Türmədə pıçıldaşmanın nəticəsi…

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Amma Şamxal cinayət aləminin bu ibtidai və qızıl qaydalarını da pozur; bilmir, qanmır və heç zaman da başa düşməyəcək. Bu xarakterlə onu heç bir cinayətkar qrup özünün tam hüquqlu üzvü kimi təsəvvür etməyəcək. Onu, hətta Masallıdakı heç bir sahə müvəkkili də yaxına buraxmayacaq. Təbii, sizə qəribə gəlməsin. Şamaxıdakı oğru tanışım mənə danışırdı ki, seriyalı oğurluq əməllərini polislə razılaşdırılmış şəkildə təşkil edirlər: “Təkbaşına nə edirəmsə, bu heç. Amma bəzi işlər var ki, bunları təkbaşına eləmək olmur. Məsləhət deyil. Polisi maraqlandırmalısan ki, polis səninlə maraqlanmasın, səni unutsun, səni lap elə, ölmüş bilsin. Kənddə-kəsəkdə kiminsə malı-heyvanı itəndə, polis bunları kimin yerbəyer elədiyini dəqiq bilir. Buna görə də, dəbbələməyin yeri yoxdur və aparıb kişilərin haqqını vermək lazımdır. Bunu etməsən, özün üçün də işləyə bilməzsən. Məsələn, mən bizim polisi inandırmışam ki, ancaq tövlə yarıram. Amma daha çox naxır oğurluğu ilə məşğulam. Polis naxır oğrusu kimi tanıdıqlarından mənim də ”hesabımı” alır. Heç nə havayı deyil. Hər kəsin də öz dəst-xətti var ki, bunlar da polisə bəllidir”.
Şamxalın ibtidai icma quruluşuna hesablanmış beyni isə bu incəlikləri bilmir. Onun beyninin imkanları ancaq ona hesablanıb ki, heç kimin inanmadığı yalanları toxuyub danışsın. Şamxal deyir ki, “Tofaş”a yeddi inək oğurlayıb yığıb. Hamı gülür. Məndən də əlavə gülüş üçün soruşurlar: “Mümkündürmü?”
“Mümkündür, – deyirəm – Kəsib-doğrasan, lap doqquz dananı da bir ”Tofaş”a yığmaq olar”.
Şamxal ürəklənir: “Mən də belə deyirəm də, amma bunlar məni lağa qoyurlar”.
Sonra Şamxal izah edir ki, o, avtomobillərin hərəkət hissəsi üzrə ustadır. “Xodovoy”u Masallıda mənim qədər bilən yoxdu” – deyir. Avtomobilin ən “xodovoy” hissəsinin də təkər olduğunda inad edir.
Amma Şamxalın çox çevik hərəkətləri var və bu, qətiyyən yalan deyil. Məsələn, Şamxal sıçrayıb “reşka”dan kameranın içinə boylanan siçanı tuta bilir. Özünə ən inamlı pişik belə, siçanı bir həmlədə tutmağı bacarmır, amma Şamxal bacarır. Və deyəsən, bacardığı da elə budur. Bu qədər cəldliyi xüsusi məqsədə doğru istiqamətləndirməyi bacarmır. Axı, siçan tutmaq adamın nəyinə lazım ola bilər ki?! Mən dəqiqliklə bilmirəm; bilənlər təsdiq edirlər ki, ev heyvanlarının əhilləşdirilməsinin 30-40 min il yaşı var. Deməli, insanlar 30 min ildir ki, siçan tutmaq üçün pişikdən istifadə edirlər. Gördünüzmü, Şamxalın ibtidai zamanlarda qaldığını daha bir arqumentlə sübut etdim. Pişik cəldliyi – amma yalnız siçan tutmaq üçün yarayan pişik cəldliyi!
Gəzintiyə çıxarıldığımız yerdə Masallının Ərkivan kəndindən olan Habillə süpürləşmək istəyən Şamxalın siçanı bir həmləyə yaxalayan cəldliyi zibilə döndü. “Nədən bu qədər cəld adam döyüküb qalır” – deyə soruşurlar. Bildiyim qədər izah edirəm: “Siçanın üzərinə atılanda, o, müqavimətin olmayacağını dəqiq bilir və beyninin bütün məhdud imkanlarını səfərbər edir ki, siçanı ələ keçirsin. Amma Habillə süpürləşmə onun beynindən daha artıq reflekslər tələb edir. Bu refleksləri yarada biləcək imkanlar isə onun beynində yoxdur”.
Bu izahatı başa düşməyənlər də özlərini başa düşən kimi aparıb gülüşürlər. Şamxal isə nə bu izahatı, nə də onun içindəki yumoru anlayır və buna görə də özünü tox tutur. Başlıcası budur ki, kamera ictimaiyyətinin diqqətini öz üzərində hiss edir və bu, ona ləzzət edir.
Şamxalın ictimai birgəyaşayış qaydalarını qiymətləndirmədiyi əski çağlarda, təqribi hesabla 50 min il əvvəl, dəqiq hesabla mənfi 47993-cü ildə dustaq quyusundan (yəni, ibtidai həbsxanadan) bir qədər tez buraxıldığına görə onun genetik kodlarında islah olunmamağın fəsadları ilişib qalıbmış. Buna görə də 2007-ci ildə o, Bayıldakı 123-cü kamerada ictimai mənafelərə uyğun gəlməyən bəzi davranışlar göstərməyə cəhd etmişdi. Amma yaxşı ki, bu kamerada cinayətkar aləmin qəddar qaydalarının əvəzində, cinayətkar aləmin axıra qədər bölüşməyəcəyi daha liberal qaydalar hakim idi və buna görə də Şamxal üçün faciəli nəticələr yaranmadı. Biz hamımız belə hesab etdik ki, əgər onun islah olunması üçün 48 min il zaman tanınıbsa, biz daha iki-üç ay əlavə edə bilərik. Qərar qəbul edildi və Şamxal yaşamağa davam etdi. Mən inanıram ki, Şamxal hələ də yaşayır. Üstəlik, daha optimist çalarlarla inanıram ki, o, bir daha həbsxanaya düşməsinə səbəb ola biləcək axmaq oğurluq əməliyyatları üzərində baş sındırmayacaq.
“Bir halda ki, həmin başın içində konstruktiv nəticələr yarada biləcək zehni əməliyyatlar apara bilmirsən, bunun üçün heç bir ilkin göstəricilər yoxdur, o zaman həmin başa güvənməyə dəyməz. Üzərində olan başqa orqanlarla işləməyə çalış. Məsələn, əllərinə, ayaqlarına güc ver. Başın funksiyasını həyatda səninlə yaxınlığı olan xeyirxahlarının üzərinə burax. Onlar minnət qoymadan sənin başının əvəzinə çalışacaqlar” – bu nəsihəti Şamxalın başa düşəcəyi dildə o zaman çatdırmışdım ki, həmin gün qətiyyən gözləmədiyi halda sovqat almış, kövrəlmişdi. “Məni tamam yaddan çıxarmayıblar” şəklində düşündüyü gözlərindən açıqca oxunurdu…

Ərk

Kameranın qapısı ağzında çox nəzakətli pıçıltılar eşidilməyə başladı. Həbsxana pıçıltılarının yorumu birmənalı olmur. Burada pıçıltılar sərt və qəddar tonlarla fışqırır, alabəzək ola bilir… Məsələn, iki-üç dustaq, yaxud dustaq-həbsxana əməkdaşı və ya iki-üç həbsxana əməkdaşı arasında pıçıldaşmalar koloroti ilə bir-birindən fərqlənir.
Bir neçə dustağın arasında pıçıldaşma adətən xof elementləri ilə zəngin olur. Burada hətta qəddarlıq notlarının bir-birinə keçidi də xofla müşayiət olunur. Bu xof ehtiyatlılıq və qorxu arasında hüdudu olmayan səs çalarlarından ibarətdir. Bu pıçıltı ona aidiyyəti olmayanların qulağına qətiyyən çatmayacaq dərəcədə zəif olmalıdır. Kənar qulağa pıçıltı çatdıra biləcək adam ya həmin qulağı qoparmalıdır, ya da özünün nəzarət edə bilmədiyi dili ilə vidalaşmalıdır. Çox da dəhşətə gəlməyin. Söhbət bütün hallarda kiminsə qulağının və ya dilinin kəsilməsindən getmir. Hərçənd, müstəsna hallarda bu variant da işə düşür. Amma adətən qulağın və dilin sahibinə etimadsızlıq o qədər kütləvi şəkil alır ki, hansının daha yaxşı olduğu mübahisəli məsələyə çevrilir; Icmadan kəsilib qırağa atılmaq həbsxana həyatını cəhənnəmə çevirən sanksiyadır. Bir qulağı qurban vermək fiziki mənada o qədər də ağır və ağrılı deyil. Amma mənəvi mənada bu qurban da ölümcüldür. Axı, həbsxanadan çıxandan sonra davam edəcək həyatda bir qulağının olmaması da bütün həyatı cəhənnəm əzabına çevirər. Həyatı cəhənnəmə çevirməmək üçün dilini və qulağını farağat saxla!
Dustaq və həbsxana əməkdaşı arasında pıçıltının məhvəri saxtalıqdır və başqalarına qarşı hesablanma ehtimalı 90 faizdir. Qalan 10 faizlik zərərsiz ehtimal adi “məişət-rüşvət” sövdələşmələri ilə bağlı ola bilər. Bəri başdan bilin: həbsxana əməkdaşı ilə pıçıldaşan, amma bunu əsaslandıra biməyən dustaq anındaca şübhə altına düşür; həbsxana əməkdaşı ilə pıçıldaşmaq müstəsna avtoritet sahibi olan dustaqlar üçün təhlükəsizdir, amma bir şərtlə ki, yeri gələndə, hətta onlar da izahat verməli olurlar. Heç bir dustaq öz dustaq yoldaşlarına hesabat vermək missiyasından azad deyil. Amma hər bir dustaq öz dustaq yoldaşından hesabat istəmək üçün bu hesabatı hansı haqla tələb etdiyini əsaslandırmalıdır. Bu, qapalı bir sistemdir, zəncirvaridir, tələbinin – hətta haqlı da olsa – sənə qarşı çevrilməyəcəyinə ya möhkəm təminatın, ya da daşdan keçən arqumentlərin olmalıdır…

Ardı var