Qəzetlərin yayımına qadağa Əli Həsənovla müzakirə edildi

PA rəsmisi problemlərin həllinə söz verdi

Dünən Mətbuat Şurasında ölkə KİV-lərinin Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşü keçirilib. MŞ sədri Əflatun Amaşov bildirib ki, bu toplantı mətbuatın ən mühüm problemlərindən olan yayım məsələlərinə, qəzet satışı ilə bağlı vəziyyətə həsr edilib. Əli Həsənov isə görüşün məqsədinin KİV rəhbərlərinin medianın mövcud problemlərlə bağlı təkliflərini dinləməkdən ibarət olduğunu bildirib.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, yayım problemi heç də müstəqil, iqtidaryönümlü və müxalifət qəzetlərinin üzləşdikləri ayrı-ayrı çətinlik deyil. Bu məsələ onların hər biri üçün aktualdır: “Satış nöqtələri azalıb. Yollardakı köşklər götürülüb. Kəndlərə isə qəzet ümumiyyətlə gedib çıxmır”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu nəşrlərin səyyar satışında yaranan problemə toxunaraq bu sahədəki məhdudiyyətin rəhbərlik etdiyi qəzetin satışına mənfi təsir göstərdiyinə dair faktlar açıqlayıb: “Eurovision” ərəfəsində metro stansiyalarındakı stendlərin yığışdırılması da “Yeni Müsavat”a ziyan vurub”.
R.Arifoğlu iqtisadi çətinliyin spesifik cəhətlərindən biri kimi reklam məsələsinə toxunub. O, reklamların KİV-lərdə bölüşdürülməsi məsələlərinin tənzimlənməli olduğunu vurğulayıb. Baş redaktor həmçinin müxtəlif bölgələrdən yayım firmalarına məxsus qəzet köşklərinin yerlərinə qaytarılmasının vacibliyini qeyd edib.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev əsasən reklam məsələsi üzərində dayanaraq təmsil olunduğu 8 min tirajlıq nəşrə nəyə görə reklam verilməməsinin anlaşılmaz olduğunu diqqətə çatdırıb. Müstəqil mətbuatın mövcudluğunun hamı tərəfindən dəyərləndirilməsinin vacibliyinə toxunan R.Hacıyev mediadakı problemlərin aradan qaldırılması üçün iqtisadi plüralizmin mövcudluğunu vacib cəhət kimi önə çəkib.
APA-nın baş direktoru Vüsalə Mahirqızı çıxışında bir neçə məqam üzərində dayanıb. O, “Reklam haqqında” qanunda dövlət elan və reklamlarının yalnız rəsmi mətbuatda dərcinə dair müddəanın aradan qaldırılmasının vacibliyini vurğulayıb. Baş direktor eyni zamanda hesab edib ki, medianın dövlət qurumlarının reklamlarının əldə edilməsindəki açıq tenderlərə qatılmasına müvafiq imkanlar yaradılmalıdır.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı dövlət elan və reklamlarının ümumi reklamların çox az qismini təşkil etdiyinə toxunaraq əsas potensial reklamçıların digər təşkilatlar olduğunu bildirib. Onun sözlərinə görə, bir çox sahələrdə inhisarçılıq mövcud olduğundan belələri qəzetlərə reklam verməyi düşünmürlər də. Baş redaktor bu problemlərin aradan qaldırılmalı olduğunu deyib.
“Ədalət” qəzetinin təsisçisi Aqil Abbas çıxışında qəzetlərin yayım firmaları ilə münasibətlərindəki durumdan söhbət açıb.
“Qaya” Mətbuat Yayımının rəhbəri Xanhüseyn Əliyev rəhbərlik etdiyi firmanın paytaxtdakı və eləcə də ölkənin bir sıra yerlərindəki köşklərinin götürüldüyünü xatırladıb. O, qəzet yayımında mühüm rol oynayan təşkilatın vəziyyətinin nəşrlərin satışına da mənfi təsir göstərdiyini vurğulayıb və bu durumun aradan qaldırılmasının zəruriliyini qeyd edib.
Əli Həsənov səslənən təkliflərin ümumiləşdirilmiş formada müvafiq qurumlara çatdırılacağını deyib. O, metro stansiyalarında qəzet stendlərinin yerləşdirilməsi məsələsinin tez bir zamanda həllinin mümkünlüyünü ifadə edib. PA rəsmisi bildirib ki, hər bir rayon icra başçısı və ya hansısa bölgəyə məsul şəxs həmin yerin inkişafı məsələsinə müxtəlif cür yanaşır: “Bəziləri hesab edirlər ki, qəzet köşkləri ümumi görünüşə xələl gətirir, bəziləri başqa cür düşünür. Hər bir halda bu məsələlər müzakirələr yolu ilə həllini tapmalıdır”.
“Reklam haqqında” qanunda dəyişikliyin nəzərdə tutulması ilə əlaqədar təklifə gəlincə, Ə.Həsənov da hesab edib ki, dövlət qurumlarının elan və reklamlarının yalnız rəsmi mətbuatda dərcinə dair müddəa aradan qaldırıla bilər. O, Mətbuat Şurasının elan və reklamların bölüşdürülməsi ilə bağlı Türkiyə təcrübəsini öyrəndiyini və məsələyə dövlətin də dəstək verdiyini bildirərək mövcud istiqamətdə ayrıca qurumun formalaşdırılmasının mümkünlüyünü diqqətə çatdırıb.
Sonda qərara alınıb ki, Mətbuat Şurası təklifləri ümumiləşdirsin və KİV-lərin adından dövlət rəhbərliyinə müraciət ünvanlansın.

Gültəkin