Doğrudan qəliz məsələdir
Bu ITV ki var, deyəsən gerçəkdən birinci kanal olmaq iddiasındaymış. Əl altdan Milli Məclisdəki tanış-tunuşa yol tapıb “Ictimai Teleradio Haqqında” qanuna düzəlişlərdə serial qadağasını aradan götüzdürmək həvəsinə düşübmüş. Bu istəkdən hamıdan çox Nuşirəvan müəllim narazı qalmışdı. Çünki ITV MTRŞ-nin başının üstündən iş görmək istəyib. Üç gün irəli saytların biri Nizami Cəfərovun dilindən yazmışdı ki, qanun layihəsinə dəyişikliklər mütləq qəbul olunacaq. Bir gün sonra xəbər yayıldı; qanuna düzəlişlərdən “əcnəbi teleseriallar” sözü çıxarılıb. Səsverməyə belə çıxarılacaq.
Bu arada Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlidən belə bir mesaj gəldi: “Mən sözümü Milli Məclisdə deyəcəm”. Dünən yarı yaxşı, yarı pis xəbər aldıq; Milli Məclis Nuşirəvan müəllimi haqlı çıxarıb. ITV əcnəbi teleserial göstərməyəcək. Olacaq ölkəiçi sıradan bir kanal. Xəbərin pis tərəfisə odur ki, Ictimai televiziya yenə dövlət büdcəsindən maliyyələşəcək. Yəni indiyəcən olduğu kimi yenə hakimiyyətin, hökumətin birbaşa nəzarətində olacaq. “Pulu kim verirsə, sifariş haqqı da onda qalır”. Milli Məclis bir daha sübut edib təsdiqlədi ki, Azərbaycanda ictimai yayımçı adında və missiyasında telekanal yoxdur. BIZƏ ISƏ ƏSL ICTIMAI TELEVIZIYA UĞRUNDA MÜBARIZƏ APARMAQ QALIR! Içi mən qarışıq, bilmirəm niyə Avropa Şurasına müraciət eləmirik ki, hökumətdən normal ictimai televiziya tələb eləsin.
Qayıdaq teleserial məsələsinə. Şəxsən mənim fikrimcə, Milli Teleradio Şurası xarici seriallara qadağa qoymaqda tələsdi. Qadağanın qüvvəyə mindiyi iki ayın izləmələri göstərdi ki, ölkə telekanallarının heç biri, o sıradan prodakşnlar serial çəkməyə hazır deyil. Olanlar şou-proqramların səhnələşdirilmiş formasıdır. Ssenaristlər səviyyəli ssenarilər yaza bilmir. Ümumiyyətlə, mövzu tapmırlar. “Aktyorlar” aktyor ola bilmir. Texniki imkanlar zəifdir. Bunların hamısı niyə belədir? Çünki maddi baza yoxdur. Ortalıqda milyonlar dövr eləmir, ona görə. Azərbaycan teleserial sənayesindən xeyli uzaqdır. Illərdi ölkədə yönlü bədii film çəkilmir. Bədii film çəkməyə bazası olmayan ölkənin serial istehsal edəcəyini gözləmək absurddur. Azı 15-20 il keçməlidir ki, tutarlı iş ortaya çıxsın. Doğrudur, bu işə başlamağın zamanıdır, hələ bəlkə ötüb də. Amma xarici seriallar göstərə-göstərə də “konveyer”i işə salmaq olardı. Nəinki telekanalları tamaşaçısız, reklamsız qoymaq.
Bu, məsələnin bir tərəfi. Ikinciyə qalanda “maarifləndirici” adı ilə tək ITV-yə xarici teleserial yayımlanmasına icazə verilməsi qanunsuzluq, kobud hüquq pozuntusu olardı. Yarandığı gündən bəlkə də ilk kərədir Milli Teleradio Şurası öz nüfuzunun qeydinə qalıb, düzgün qərar çıxarılmasına nail olub. Belə ola həmişə. Kinodan yazmışkən. MRTŞ-nın daha bir qərarı televiziya və radiolarda Azərbaycan dilində yayımla bağlıdır. Serial məsələsində Şuranın qadağasına günündəcə əməl edən telekanallar dil məsələsində “bildiklərini babalarına vermirlər”. Rus, türk dillərində qısa çıxışların tərcümə əziyyətini çəkmək istəmirlər. Və kimsə bunun monitorinqini aparmır, özbaşınaları qınamır, cəzalandırmır.
Bu günlərdə “Xəzər” telekanalında məşhur türk aktyoru Kamal Sunalın çəkildiyi “Dələduz” filmini göstərirdilər. Film türk dilindən tərcümə edilmişdi. Çox maraqlı formada. Bütün obrazlar Azərbaycan dilində səsləndirilir, bircə baş qəhrəmandan savayı. Zəif dublyaj, üstəgəl yarı Azərbaycan, yarı osmanlı dili. Görünür, Kamal Sunal qədər kaloritli dublyajçı tapa bilməmiş, çıxış yolunu “həftəbecər”də görmüşdülər. Çox gülməliydi. Həm də ağlamalı. Kinolar belə olur: ağlamalı, gülməli, həm ağlamalı, həm gülməli. Bizdə bunların hamısından var. Bircə bəyəniləsindən savayı.
Sənubər