Ömür hərracı

Dünən Azərbaycanın saxta, təyinatlı parlamenti Cinayət Məcəlləsinə əcaib, axmaq bir dəyişiklik edib, həmin dəyişikliyin qısa özəti bundan ibarətdir ki, döymək artıq cinayət sayılmayacaq, belələri cərimlənərək yola veriləcək. Mən yaxın keçmişin tənqidçi jurnalistlərindən olan, hazırda isə ən müxtəlif situasiyalarda rejimin əməlləri barədə bəraətedici yazılar yazan Azər Həsrəti daha bir “Bu lap ağ oldu” başlıqlı məqalə ilə çıxış etməyə səsləyirəm.
Iqtidar saytlarında ümumi ruhunu hüquq müdafiəçisi və qəzetçi Hilal Məmmədovun şərlənərək həbsinə haqq qazandıran “Bu lap ağ oldu” adlı yazı qaralayan Azər Həsrət qoy indi Əliyevçi rejimin yaxasından yapışsın və soruşsun: necə olur ki, Cinayət Məcəlləsində hər hansı yazıya, fikrə görə “şərəf və ləyaqətin təhqiri” adı altında cinayət məsuliyyətini nəzərdə tutan maddə saxlanılır, amma insan döymək cinayət sayılmır? Azər Həsrət belə obyektiv, tərəfsiz, qərəzsizdirsə, soruşsun Ilham Əliyevdən, onun əyanlarından: yazmağı suç sayıb, döyməyə bəraət verən bu qanun dəyişikliyinin anlamı nədir? Etirazçı insanları bundan sonra təpiyinin ucunda oynatmağa rəsmi icazəmi? Polisə vətəndaşla şillə, təpik, yumruq vasitəsi ilə danışmaq üçün lisenziya verilməsimi? Işgəncənin legitimləşdirilməsimi? Qanunsuz yerə həbsə atılan keçmiş həmkarının həbsini az qala adiləşdirən, məntiqəuyğunluq kimi qələmə verən Azər Həsrət bu sualları soruşmayacaqsa, bax onda bu, həqiqətən də lap ağ olacaq.
Azər bəyin öz yazısına gəlincə, mən bir daha üzərinə hakimiyyəti müxtəlif çətin, ağır situasiyalardan çıxarmaq vəzifəsi götürənlərin əslində nə qədər arqumentsiz, çarəsiz olduğunu gördüm həmin məqalədə. Qınamalı da deyil: bu rejimin müdafiə olunası tərəfi yoxdur, onun danasına ümidli olanın kəndiri mütləq əlində qalır.
Azər Həsrətin yazısından çıxan budur ki, haqsız bir həbs ətrafında geniş səs-küy yaratmağa ehtiyac yoxdur, Hilal Məmmədov günahsız yerə həbs olunubsa belə, problem deyil, onu azad edib təzminat ödəyərlər, məsələ də bitər. “Əcəb gülməlisən xanə-xərab” (Füzuli).
Əvvəla, bu rejim hətta Avropa Məhkəməsi qərarı ilə günahsızlığı sübuta yetirilənlərin təzminatını ödəməyə can çəkir, elə bir keçmiş məhbus həmkarımıza kompensasiya ödəmək üçün Əliyevçi hakimiyyətin hansı hoqqalardan çıxdığını xatırlamaq kifayətdir.
Ikincisi: necə yəni, rejim kefi istəyəndə kimisə aparıb dəmir barmaqlıqlar ardına tıxacaq, onu aylarla həbsdə çürüdəcək, sonra da çıxıb “pardon, biz səhv eləmişik, al bu qədər pulu, bu da sənin təzminatın, xoş gəldin” deyəcək? Bunlar camaatın evini başını uçurub qara qəpik ödəmirsə, Azər Həsrət nədən danışır? Ümumiyyətlə, bir insana nə qədər pul ödəmək olar ki, onun haqsız yerə dəmir barmaqlıqlar ardında boşa gedən günlərinin, aylarının, illərinin əvəzi ola bilsin? Pul nə vaxtdan insan ömrünə bədəl olub? Əgər bir başqasının ömrünü pul qarşılığında almaq mümkündürsə, elə ən birinci Azər Həsrət yoldaş özü niyə satmır öz ömrünü? O özü razı olarmı ki, bir neçə min avroya kimsə gəlib elə onun ömrünün bir hissəsini satın alsın? Bəlkə ümumiyyətlə, “ömür hərracı” da keçirilsin Azərbaycanda, ömrünü Ilham Əliyevə bağışlamaq legitimləşdirilsin, nə də olmasa, onun pulu hamımızın ömrünü almağa çatar.
Yuxarıda yazdım, bir daha yazım: bu rejimi sudan quru çıxarmağa çalışanların niyyəti başa düşüləndir, qarşı tərəfdə pul çoxdur, adamların gözünü qamaşdırır, çoxu istəyir ki, o pullardan ona da pay düşsün. Amma belələri artıq birmənalı anlamalıdırlar ki, Azərbaycandakı bu Şər rejimini qorumağa, ona vəkillik etməyə çalışmağın qarşılığı gülünc vəziyyətə düşməkdir. Hətta öz mütaliəsinə, savadına inanan neçələri var, fikirləşirdilər ki, oxuduqları kitablar, sahib olduqları bilgilər onlara kömək edəcək, bu hakimiyyəti müdafiə edərkən o biri yandan da cəmiyyətdə ikrah doğurmayacaqlar, kənardan komik görünməyəcəklər. Olmadı.
Təcrübə göstərir ki, sən başdan ayağa çirkab içində, xirtdəyəcən korrupsiya, qanunsuzluq içində olan bir rejimi müdafiə etməyə çalışırsansa, səndə hətta Umberto Eko zəkası olsa belə, xeyri yoxdur, Mübariz Qurbanlıdan heç bir fərqin qalmır, onunla bir medalın iki üzünə çevrilirsən.  
Sonda: alana da, satana da bazar olsun!