Obamanın “böyük zəfəri”

ABŞ Ali Məhkəməsi prezidentin səhiyyə islahatları barədə müsbət qərar verdi

ABŞ Ali Məhkəməsi prezident Barak Obama administrasiyasının ən böyük və mühüm islahatlarından biri səhiyyə islahatının gələcək taleyinə aydınlıq gətirib. Üzvlərindən 4-ü Obama, 5-i də keçmiş prezident respublikaçı Corc Buş dövründə təyin edilmiş 9 hakimdən ibarət məhkəmə bir neçə aydır gözlənilən qərarını açıqlayıb və Obamanın səhiyyə islahatının ölkə Konstitutsiyasına uyğun olması haqda qərar çıxarıb.
Islahatın ən çox müzakirə olan hissəsi qanunun 2014-ci ildən etibarən bütün amerikalılara sağlamlıq sığortasını zəruri edən, sığorta olunmayanlara isə müəyyən qadağalar gətirən “fərdi zərurət” maddəsi idi. Məhkəmə məlum qərarıyla başqa maddələrlə yanaşı islahatın maddi tərəfinin təmin edilməsi üçün mühüm olan bu maddəni də təsdiqləyib.
Obamanın 2010-ci ildə qəbul olunmuş səhiyyə islahatının bəzi maddələri həmin tarixdə qüvvəyə minsə də, bəziləri isə qanunun Konstitusiyaya uyğun olub-olmamasının aydınlaşmasıdan sonra önümüzdəki illərdə etibarlı olacaq. Islahat sayəsində ölkədəki 30 milyondan çox amerikalı sağlamlıq sığortasına sahib olacaq. Bununla yanaşı, artıq sığorta şirkətləri yeni doğulmuş körpəni və ya səhhətində problem olan insanları əvvəlki sağlamlıq problemi səbəbiylə sığortalamağı rədd edə bilməyəcək.
Şirkətlər səhiyyə xərcləriylə bağlı limit qoya bilməyəcəklər və uşaqlar 26 yaşına qədər ailələrinin sağlamlıq sığortalarına daxil ediləcəklər. Məhkəmənin qərarı ilə 2016-ci ildən etibarən hər kəs, istər çalışdıqları təşkilatlar yolu ilə, istər fərdi qaydada sığorta sisteminə daxil olmaq məcburiyyətində qalacaq. Daxil olmaq istəməyənlər isə cəzalandırılacaq.
Obamanın 2008-ci il seçki kampaniyası zamanı əsas vədlərindən biri olan səhiyyə islahatı haqda layihənin Konstitutsiyaya uyğun görülməsi ABŞ prezidentinin “böyük zəfəri” adlandırılır. Bunun qarşıdan gələn prezident seçkilərində Obama üçün əlavə dividend qazandıracağı da deyilir.