euro-2012-campion

Avropanın ən güclüsü yenə İspaniya oldu

euro-2012-campion“Euro-2012”ni 4 cavabsız topla bitirən “buğalar” həm də bir tarix yazdı (VİDEO)

Daha bir Avropa Çempionatı tarixə qarışdı. Və futbol tarixində daha bir ilkə imza atıldı…
İyulun 1-də “Euro-2012”nin finalında Kiyevin “Olimpik” stadionunda İtaliya ilə İspaniya yığmaları güclərini sınadı. Çempionatın favoriti kimi baxılan Almaniyanı yarımfinalda diz çökdürüb finala yüksələn İtaliya ilə 2008-ci il Avropa və 2010-cu il Dünya çempionatlarının qalibi olmuş İspaniya…
İtaliyanın ənənəvi müdafiə oyununa yenilik qataraq, xüsusən də İngiltərə və Almaniya yığmalarını kəsərli hücumlarla məğlub etməsi bir çox şərhçilərdə belə qənaət yaratmışdı ki, İspaniya üçün bu dəfə çox çətin olacaq. Amma “buğalar” bütün proqnozları alt-üst etdi. Del Bosqenin yetirmələri nəinki çempionluğun bir addımlığında görünən İtaliyaya qalib gəldi, hətta Avropa çempionatları tarixində yeni bir rekorda da imza atdı. Komanda rəqibini 4 top fərqi ilə məğlub etdi. Avropa Çempionatı finallarında indiyədək belə top fərqi ilə qalib gələn olmayıb.

Amma bu da İspaniya yığmasının tarixə yazdıqlarının hamısı deyil. Bu komanda üç dəfə ardıcıl surətdə böyük futbol turnirlərinin çempionu olmaqla da bir ilkə imza atdı: 2008-ci il Avropa Çempionatı, 2010-cu il Dünya Çempionatı və 2012-ci il Avropa Çempionatı.
“Euro-2012”nin final oyununa gəlincə, ispanlar qələbənin əsasını erkən qoydular. Artıq 14-cü dəqiqədə David Silva komandasını irəli çıxardı. 41-ci dəqiqədə isə Jordi Alba hesabı 2:0-a çatdırdı və komandalar fasiləyə bu hesabla yollandılar.

Fasilədən sonra Cesare Prandelli komandasını meydana gözlənilən əvəzləmə ilə çıxardı – oyuna Di Nataleni daxil etdi. Oyundan çıxarılan isə Kassano oldu. Prandelli 11 dəqiqə sonra daha bir əvəzləməyə ehtiyac gördü. Bu dəfə o Montolivonun yerinə Mottanı oyuna buraxdı və bəlkə də bununla komandasının belə böyük hesabla uduzmasına səbəb oldu. Belə ki, Motta 65-ci dəqiqədə aldığı zədə üzündən oyunu davam etdirə bilmədi və artıq oyunçu dəyişikliyi hüququnun üçündən də istifadə edən italiyalılar qalan vaxtı bir nəfər azlıqda oynamalı oldular (Prandelli 22-ci dəqiqədə də məcburi bir dəyişiklik həyata keçirmişdi – zədələnən Çiellinini Balzaretti ilə əvəzləmişdi).
İkinci hissəyə üstünlüklə çıxan ispanlar üçün rəqibin azlıqda qalması sözsüz ki, əlavə avantaj idi. Və onlar bu avantajdan maksimum yararlanmağı bacardılar. 84-cü dəqiqədə Fernando Torres, 88-ci dəqiqədə isə İniestanın yerinə yenicə meydana daxil olan Juan Mata dünyanın ən yaxşı qapıçılarından olan Buffonu aciz duruma saldı.

Böyük hesablı məğlubiyyətə baxmayaraq İtaliya yığması oyun göstəricilərinə görə rəqibindən heç də geri qalmadı. Qət edilən məsafə, ötürmələrin, qapıya endirilən zərbələrin sayı və s. üzrə komandaların statik göstəriciləri təxminən bərabər idi. Bundan başqa italiyalılar bir neçə dəfə real qol vəziyyəti yarada bildilər, lakin hər dəfə İspaniya yığmasının kapitanı Kasillas qapısını məharətlə qorudu.
Beləliklə, Visente del Bosqe və yetirmələri Avropanın ən güclüsü olduqlarını bir daha təsdiqlədilər. Görək, eyni nəticəni iki il sonra Dünya Çempionatında da təkrarlaya biləcəklərmi?..
Bu çempionatdan isə İspaniya millisinin qazandığı təkcə çempionluq titulu və kubok deyil. Komanda “Euro-2012”də keçirdiyi 6 qarşılaşmanın nəticəsində 23 milyon avro qazanıb (bu pulun 7.5 milyonu çempionluq mükafatıdır).
İtaliya millisi isə “Euro-2012”ni 19.5 milyon avro qazancla başa vurub.