Suriya diktatoru sərhəd bölgələrə tanklar yerləşdirdi
Türkiyəyə aid kəşfiyyat təyyarəsinin Suriya tərəfindən vurulmasıyla yaranmış gərginlik davam edir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Suriyanı hədələməsindən sonra iki ölkənin bir-birilə sərhədində hərəkətlilik diqqət çəkir. Həm Suriyanın, həm də Türkiyənin sərhəd bölgələrə əlavə qoşun dəstələri və hərbi texnika yeritdiyinə dair xəbərlər yayılıb.
Türk orudusuna aid Qaziantep beşinci mexaniki zirehli briqadanın Kilis bölgəsinə göndərilən “Atılgan” və “Zıpkın” tipli Stinger raketləri Suriya ilə sərhəddəki Öncüpınar sərhəd məntəqəsinə yerləşdirilib. Raketlər Suriya ərazisinə doğru istiqamətləndirilib. Türkiyə bölgəyə əlavə zenit kompleksləri də yerləşdirib. Bu ərəfədə Türkiyə Quru Qoşunlarının komandanı, general Hayri Kıvrıkoğlu da Suriya ilə sərhəddəki Hatay bölgəsinə baş çəkib.Suriya isə Türkiyə ilə sərhəddə bölgələrə yüzlərlə tank yerləşdirib. Bəşər Əsədə müxalif Suriya Azadlıq Ordusunun generalı Mustafa əl-Şeyxin sözlərinə görə, tanklar Türkiyə ilə sərhəd boyu əksər yaşayış məntəqələrinin həndəvərində yerləşdirilir. Qoşunlara komandanlıq isə sərhəddən 30 km. aralıda yerləşən Hələb şəhərindəki hərbi məktəbdən ediləcək.
Iranın dövlət televiziyasına danışan Bəşər Əsəd Türkiyə ilə yaranmış gərginliyə də toxunub. O, Ankaranın siyasətilə Türk xalqının Suriya haqqındakı müsbət fikirlərinin uyğun gəlmədiyini bildirib. Bəşər Əsəd suriyalıların ölümündə Türkiyə rəhbərliyinin yürütdüyü siyasətin də rol oynadığını deyib. Əsədin sözlərinə görə, hakimiyyət ölkədəki problemləri həll etmək üçün islahatları davam etdirsə də, Suriyadakı terrorçular və onları dəstəkləyən hökumətlər atılan addımlara məhəl qoymur.
Suriya-Iran əlaqələrinə də toxunan Bəşər Əsəd Iran ordusunun Suriyada fəaliyyət göstərdiyinə dair xəbərləri əsassız adlandırıb. O, Tehran rejiminin Suriya hakimiyyətinin yanında olduğunu, Dəməşqin də buna sadiq qalacağını söyləyib..