətə gəldim ki, avtoritar sistemə qarşı çıxmamaq, hələ səni haqsız məhkəmə hökmlərindən, ədalətsiz yanaşmadan sığortalamır. Ona görə bir daha mənə aydın oldu ki, biz məhz sistemi dəyişməliyik. Bizim mübarizəmiz avtoritarizmdən demokratiyaya keçid uğrundadır.

– Həbsdə olduğunuz müddətdə dünyanın tanınmış mətbu orqanları və beynəlxalq təşkilatları sizin adları gündəmə gətirdi. Azadlığa çıxmış məhbuslar olaraq hazırda həbsdə olan siyasi məhbusların azadlığa çıxması uğrunda  səylərinizi birləşdirərək təşkilat yarada bilərsinizmi?
– Əldə olunanlardan, əlbəttə, ölkədə köklü dəyişikliklərə nail olmaq üçün istifadə etmək niyyətindəyik. Bu gün müxalifətin gücü real hakimiyyət dəyişikliyinə çatmırsa, o zaman biz maraqlı olmalıyıq ki, elə bir güc mərkəzi formalaşdıraq, elə bir fəaliyyətə keçək ki, hakimiyyət Azərbaycanda dəyişikliklərin real olduğunu anlasın. Bir basqı ortaya qoyaraq, Azərbaycan cəmiyyətini toparlayaraq elə mövqe sərgiləməliyik ki, iqtidar anlasın ki, bu güc mərkəzinin üzərinə Azərbaycan xalqının iradəsi gələrsə, qarşıdurmadan qaçmaq mümkün olmayacaq.

Həbsxananı tərk edəndə gözümüz arxada qaldı

– Şahin Həsənli və Vidadi Isgəndərli hələ də həbsdədir. Təbii ki, onlar da doqquz nəfərin azadlığa çıxmasına sevindilər. Bəs onların bu əhvə münasibəti necədir?
– Ümumiyyətlə, bu il martın 15-də verilən əfvdən sonra təqribən Novruz bayramı ərəfəsində Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsinin əməkdaşı və cəzaçəkmə müəssisəsinin həkimi bizi tibbi müayinəyə apardı. Bizə bu addım çox maraqlı gəldi. On dörd saylı həbsxanada olan səkkiz vicdan məhbusundan yalnız altısı bu müayinədən keçirildi. Şahin Həsənli və Vidadi Isgəndərli yox. Bu hadisədən bir neçə gün sonra hüquq müdafiəçilərinin birinin açıqlamasında oxuduq ki, əfvə düşən məhkum haqqında geniş bir arayış hazırlanır və bura tibbi müayinə də daxildir. Iki informasiya üst-üstə düşdüyündən bizdə belə ehtimal yaranmışdı ki, növbəti əfvdə siyasi məhbuslar azadlığa çıxa bilər. Bu baxımdan Şahin Həsənli və Vidadi Isgəndərli də buna psixoloji baxımdan hazır idilər. Bu cür ayrı-seçkiliyin də bir səbəbi var idi ki, hakimiyyət məhz aksiyada iştiraka görə həbs olunanlarla bağlı ciddi təzyiqə məruz qalırdı. Şahin Həsənli ilə Vidadi Isgəndərlinin ittihamları isə fərqli idi. Hökumətin sanki əlinə bir fürsət düşdü. Iki nəfəri azadlığa buraxmamaqla iqtidar azadlığa çıxanların sevincinin tam olmasına imkan vermədi. Təbii ki, biz də həbsxananı tərk edəndə gözümüz arxada qaldı. Amma inanıram, bu yanlış da düzəldiləcək. Iki şəxsi saxlamaqla iki ailəni gözü yolda qoymaq Azərbaycana başucalığı gətirmir.

– Hakimiyyət bəzən həbsxana həyatı ilə mübariz insanları qorxutmağa çalışır. Amma sizin kimi mübariz insanlar həbsxana həyatının çətin olmadığını göstərdi. Bu baxımdan mübarizə yoldaşlarınıza çağrışınız nədən ibarətdir?
– Desəm ki, həbsxana çox rahat yerdir, səmimi olmaram. Həbsxananın özünəməxsus çətinlikləri var. Insan ən şirin nemətlərdən biri olan azadlıqdan məhrum olur. Amma həbsxana deyildiyi və düşünüldüyü kimi dəhşətli yer deyil. Yəni biz siyasi mübarizəyə görə həbsxanaya düşən şəxslə sıradan cinayət işi törətmiş şəxs arasında təcridxanada fərqlər var. Siyasi mübariz həbsi daha rahat keçirir. Çünki arxasında böyük ictimai rəy var. Amma xalqlar dəyişikliklər uğrunda hansı represiyalardan keçməyiblər, insanlar diri-diri yandırılıblar. Bütün bunların fonunda bir azadlıqdan məhrumetmə cəzası dəhşətli sayıla bilməz. Ona görə də mən ölkədə dəyişiklik etmək istəyənlərə müraciət edib demək istəyirəm ki, həbsdən qorxmaq lazım deyil. Həbsdən qorxmamaq həm də sizi həbsdən sığortalayır. Mübarizə aparanların sayı çox olarsa, hakimiyyətin həbs metodundan geri çəkilməsi labbüddür.

Dəstək həbsxananın çətinliklərini aşmaqda yardımçı oldu

– Həbsdə olduğunuz müddətdə cəbhədaşlarınızın, IP-in verdiyi mübarizəni necə qiymətləndirirsiniz?
– Ilk olaraq IP rəhbərliyinə, AXCP sədri Əli Kərimliyə, Müsavat başqanı Isa Qəmbərə, hüquq müdafiəçilərinə, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə, “Azadlıq” radiosuna, müstəqil internet saytlara minnətdarlığımı bildirirəm. Gözəl xanım başda olmaqla xanımlarımıza, fədakar gənclərimizə təşəkkür edirəm. Məhkəmə proseslərində bizi tənha qoymayan insanlara “sağ ol” deyirəm. Aparılan mübarizə nəticə verdi. Həmişə bu cür olsaydı başqa cür ola bilərdi polemikası açmaq olar. Bu müzakirələri dostluğu və əməkdaşlığı pozmayacaq səviyyədə etmək olar…

– Hazırda ölkədəki situasiyanı nəzərə alaraq gələn il seçkilərlə bağlı gözləntiləriniz nədir?
– Ilk növbədə istərdim ki, gələn ilə qədəm qoyarkən Ictimai Palatanı bir brend olaraq cəmiyyətə təqdim etməkdə həvəsli olaq. Ictimai Palata, adından göründüyü kimi, burada korporativ maraqlardan söhbət getmir. Təşkilatın adında ölkədə köklü dəyişikliklər etmə məqsədi ifadə olunur. Ölkənin bir nömrəli problemi avtoritarizmin qurulması, azad medinanın təzyiq altında olmasındadır. Eyni zamanda azad məhkəmə, normal seçki institutu da yoxdur. Bu gün biz Ictimai Palata olaraq məhz qarşımıza bu istiqamətlərdə dəyişikliklərə nail olmağı qoymalıyıq. Ondan sonra siyasi partiyalar olaraq bizim rəqabətimiz olacaq. Köklü dəyişikliklər uğrunda mübarizənin zəruri olduğu bir zamanda düşünürəm ki, vahid namizəd məsələsinin müzakirəyə çıxarılması doğru deyil. Çünki biz cəmiyyətin potensialını köklü dəyişikliklərə yönəltməliyik.

Xəyal