“Azadlıq”a qarşı ayrı-seçkilik

Umud Rəhimoğlu: “Iradlarınızı qəbul edirik və məsələni müzakirəyə çıxaracağıq”

Artıq ikinci ildir ki, KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu qəzet layihələrinin maliyyələşdirilməsində “Azadlıq” qəzetinə qarşı açıq-aşkar ayrıseçkiliyə yol verir. Ölkənin aparıcı qəzetlərindən olan “Azadlıq” mətbuat orqanı kimi, Fondun elan etdiyi bütün kriteriyalara cavab versə də, nədənsə qəzetimizə istər tirajına, istər ölkədəki nüfuzuna, istər tarixinə, istərsə də digər meyarlar üzrə ondan qat-qat geridə qalan nəşrlərdən daha az vəsait ayrılır. Xatırladaq ki, artıq ikinci ildir məlum layihə ilə bağlı Fonddan qəzetimizə 30 min manat, “Azadlıq”la müqayisədə oxunaqlıq səviyyəsi xeyli aşağı olan bir çox nəşrlərə isə 50 min ayrılır.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirir ki, KIV-ə Dövlət Dəstəyi Fondu “Azadlıq” qəzetinə hətta özlərinin müəyyənləşdirdiyi meyarlara zidd olaraq az vəsait ayırır: “Məsələ burasındadır ki, hətta tirajını belə göstərməkdən çəkinən qəzetlərə xeyli artıq vəsait ayrılır. Mən bunu hakimiyyətin ”Azadlıq” qəzetinin tənqidi fəaliyyətinə görə qəbul olunmuş qərar kimi qiymətləndirirəm”.
Bu məsələdə “Azadlıq”ın layiq olduğu münasibətlə qarşılaşmadığını deyən Rahim Hacıyev hesab edir ki, Fond bu ayrıseçkiliklə bağlı ciddi düşünməlidir.

Məsələ ilə bağlı qarşı tərəfdən də münasibət öyrənmək üçün əvvəlcə Fondun Müşahidə Şurasının sədri Umud Rəhimoğluna müraciət etdik. U.Rəhimoğlu bildirdi ki, “Azadlıq” qəzetinə qarşı ayrıseçkilikdən söhbət gedə bilməz: “Ögeylik-doğmalıq məsələsi yoxdur. Bu qərarı Fondun kriteriyalarına uyğun olaraq Müşahidə Şurası qəbul edib. Özünüz də görürsünüz ki, büdcədə bir o qədər irəliləyiş yoxdur. Maliyyə imkanları artsa da, bu əsasən jurnalistlər üçün nəzərdə tutulan evlə bağlı olub. Ona görə də bu şəkildə vəsait ayırmaları həyata keçirildi”.
Bununla belə, U.Rəhimoğlu “Azadlıq” qəzetinin məsələ ilə bağlı iradlarını qəbul etdiklərini bildirdi: “Hər halda ümumi qərar belə olub. Ola bilsin siz bir rakursdan baxırsız, başqası tamam fərqli rakursdan yanaşır. Adətən belə məsələlərdə hamını birmənalı şəkildə razı salmaq mümkün deyil. Amma sizin iradlarınızı qəbul edirəm və düşünürəm ki, bu məsələni müzakirəyə çıxaracağıq”.

Fondun Müşahidə Şurasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin məsələ ilə bağlı ilkin cavabı olduqca qəribə oldu. R.Məcidə “bunu məndən niyə soruşursunuz” iradının qarşılığı olaraq Müşahidə Şurasının üzvü olduğunu və məlum səsvermədə iştirak etdiyini xatırlatdıq. Baş redaktoru “Azadlıq”la bağlı qərarın qəbulu prosesində iştirak etdiyini desə də, nəyə səs verdiyinə aydınlıq gətirə bilmədi. “Siz ”Azadlıq”ın tələb olunan kriteriyalara cavab vermədiyini hesab etmişdiniz?” sualına isə baş redaktorun cavabı belə oldu: “Deyə bilmərəm ki, niyə nəticə belə olub. Görünür, sənədlərlə və ya tələb olunan digər məqamlarla bağlı olub. Onu özünüz aydınlaşdırmalısınız. Bunu Vüqar müəllimdən öyrənə bilərsiz”.